Fevralın 25-də “Azərbaycan” CinemaPlus-da müəllif kinosunun yaradıcılarından biri, italyan rejissoru Mikelancelo Antonioninin “Fotoböyütmə” bədii filmi nümayiş olundu. Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə keçirilən tədbiri kinotənqidçi, moderator Sevda Sultanova açdı.
Moderator, öncə rejissorun yaradıcılığı haqda kiçik məlumat verdi. O bildirdi ki, rejissor “Antonioni Antonioni haqda” kitabında neorealizm estetikasının ilk əlamətlərini özünün 1943-cü ildə çəkdiyi qısametrajlı “Po çayının adamları” sənədli filmində əks etdirdiyini deyir:
“Bu film internet resurslarında var, maraqlananlar tapıb baxa bilər. Bununla belə, İkinci Dünya müharibəsindən sonra bu estetikadan imtina edən ilk müəlliflərdən biri məhz Antonioni olub. 1952-ci ildə Vittorio De Sika “Umberto D” adlı neorealist üslubunda film çəkir. Bu film İtaliyanın Mədəniyyət Nazirliyi və həmçinin, kinotənqidçiləri tərəfindən kəskin tənqid edildi. Onların fikrincə, insanların maddi sosial problemlərini kəskin şəkildə göstərən bu cür filmlər çox qaramatdır, pessimistdir, vəziyyətdən çıxış yolunu göstərmir və ölkəni dünyada rəzil edir. Güman ki, Antonioni onlarla razılaşırdı və 1950-ci illərdə verdiyi müsahibədə deyirdi:
“İndi rejissorlar “oğurlanmış velosipeddən” irəli getməli, yəni qəhrəmanın daxil dünyasına, ürəyinə, beyninə nəzər salmalıdırlar; onlar nə düşünür, hansı hissləri keçirir, yaşanmış müharibə təcrübəsi onlara necə təsir göstərdi, postmüharibə dövründə insanlarda nə baş verdi”. 1960-cı illərdə Fellini, Antonioni insanın daxili vəziyyətini göstərən filmlər çəkdilər və bununla da kinoya yeni münasibət gətirdilər”.
Daha sonra moderator, “Fotoböyütmə” filmi haqda məlumat verdi: “Antonioninin əsas toxunduğu motivlər, fərdin yadlaşma, ünsiyyət problemi, mənəvi böhranı, nəhəng urbanizasiyada təkliyidir. 1966-cı ildə Londonda çəkilən “Fotoböyütmə” filmi isə hər zaman üçün aktuallığını itirməyən sənət əsəridir. Müəllif “hər görünən gerçəkdirmi, faktların arxasında bilmədiyimiz hansı həqiqətlər gizlənir, reallıqla illüziyanın sərhədləri harada itir” kimi vacib suallar qoyur. Hazırkı dövrdə, sonsuz xəbər axınında bir-birinə zidd həqiqətlərin ortaya çıxması bu filmin böyüklüyünü təsdiqləyir”.
Qeyd edək ki, film Xulio Kortasarın “Şeytanın tüpürcəyi” əsərinin motivlərinə əsaslanır. Kortasar isə bu əsəri Hiçkokun “Küçəyə açılan pəncərə” filmindən ilhamlanaraq yazıb. Filmin ssenaristləri M.Antonioni, Tonino Querra, operatoru Karlo di Palmadır. Baş rolları Devid Xemminqs, Vanessa Redqreyv ifa edirlər.
Film orijinal dildə, azərbaycanca altyazılarla nümayiş olundu.
aki.az