Azərbaycan Kinematoqrafçılar İttifaqının, Fransa Respublikasının, İsveçrə Konfederasiyasının və Belçika Krallığının Azərbaycandakı səfirliklərinin təşkilatçılığı ilə Bakıda Frankofon Filmlər Festivalı keçiriləcək. Festivalın əsas məqsədi frankofon ölkələrin zəngin kino irsini Azərbaycan tamaşaçılarına tanıtmaq, müxtəlif mədəniyyətlər arası dialoqu təşviq etmək və dünya kinosunun diqqətəlayiq nümunələrini geniş auditoriyaya təqdim etməkdir.
Festival proqramına Fransa, Belçika və İsveçrə kinematoqrafiyasını təmsil edən dörd film daxildir.
Noyabrın 17-i, festivalın ilk açılış günü “Qardaşlar orkestri” (En fanfare / The Marching Band, 2024) fransız rejissor Emmanuel Kurkolun musiqili dram-komediyası nümayiş olunacaq. Film dünya şöhrətli orkestr dirijorunun indiyədək varlığından xəbərsiz olduğu qardaşını tapmasından bəhs edir. Məktəb yeməkxanasında çalışan və yerli nəfəs alətləri orkestrində trombon ifa edən qardaşı ilə tamamilə fərqli sosial mühitlərdə böyüyən dirijor arasında gözlənilməz yaxınlıq yaranır. Uşaqlıqda ayrı düşmüş iki qardaşın bir-birini tanımaq, anlamaq və qəbul etmək cəhdləri fonunda film ailə bağları, sosial bərabərsizlik və musiqinin insanları birləşdirən gücü haqqında təsirli hekayə təqdim edir.
Noyabrın 24-ü isveçrəli rejissor Siril Şoyblinin “Unrest” (Unrueh, 2022) tarixi dramı nümayiş olunacaq. XIX əsrin sonlarında İsveçrənin kiçik bir saat istehsalı şəhərində yeni texnologiyalar həyatı dəyişdirir. Gənc fabrik işçisi Josephine saatların mexaniki ürəyi olan «Unrueh» adlı mexanizmini istehsal edir. Pulun, zamanın və əməyin təşkilinin yeni formaları ilə üzləşən Josephine yerli anarxist saat ustaları hərəkatında fəal iştirak etməyə başlayır. Orada o, rusiyalı səyyah və kartoqraf Pyotr Kropotkinlə tanış olur.
Dekabrın 1-i belçikalı rejissorlar Jan-Pyer və Lük Darden qardaşlarının“Velosipedli uşaq” (Le Gamin au vélo, 2011) filmi nümayiş olunacaq. Film atasının sevgisini və qayğısını axtaran azyaşlı oğlanın hekayəsi vasitəsilə ailə münasibətləri, sosial məsuliyyət və insan həmrəyliyi mövzularına toxunur.
Dekabrın 8-i fransız rejissor Klod Şabrolun ilk tammetrajlı bədii filmiolan “Yaraşıqlı Serj” (Le Beau Serge, 1958) filmi nümayiş olunacaq. Fransız Yeni Dalğasının formalaşmasında mühüm yer tutan ekran əsəri dostluq, mənəvi məsuliyyət və insan münasibətlərindəki ziddiyyətlərdən bəhs edir.
Festivalın proqramı həm klassik, həm də müasir Avropa kinosunun müxtəlif bədii yanaşmalarını bir araya gətirir. Seçilmiş filmlər vasitəsilə tamaşaçılar fərqli dövrlərin, cəmiyyətlərin və insan talelərinin kino dilində ifadəsi ilə tanış olmaq imkanı qazanacaqlar.
Filmlər hər həftənin ikinci günü saat 19:00-da “CineMastercard Azərbaycan” kinoteatrında nümayiş olunacaq.
Azərbaycan Kinematoqrafçılar İttifaqı beynəlxalq mədəni əməkdaşlığın genişləndirilməsini və dünya kinosunun dəyərli nümunələrinin yerli auditoriyaya çatdırılmasını fəaliyyətinin mühüm istiqamətlərindən biri hesab edir. Frankofon Filmlər Festivalı da bu istiqamətdə həyata keçirilən təşəbbüslərin davamıdır.

