Noyabrın 11-də Azərbaycan Kinematoqrafçılar İttifaqının zalında “Sisyphe” kinoklubunun üzvləri italyan rejissoru Gillo Pontekorvonun “Əlcəzair uğrunda döyüş” bədii filmini müzakirə etdi.
Qeyd edək ki, Əlcəzair xalqının 1954–1957-ci illərdə Fransa müstəmləkəçiliyinə qarşı müstəqillik uğrunda apardığı mübarizədən bəhs edən film ağ-qara formatda çəkilib. Bu çəkiliş prinsipi sanki eyni zamanda tamaşaçıya tarixdə ağın və qaranın, yəni yaxşıların və pislərin mövcud olduğu barədə aydın cavab verir. Lakin digər tərəfdən, boz rəngin də mövcudluğu bu aydın cavabı bir qədər sual altında qoyur. Süjetlə bağlı müzakirənin əsas mövzularından biri müəllifin heç bir tərəfi açıq şəkildə dəstəkləməməsi oldu: ekran əsəri Milli Azadlıq Cəbhəsini ideallaşdırmır, eyni zamanda fransız müstəmləkəçiliyinin qəddarlığını da yumşaltmır. Rejissor xalqın iradəsinin müstəmləkəçilik üsulları ilə boğulmasının doğurduğu dərin nəticələri təsvir edir.

Kifayət qədər keçən qızğın müzakirə zamanı hər bir tamaşaçı yalnız ekran əsəri haqqında öz fikrini bildirmir, eyni zamanda dünyada baş verən müharibələr barədə də düşüncələrini bölüşürdü. Tədbirdə iştirak edən əlcəzair əsilli gənc qız da söhbəti maraqlı məlumatlarla zənginləşdirdi.
Ən çox müzakirə olunan məqamlardan biri Əli La Puantın bir neçə müqavimət iştirakçısı və günahsız insanlarla birlikdə divarın arxasına hörülərək saxlanıldığı, yerləşdikləri binanın isə partladılmasının planlaşdırıldığı səhnə oldu. Səhnənin tamaşaçılara təsir etməsinin səbəblərindən biri, partlayışdan hələ əvvəl Əlcəzair xalqının küçələrdə və evlərin damlarında dayanaraq dua etdiyi epizod oldu. Səhnə özlüyündə əsl dəfn mərasimi funksiyasını yerinə yetirirdi.
Sözügedən səhnənin müzakirəsi zamanı tamaşaçılar Mario Varqas Lyosanın “Dünyanın sonu müharibəsi” kitabından danışdılar. Bu, perulu yazıçının Braziliyanın şimal-şərqində baş vermiş Kanudos müharibəsindəki (1896–1897) real hadisələr əsasında yazdığı tarixi romandır. Bəzi iştirakçılar romandakı kəndli üsyanını, Kanudos dini icması ilə gənc Braziliya Respublikasının hökumət qoşunları arasındakı münaqişəni “Əlcəzair uğrunda döyüş” filmində baş verən hadisələrlə müqayisə etdilər.

Filmin maraqlı səhnələrindən biri hadisələrdən az sonra insanların əllərində mələfələrdən və parça qalıqlarından hazırlanmış bayraqlarla yenidən küçərlərə çıxmasıydı. Həmin epizodun müzakirəsi zamanı bu parçalar, nə qədər ironik səslənsə də, fransız yazıçısı Viktor Hüqonun “Səfillər” romanında barrikadalarda insanları müdafiə edən qocanın maykası ilə müqayisə olundu. Romanın həmin hissəsində qoca həlak olur və onun ağ maykası qana bulanır. Barrikadalardakı insanlar bayraqlarını itirdikləri üçün qocanın qanlı maykasını bayraq əvəzinə qaldırırlar.
Sonda mütləq şəkildə Pol Tomas Andersonun bu yaxınlarda ekranlara çıxmış “Döyüş ardınca döyüş” filminə də toxunuldu. Qeyd edək ki, Anderson çəkilişlər zamanı “Əlcəzair uğrunda döyüş” filmindən ilhamlanıb. Hətta filmdə baş qəhrəmanın “Əlcəzair uğrunda döyüş”ə baxdığı səhnə də var. Hərçənd, Andersonun ekran işində obrazlar karikatura kimi qarşımıza çıxır. Bununla belə, hər iki film radikal müqaviməti, inqilabın bədəlini və gizli müqavimət hərəkatlarının dövlət ilə qarşıdurmasını araşdırır.
Qeyd edək ki, kino müzakirələri Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkilati dəstəyi ilə keçirilir. Görüşlərin kuratoru isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin ssenari ixtisası üzrə 4-cü kurs tələbəsi Məryəm Yüzbaşevadır.

