Azərbaycan Kinematoqrafçılar İttifaqının dəstəyilə “Azərbaycan kinooperatorları” kitabı çapdan çıxıb.
Əməkdar incəsənət xadimi Rafael Qəmbərovun yazdığı “Azərbaycan kinooperatorları” kitabında kinooperatorların dünyanı necə fəth etməsi, peşə zövqünün çalarları, rejissor işi, operator işi, yazıçı təxəyyülü və hər üçünün birgə əməkdaşlığından, eləcə də Əlisəttar Atakişiyev, Teyyub Axundov, Xan Babayev və digər kinooperatorların dəst-xətindən bəhs olunub.
Dərs vəsaiti üçün nəzərdə tutulmuş kitabın çap olunmasının əsas məqsədi, ustad kinematoqrafçıların kinoda qazanıb miras qoyduqları təcrübədən yararlanmaq və eyni zamanda görkəmli kinooepartorların, rejissorların, rəssamların, aktyorların və bəstəkarların özünəməxsus kino dəst-xətini öyrənməkdən ibarətdir. Kitabda ümumi məlumatlarla yanaşı, kino təsvirinin tədqiqatına da geniş yer ayrılıb.
Qeyd edək ki, “Azərbaycan kinooperatorları” monoqrafiyası 16 bədii, 30-dan çox sənədli filmlər çəkmiş, SSRİ Dövlət mükafatı laureatı, kinooperator Rafael Qəmbərov tərəfindən, eləcə də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin operator fakultəsinin IV kurs tələbələri tərəfindən tərtib olunub.
Kitabın müəllifi və tərtib edəni Rafael Qəmbərov, redaktoru Əməkdar incəsənət xadimi, tənqidçi İntiqam Qasımzadə, rəyçilər – Əməkdar incəsənət xadimi, rejissor Hüseyn Mehdiyev, Əməkdar incəsənət xadimi, operator Rafiq Quliyevdir. Kitabda peşəkar mütəxəssislərlə yanaşı, gənc kinematoqrafçılar – Məmməd Əmin Əlizadə, Sadıq Əliverdibəyli, Babək Abbaszadə, Samir Əliyev, İsmayıl Cəfərov və Adil Məmmədovun da məqalələri yer alıb.
Kitab Azərbaycanın görkəmli kinematoqrafçılarının xatirəsinə həsr olunub.
aki.az