Azərbaycan xalqının görkəmli şair və filosofu, insan zəkasının, istedadının və hisslərinin gözəlliyinin tərənnümçüsü İmadəddin Nəsiminin obrazını (“Nəsimi”) yaratmaqla kinoda ilk böyük işi ilə xalqın sevgisini qazanmış, Azərbaycan xalqının digər qəhrəman oğlu, görkəmli sərkərdə və siyasi xadim, qəhrəmanlıq simvoluna dönən Babək obrazı ilə (“Babək” filmi) xalqa savaşçı ruhunu aşılamış, Beyrək obrazı ilə vətənə məhəbbət, dostluq, qardaşlıq və sədaqət kimi yüksək hisslər tərənnüm etmiş, Cavid obrazı ilə (“Cavid ömrü”) Azərbaycanın böyük şairi, repressiya qurbanı Hüseyn Cavidin keşməkeşli həyatından olan parçaların mənzərəsini gözlərimiz önündə canlandırmış, Nicat obrazı ilə (“Gözlə məni”) sıravi Qırmızı Ordu döyüşçüsündən dağ rayonunun fövqəladə komissarına qədər yüksələn gənc kəndli balası Nicatın taleyini, onun bəy qızı Şahnaz xanıma olan dramatik məhəbbət hisslərini yaratmış və daha neçə-neçə obrazlara təbii rənglər qataraq onu özünəxas şəkildə oynayaraq böyük auditoriyaya təqdim etmiş Xalq artisti Rasim Balayevin dünyaya göz açdığı gündür, yaşasaydı, 78 yaşını qeyd edəcəkdi…
Aktyor doğulmuşdu, sənəti çox sevirdi və zirvədə olmaq onun alın yazısı idi… Yaratdığı qəhrəman obrazlar silsiləsi ilə “azərbaycançılıq” ideologiyasından çıxış edərək vətən, torpaq, millət sevgisini təbliğ etməklə gənc nəsilə vətənpərvərlik ruhu aşılamış, dövrün görkəmli rejissorları ilə əməkdaşlıq edərək dəyərli sənət nümunələri yaratmış Rasim Balayev üçün kino sənəti daima zirvə hesab olunurdu. Eləcə də, sənət və sənətkarlıqda bir çox keyfiyyətlərin – təcrübənin, düşüncənin müdrikliyin, təqlid etmədən öz yolunutapmanın, ən önəmlisi isə yüksək əxlaqi keyfiyyətin birləşməsini vacib amillərdən biri hesab edirdi. Türkiyə, Almaniya, Cənubi Azərbaycan, Tacikistan, Özbəkistan, Moskva, Gürcüstan və başqa kinostudiyaların istehsal etdiyi bir çox filmlərdə maraqlı rollar oynamış R.Balayev, yalnız müsbət qəhrəmanları deyil, həm də cəmiyyətdəki mənfi tipləri yaratmaqla tamaşaçı auditoriyasını düşündürməyi bacarmışdı.
Maraqlıdır, Rasim Balayev aktyor olmasaydı, başqa hansı peşəni seçərdi?
Bu suala belə cavab vermişdi: “Gənclik illərində oxuduğum əsərlərin daha çox qatı, hərfi mənası mənim üçün səthi açılırdı. İllər keçdikcə isə həmin kitabları təkrar oxuyaraq, daxilən zənginləşməyə başladım. Əminəm ki, Nəsiminin, Puşkinin, Dostoyevskinin, eləcə də digər Azərbaycan və dünya klassiklərinin əsərləri səni bütün həyatın boyu müşayiət etməlidir. Ədəbiyyatı çox sevirəm. Aktyor olmasaydım, çox güman ki, radioda şeir oxumağa gedərdim. İllər öncə BBC radiosu üçün Cek Londonun, rus və Azərbaycan klassiklərinin əsərlərini oxuyurdum və bu məşğuliyyəti çox sevirdim”. Onun yaradıcılığı sadəcə aktyorluqla məhdudlaşmadı, Azərbaycan Kinematoqrafçılar İttifaqında fəaliyyətinə davam etmişdi. İttifaqın birinci katibi olaraq həyata keçirilən onlarla layihələrdə, tədbirlərdə, kinematoqrafçılar üçün hazırlanan proqramların həyata keçirilməsində böyük rol oynamışdı.
Xalq yazıçısı, dramaturq Rüstəm İbrahimbəyovun dünyasını dəyişəndən sonra Rasim Balayevin yeganə namizəd olaraq 11 may 2022-ci il tarixində Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin keçirdiyi iclasda sədr seçilməsi də ona Allahın bir alın yazısı idi. Uzun illər Azərbaycan Kinematoqrafçılar İttifaqının birinci katibi olaraq önəmli layihələrə imza atmış sənətkarın, illər sonra sədr seçilməsi də bir təsadüf ola bilməzdi. Onun AKİ sədri olmasını sadəcə kinematoqrafçılar deyil, çoxsaylı tamaşaçılar da böyük sevgiylə dəstəkləyirdi.
R.Balayev sadəcə sənət haqqında düşünmürdü, dünyada baş verən hadisələri izləyir, haqsızlıqlara qarşı münasibət bildirir və deyirdi ki, planetimizin bəlalardan uzaq olmasını, insanların bir-birinə hörmətlə yanaşmasını istəyirəm: “Bu dünyada əbədi heç nə yoxdur. Heç birimiz əbədi yaşamayacağıq. Ölməz Rəşid Behbudovun ifasında sevə-sevə dinlədiyimiz, unudulmaz Cabir Novruzun sözlərinə yazılmış mahnıda deyildiyi kimi, tələsin insanlar, əldən tutmağa, fəqət ev yıxmaqda qalın geridə. Düşünürəm ki, dünyada haqsızlıq olmasa dünyamız çiçəklənər, həyatımız gözəlləşər. Kinematoqrafiya və digər sənət növləri insanları xoşbəxt etməyə borcludurlar. Sənət əsərləri mayak rolunu oynamalıdırlar”.
Bənzəri olmayan aktyor idi, yüksək əxlaqi keyfiyyətilə seçilirdi, xalq tərəfindən sevilirdi…Dünyaya gəldi, önəmli sənət nümunələrində yer aldı, portret obrazlara imza atdı, tarix yazdı və heç kimi incitmədən sakit halda haqq dünyasına yol aldı…
Ustadı doğulduğu gündə böyük sevgi, hörmət və ehtiramla yad edirik!
aki.az

