Türk mədəniyyətini dünyanın ən qədim və ən geniş yayılmış mədəni irslərindən biri olaraq gələcək nəsillərə ötürülməsi və bu irsin qorunub saxlanılması məqsədilə “Məzlumlara azadlıq” devizi ilə keçirilən IX Türk Dünyası Sənədli Film Festivalına türk dövlətlərindən 300 müraciət daxil olub.
Artıq 9-cu dəfədir ki, keçirilən festivala Türkiyə, Qazaxıstan, Qırğızıstan, Azərbaycan, Özbəkistan, Türkmənistan, Şimali Kipr Türk Respublikası, Macarıstan və Şimali Makedoniyadan müraciətlər gəlib.
Sənədli filmlər üçün 300 müraciət arasından seçilən 147 əsər qiymətləndirilmək üçün münsiflər heyətinə göndərilib. On film müxtəlif nominasiyalar üzrə mükafat alacaq. Ankarada TÜRKSOY Baş Katibliyində açılacaq festivalın münsiflər heyətinin iclası sentyabrın 14-də onlayn keçirilib.
On filmin müxtəlif nominasiyalarda mükafat qazanacağı festivalda “Bədii-sənədli film”, “Qısametrajlı sənədli film” və “Tələbə sənədli filmi” kateqoriyalarının qalibləri türkiyəli sənədli film rejissorları və akademiklərdən ibarət ilkin münsiflər heyəti tərəfindən müəyyən edilib.
Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qərbi Azərbaycan: maddi və mədəni irsimiz” adlı layihə çərçivəsində çəkilən “Sarı gəlinin sorağında” sənədli filmi IX Türk Dünyası Sənədli Film Festivalında tammetrajlı sənədli filmlər kateqoriyasında final mərhələsində iştirak üçün seçilmiş filmlər sırasında yer alıb.
Azərbaycan Kinematoqrafçılar İttifaqı tərəfindən 2023-cü ildə çəkilmiş tammetrajlı sənədli filmin süjet xətti “Sarı gəlin” xalq mahnısının mənşəyi, onun yaranma tarixçəsinin aydınlaşdırılması yönündə araşdırmalar, bu barədə xalq arasında yaranmış rəvayətlərin, əfsanələrin üzərində qurulsa da, əsas məqsəd, Qərbi Azərbaycan ərazisindəki maddi-mədəni irsimizin təbliğidir. Filmdə Hikmət Babaoğlunun “Akdamardan Sarı gəlinədək” əsəri əsasında qurulmuş bədii səhnələrdə Qıpçaq qızının (Sarı gəlin) obrazını Aytac Zeynalova, Oğuz igidi (Sinan) obrazını isə İsmayıl Cəfərov canlandırıb.
Çəkilişləri Bakıda, İsmayıllıda, Gədəbəy və Kəlbəcərdə aparılan filmin ssenari müəllifi Füzuli Sabiroğlu, quruluşçu rejissoru Mübariz Nağıyev, quruluşçu operatoru Fahir Səmədoğlu, prodüsseri Əli İsa Cabbarovdur. Layihənin rəhbəri Azərbaycan Kinomatoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayevdir.
Xatırladaq ki, “Türkiyə mədəniyyəti və Türkiyənin dünyaya baxışı” mövzusunda keçirilən festival Türk Dünyası Jurnalistlər Federasiyasının rəhbərliyi və Mədəniyyət və Turizm Nazirliyi, TÜRKSOY Baş Kino İdarəsi və Türk Dünyası Bələdiyyələr Birliyi, TİKA, YTB, həmçinin universitetlər, peşə, qeyri-hökumət və media qurumlarının layihə tərəfdaşlığı, eyni zamanda Azərbaycan Mətbuat Şurası, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə birgə layihə çərçivəsində baş tutub. Festivalın mükafatlandırma mərasimi 2024-cü ilin 11 oktyabrında baş tutacaq.
aki.az