Azərbaycan Kinematoqrafçılar İttifaqı “Arxa cəbhənin insanları” adlı qısametrajlı bədii film ssenari müsabiqəsini elan edir. AKİ, artıq bir neçə ildir ki, davamlı olaraq ssenari müsabiqələri təşkil edir və bunu, kinomuzu inkişaf etdirən, müəlliflər arasında rəqabəti artıran və ssenari yaradıcılığına marağı stimullaşdıran mühüm mexanizm sayır.
“Arxa cəbhənin insanları” qısametrajlı bədii film ssenari müsabiqəsi müharibənin yalnız döyüş meydanında deyil, cəbhədən uzaqda insanların həyatında yaratdığı dəyişiklikləri, faciələri və insan talelərini kino dili ilə çatdırmaq məqsədi daşıyır. Müsabiqə müəllifləri böyük tarixi hadisələr fonunda çox vaxt görünməyən fərdi insan hekayələrini üzə çıxarmağa, müharibənin arxa cəbhədə yaratdığı emosional və mənəvi reallığı fərqli və güclü kino dili ilə ifadə etməyə təşviq edir.
Mövzuya müxtəlif rakurslardan yanaşmaq mümkündür: əsgər yolu gözləyən ailə, yaralılara yardım edən həkim, müharibədə iştirak edən müəllim, könüllü, jurnalist, öz gündəlik həyatını davam etdirməyə çalışan insan və müharibənin görünməyən təsirlərini yaşayan hər hansı bir qəhrəman hekayənin mərkəzində dayana bilər. Bir sözlə, müsabiqəyə müharibə dövründə arxa cəbhədə yaşayan insanların həyatını, onların üzləşdiyi mənəvi və sosial sınaqları, itkiləri, həmrəyliyi və gündəlik mübarizəsini əks etdirən orijinal qısametrajlı bədii film ssenariləri qəbul olunur.
AKİ-nin bu müsabiqəni təşkil etməkdə məqsədi yeni və təsirli hekayələrin üzə çıxarılması, ssenari müəlliflərinin yaradıcılığının dəstəklənməsi və gələcəkdə ekranlaşdırıla biləcək qısametrajlı bədii film layihələrinin inkişafına şərait yaradılmasıdır.
Azərbaycan Kinematoqrafçılar İttifaqı ssenari müsabiqəsinin şərtlərini təqdim edir:
– təqdim olunan ssenarilərdə hadisələr 2020-ci il Vətən müharibəsi dövrünü əhatə etməli və arxa cəbhədə baş verən hadisələri əks etdirməlidir.
– ssenarilərin janr məhdudiyyəti yoxdur.
– müsabiqəyə göndərilən ssenarilər maksimum 52 səhifə olmalıdır.
– ssenarinin titul vərəqində ssenarinin adı, müəllifin adı və soyadı, sağ aşağı küncdə elektron ünvanı, əlaqə üçün telefon nömrəsi qeyd olunmalıdır.
– ssenarilər ancaq qısametrajlı bədii film formatında olmalıdır (animasiya, sənədli film, tammetrajlı film ssenariləri qəbul olunmur).
– qəbul müddəti keçdikdən sonra ssenarilər qəbul olunmur.
– müsabiqəyə təqdim olunan ssenarinin hüquqları müəllifə məxsus olmalı, orijinal və ekranlaşdırılmamış olmalıdır.
– əvvəlki müsabiqələrdə qalib olan qısametrajlı ssenarilər müsabiqəyə qəbul olunmur.
– müsabiqədə iştirak üçün aşağıdakı sənədlər elektron formada [email protected] poçt ünvanına “Arxa cəbhənin insanları” başlığı ilə, çap olunmuş nüsxələrini (2 nüsxə) Azərbaycan Kinematoqrafçılar İttifaqının ofisinə (Bülbül prospekti 30) təqdim edilməlidir.
–qısametrajlı bədii filmin ssenarisi, (ssenari formatında, şrift: Courier New, ölçü: 12)
sinopsis (maksimum 1 vərəq yarım)
müəllif haqqında məlumat (filmoqrafiya (əgər varsa), təvəllüd, iş yeri, təhsil haqqında məlumat)
– Bir müəllif maksimum iki ədəbi ssenari təqdim edə bilər.
Ssenarilər 10 oktyabr 2026-ci il tarixindən 1 aprel 2027-ci ilə qədər Azərbaycan Kinematoqrafçılar İttifaqına həm elektron, həm də çap formasında təqdim edilməlidir.
Finalçılar 15 iyul, qaliblər isə 2 avqust 2027-ci il tarixində elan olunacaq.
Qaliblər (I, II, III yerlər, pul mükafatı 2000 AZN, 1500 AZN, 1000 AZN) diplom və pul mükafatı ilə təltif ediləcəklər.
Əlavə məlumat üçün İttifaqla (+994 12) 493 65 86 telefon nömrəsi və [email protected] elektron poçt ünvanı vasitəsilə əlaqə saxlaya bilərsiniz.

