22-24 may tarixlərində Mingəçevir şəhərində Azərbaycan Kinematoqrafçılar İttifaqının “Bölgələrdə kino günləri” layihəsi çərçivəsində “Mingəçevirdə kino günləri” adlı film nümayişləri həyata keçirilib.
Üç gün ərzində şəhərin Heydər Əliyev Mərkəzində, Üzeyir Hacıbəyov adına 11 illik Musiqi məktəbində, Mingəçevir Dövlət Dram Teatrı və Mingəçevir Şəhər Xalq Yaradıcılıq Klubunda baş tutan “Mİngəçevir Kino Günləri”ndə yerli sakinlərə Qulu Əsgərovun “Mən burdayam, ilahi!”, Aydın Arslanın “Aktyor”, Əli-Səttar Quliyevin “Olimpia” tammetrajlı bədii filmləri, Emin Əfəndiyevin “Tənha insanın monoloqu”, Ruslan Ağazadənin “Balaca”, Orxan Ağazadənin “Oturacaqlar”, Qulu Əsgərovun “Hasar” qısametrajlı bədii və Pərviz Həsənovun “Uşaqlıq fotosu” sənədli filmləri təqdim olunub. Ənənəyə uyğun olaraq nümayişlərdən sonra filmlər tamaşaçılar tərəfindən müzakirə edilib, “Uşaqlıq fotosu” filminin rejissoru Pərviz Həsənov, “Aktyor” filmində baş rolun ifaçısı Səmimi Fərhad tamaşaçıların suallarını cavablandırıblar.
“Mingəçevir Kino Günlərində” Ü.Hacıbəyov adına 11 İllik musiqi məktəbinin direktoru Vüsal Məmmədov, Respublikanın Xalq artistləri, prezidentin fərdi təqaüdçüləri, qocaman aktyorlarımız Valeh Kərimov və Ella Axundova, Prezident mükafatçısı, aktyor İbrahim Türksoy, “Tərəqqi” medalı laureatı, aktrisa Afət Əliyeva çıxış edərək mingəçevirliləri bölgələrdə əlçatmaz olan yeni filmlərlə tanış edən AKİ-yə, ittifaqın sədri Rasim Balayevə maraqlı tədbir üçün təşəkkürlərini bildiriblər.
aki.az