Oktyabrın 29-da Azərbaycan Dövlət Film Fondunda AKİ üzvü, Əməkdar incəsənət xadimi, professor, rejissor Oqtay Babazadənin 85 illik yubileyi münasibətilə tarix elmləri namizədi, professor Nigar Axundovanın “Sənədli filmlər ustası” kitabının təqdimat mərasimi keçirildi.




Azərbaycan Dövlət Film Fondu və Azərbaycan Kinematoqrafçılar İttifaqının birgə təşkilatçılığı ilə keçirilən təqdimat mərasimini giriş sözü ilə çıxış edən Dövlət Film Fondunun direktoru, AKİ-nin İdarə Heyətinin üzvü, Əməkdar incəsənət xadimi Cəmil Quliyev yubilyarın həyat və yaradıcılığı haqqında geniş məlumat verdi. Qeyd etdi ki, Oqtay Babazadə ömrünün 65 ildən artığını televiziyaya həsr edib. Xalq yazıçısı, Dövlət mükafatı laureatı Elmira Axundova Azərbaycan Televiziyasında Oqtay Babazadə ilə birgə əməkdaşlığından bəhs etdi, yubilyara təbriklərini çatdırdı. Sonda rejissor Oqtay Babazadənin 2010-cu ildə çəkdiyi “Toğrul” sənədli filmi nümayiş etdirildi.

