Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayevin Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantları ilə görüşü keçirilib.

Azərbaycan Respublikasının siyasi və dövlət xadimi, Ümummilli lider Heydər Əliyevin və vətən uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlanan tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni canlı ifa olunub.

Daha sonra, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi, vətən müharibəsi qəhrəmanı polkovnik Anar Mirzəyev çıxış edərək görüşün əhəmiyyətindən danışıb, Rasim Balayevin Azərbaycan mədəniyyətində və gənclərin vətənpərvər ruhda formalaşmasında oynadığı mühüm rolu vurğulayıb.

AKİ sədri kursantlar və zabit-müəllim heyəti ilə səmimi və maraqlı söhbət aparıb. O, Azərbaycan kinosu, milli obrazlar, qəhrəmanlığı və vətənpərvərliyi təbliğ edən filmlərin əhəmiyyətindən danışıb, auditoriyanın istəyilə böyük Azərbaycan mütəfəkkiri İmadəddin Nəsiminin “Neylərəm” qəzəlini səsləndirib. Görüşdə Xalq artistinin həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş etdirilib.
Tədbirin sonunda Rasim Balayevə gül dəstəsi və liseyin xatirə plakatı təqdim olunub. Sonda iştirakçılarla xatirə şəkli çəkdirilib.