Aprelin 22-də “Azərbaycan” “CinemaPlus”da Azərbaycan Kinematoqrafçılar İttifaqının, Fransız İnstitutunun və Fransanın Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə “Fransa kinosu günləri”nin ikinci nümayişi baş tutdu.
Tamaşaçılara 2024-cü ilin itehsalı olan, Aleksand Dümanın eyniadlı povesti əsasında ekranlaşdırılmış “Qraf Monte-Kristo” (Rejissor: Aleksandr de La Patelye, Matyö Delaport) bədii filmi təqdim olundu.
Xronometrajı üç saat davam edən filmə rekord sayda tamaşaçı axını müşahidə olunub. Nümayişdə iştirak edən Fransız İnstitutunun direktoru Şarl Dönye tədbirin təşkilindən razılığını bildirib və Azərbaycan Kinematoqrafçılar İttifaqına minnətdarlığını bildirib:
“Fransız İnstitutu olaraq, biz çox qürur və sevinc hissi duyuruq. Bu axşam azərbaycanlı tamaşaçılara “Fransa kinosu günləri” layihəsinin ikinci filmini təqdim edirik. Azərbaycan Kinematoqrafçılar İttifaqına bu proqramın təşkilində bizə köməkçi olduğuna görə dərin minnətdarlığımızı bildiririk. Ötən həftə nümayiş etdirdiyimiz “Pişiklər” bədii filmi, Fransa, Avropa və ümumiyyətlə dünya kinosunun nəhəng aktyoru Alen Delona ithaf edilmişdi. Tamaşaçılar bu filmi böyük maraq və rəğbətlə qarşıladılar. Bu gün təqdim edəcəyimiz film isə ötən il beynəlxalq Kann festivalında premyerasını etmişdi. Bu film janr etibarilə həm kriminal, həm də melodramdır. Əminəm ki, tamaşaçılar bu filmi bəyənəcəklər”.
Tədbirin moderatoru, kinotənqidçi Sevda Sultanovanın tamaşaçılara bildirdi ki, proqram çərçivəsində irəlidə daha iki klassik – “Əlvida, uşaqlar” (1987) və “Simasız gözlər” (1959) bədii filmləri tamaşaçılara təqdim olunacaq.
aki.az