Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, Azərbaycan Kaskadyorlar Assosiasiyasının sədri, Rusiya Kaskadyorlar Assosiasiyasının üzvü, Əməkdar mədəniyyət işçisi Əli Məmmədovun 60 illik yubileyidir.
Bununla əlaqədar olaraq, AKİ sədri, Xalq artisti Rasim Balayev, ittifaqın İdarə Heyəti adından yubilyara diplom təqdim edib.
Azərbaycan Kaskadyorlar Assosiasiyasının sədri,
Əməkdar mədəniyyət işçisi Əli Məmmədova
Hörmətli Əli Məmmədov!
Sizi- kaskadyorluq sənətinin nüfuzlu nümayəndəsini 60 illik yubileyiniz münasibətilə Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyəti adından səmimi – qəlbdən təbrik edirik!
Azərbaycan Kaskadyorlar Assosiasiyasının sədri kimi fəaliyyətiniz, kaskadyor kimi döyüş və at üstündə göstərdiyiniz tryuklar, çəkilişində iştirak etdiyiniz – “Fəryad”, “Şahid qız”, “Ürəyin yaddaşı”, “Girişmə, öldürər!”, “Əlavə təsir”, “Dolu” filmlərində ,eləcə də digər kinostudiyaların istehsalı olan “Dağıdılmış körpülər”(ABŞ), “Dronqo”(Rusiya), “Qraf Krestofski”(Rusiya), “Dənizçi” (Rusiya), “Silah” (Rusiya) və s. filmlərdə çalışmağınız yüksək peşəkarlığınızdan xəbər verir.
Başqa ölkələrdə öyrəndiyiniz təcrübəni milli kinomuzda uğurla həyata keçirməyiniz, bu sahədə onlarla tələbə yetişdirməyiniz onu göstərir ki, kaskadyorluq sənətinin dərinliklərinə baş vurmaqdan, sirrlərinə hakim olmaqdan yorulmursunuz. Sizin bu bacarığınız çəkildiyiniz filmlərin dinamikasına və baxımlılığına öz müsbət təsirini göstərir.
Fəaliyyətinizin dövlət tərəfindən “Əməkdar mədəniyyət işçisi” fəxri adı ilə yüksək qiymətləndirilməsi bir daha sübut edir ki, Siz mahir kaskadyor kimi tryuk səhnələrinin filmlərdə qurulmasında böyük ustalıq nümayiş etdirirsiniz.
Sizi bir daha təbrik edir, cansağlığı və yaradıcılıq uğurları arzulayırıq!
Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev
aki.az