Avqustun 14-də Azərbaycan Kinotənqidçilər və Kinoşünaslar Gildiyasının mükafatlarının 2-ci təqdimetmə mərasimi keçirilib və qaliblər elan edilib.
Keçən il olduğu kimi, bu dəfə də seçim prosesi iki mərhələdən ibarət olub. Birinci mərhələdə on yeddi kinoyazardan ibarət heyət 2025-ci il ərzində ölkə ərazisində kinoteatrlarda və ya festivallarda nümayiş olunmuş tam və qısametrajlı bədii və sənədli filmləri peşəkar kateqoriyalarda dəyərləndirməyə çalışıblar. Heyət iki ay ərzində 16 qısametrajlı sənədli, 13 qısametrajlı bədii, 16 tammetrajlı bədii və 6 tammetrajlı sənədli film olmaqla ümumilikdə 51 filmə baxıb. Nəticə olaraq, 12 nominasiya üzrə 7 tammetrajlı bədii, 6 tammetrajlı sənədli, 6 qısametrajlı sənədli və 6 qısametrajlı bədii film seçim mərhələsinin qısa siyahılarına daxil edilib. İkinci mərhələdə isə qaliblər müzakirə yolu ilə müəyyənləşdirilib.
AKKG mükafatlarının qalibləri:
1. “İLİN ƏN YAXŞI FİLMİ” nominasiyasında – “Mənim sehrli dünyam” (rejissor Elvin Adıgözəl);.
2. “ƏN YAXŞI SSENARİ” nominasiyasında – Elvin Adıgözəl (“Mənim sehrli dünyam”) ;
3. “ƏN YAXŞI REJİSSOR” nominasiyasında – Hilal Baydarov (“Boşluğa xütbə”);
4. “ƏN YAXŞI OPERATOR” nominasiyasında – İman İmanov (“Bəlkə də”);
5. “ƏN YAXŞI RƏSSAM” nominasiyasında – Səbuhi Atababayev (“Bəlkə də”);
6. “ƏN YAXŞI BƏSTƏKAR” nominasiyasında – Kənan Rüstəmli (“Boşluğa xütbə”);
7. “ƏN YAXŞI AKTYOR” nominasiyasında – Cahangir Məlikov (“Mənim sehrli dünyam”);
8. “ƏN YAXŞI AKTRİSA” nominasiyasında – Fidan Rzayeva (“Alovun kölgələri”);
9. “ƏN YAXŞI TAMMETRAJLI SƏNƏDLİ FİLM” nominasiyasında – “Kür – çaylar anası” sənədli filmi (Rejissor Seyran Mahmudoğlu);
10. “ƏN YAXŞI QISAMETRAJLI BƏDİİ FİLM” nominasiyasında – “Dərədə” (rejissor Əbülfəz İskəndərov)
11. “ƏN YAXŞI QISAMETRAJLI SƏNƏDLİ FİLM” nominasiyasında – “Yaddaş sarayları” (Rejissor Mətləb Muxtarov)
Rejissor Elməddin Süleymanov Bakının tarixi məhəllələrindən olan Bayırşəhərin dağıdılmasından bəhs edən “Planda: Bayırşəhər” filminə görə Gildiyanın xüsusi mükafatına layiq görülüb.
Azərbaycan Kinematoqrafçılar ittifaqının dəstəyilə baş tutan tədbirdə rejissor, prodüser, AKİ-nin icraçı katibi Əli İsa Cabbarov, AKKG-nın sədri Nadir Bədəlov çıxış edərək belə tədbirlərin yerli kinematoqrafçıları stimullaşdırmasından, həm istehsalat prosesinin, həm də kino tənqidi sahəsinin canlanmasında və təkmilləşməsindəki rolundan danışıblar.
Tədbir “İlin ən yaxşı filmi” nominasiyasında qalib gəlmiş filmin nümayişi ilə başa çatıb.
Azərbaycan Kinotənqidçilər və Kinoşünaslar Gildiyası 2025-ci ildə təsis olunub. ADMİU-nun dosenti, sənətşünas, pedaqoq, AKİ katibi Nadir Bədəlovun rəhbərlik etdiyi Gildiya, ölkədə film istehsalına, audiovizual məhsulların bədii keyfiyyətinin yüksəlməsinə, həmçinin kino tənqidi və kinoşünaslıq sahəsinin inkişafına dəstək vermək, gənclərin bu sahəyə marağını artırmaq məqsədilə yaradılıb.
aki.az

