Mayın 6-da “Azərbaycan” “CineMastercard”da Azərbaycan Kinematoqrafçılar İttifaqının, Fransız İnstitutunun və Fransanın Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə “Fransa kinosu günləri”nin sonuncu nümayişi baş tutdu. Tamaşaçılara Jorj Franjünun “Simasız gözlər” bədii filmi təqdim edildi.
Tədbiri giriş sözü ilə açan moderator, kinotənqdiçi Sevda Sultanova Fransa kinosu günlərinə görə təşkilatçılara təşəkkürünü bildirdi. O, səhnəyə Azərbaycan Fransız İnstitutunun direktoru Şarl Dönyeni və AKİ-nin İdarə Heyətinin üzvü Oleq Səfərəliyevi dəvət elədi. Şarl Dönye öncə tamaşaçıları salamladı və gəldiklərinə görə təşəkkür etdi:

“Biz bu müddətdə fərqli janrlarda olan fransız filmlərini təqdim etdik. Triller, dram, macəra janrında olan filmləri qeyd etmək istərdim. Bu gün təqdim edəcəyimiz filmin janrı digərlərindən fərqlənir. Və bu filmin janrı Fransada az istifadə edilir, bu, qorxu və fantastik janrlarının birləşməsindən ibarət olan filmdir. Bu filmi hər hansı kateqoriyaya aid etmək çətindir. Çünki filmin rejissoru Jorj Franjü öz kino dünyasını yaratmış orijinal rejissor idi. Burada realizm, sürrealizm, fantastik və poetik janrlardan da istifadə olunub. Və ümid edirəm ki, hər birinizin xoşuna gələcək. Bir daha sizə fransız kinosuna olan diqqətinizə görə təşəkkür edirəm. Və xüsusi olaraq da, Azərbaycan Kinematoqrafçılar İttifaqına, onların əməkdaşlarına, peşəkarlıqları və bədii duyum sərgilədiklərinə görə təşəkkür edirəm. Xüsusən də Sevda Sultanovaya, Ülviyyə Əhmədovaya və Oleq Səfərəliyevə təşəkkür edirəm. Sizin dəstəyiniz olmadan bu filmlərin nümayişi mümkün olmazdı”.
Daha sonra AKİ-nin iki xanım əməkdaşına Fransa səfirliyi tərəfindən gül dəstələri təqdim olundu.


AKİ – nin katibi Oleq Səfərəliyev AKİ adından Fransa Səfirliyinə və Fransız İnstitutuna minnətdarlığını bildirdi: “Ümidvaram ki, bu görüşlərimiz davam edəcək. Çünki Fransa kinematoqrafında möhtəşəm filmlər, möhtəşəm rejissorlar, dünya kinematoqrafiyasının klassikasının siyahısında olan filmlər çoxdur. Biz yeni görüşləri arzu edirik”.

Moderator, Jorj Franjünun dünyanın ən nəhəng film arxivi olan Fransa Sinematekasının əsasını qoyanlardan birinin olduğunu dedi: “O, sinematekanın əsasını 1935-ci ildə Anri Lanqlua ilə birlikdə qoyub. Bu, həmin Lanqluadır ki, 1968-ci ildə onun Sinematekanın rəhbəri vəzifəsindən çıxarılması ölkədə və ondan kənarda etirazlara səbəb oldu. Franjü kinoya gələnə kimi müxtəlif peşələrdə işləyib. Rejissor kimi fəaliyyətinə sənədli kinodan başlayıb və sonradan bədii filmlər çəkib. Daha sonra müxtəlif kino qururmlarında rəhbər vəzifələrədə çalışıb. “Simasız gözlər” onun ən məşhur filmidir və bir çox rejissor bu filmdən təsirlənib”.
Filmin nümayişindən sonrakı müzakirə zamanı moderator bildirdi ki, film Amerikada göstəriləndə, bəzi səhnələr kəsilib:
“Üz dərisinin kəsilməsi senzuraya məruz qalıb. Bundan başqa, qatil cərrahın uşağa mərhəmətli davranması səhnəsi də kəsilib. Yəqin, senzorlar sosrealizm baxışından çıxış edərək, düşünüblər ki, mənfi qəhrəman müsbət tərəfdən göstərilməməlidir. Ümumiyyətlə isə film birmənalı qarşılanmayıb. Bəzi kinotənqdiçilər, Franjünu horror kimi ikinci dərəcəli janra müraciət etməsinə görə tənqid edib. Rejissor cavabında deyib ki: “Mən bu janra onun nüfuzunu qaldırmaq üçün müraciət etmişəm. Əsərin müəllifi ssenarist, jurnalist Jan Redondur. Bu, onun yeganə məşhur romanıdır. Romanın nəşrindən sonra prodüser Jül Borkon əsəri ekranlaşdırmaq üçün müəlliflik hüquqlarını alıb. Və rejissorluğu Franjüya təklif edib. Filmin senzuradan keçməsi üçün qanlı səhnələri, heyvanlara işgəncə səhnələrini ehtiyatla çəkməyi xahiş edib. Ona görə ssenari üzərində məşhur ssenaristlər Pyer Bualo və Tomas Narsejak da işləyiblər. Ssenaristlər əsas aksenti ata ilə qızın münasibətinə, qəhrəmanlardan biri Kristiananın hisslərinə ediblər. Bayaq müsyö Şarl Dönye də qeyd etdi. Fransada, ümumiyyətlə, Avropada horror janrına çox maraq olmayıb. Baxmayaraq ki, əslində bu janr Avropada yaranıb, bu janrda ilk filmlərdən birini Melyes çəkib. Alman ekspressionizminin nümayəndələrinin janrın inkişafında rolu böyük olub. Bədii ədəbiyyatda da bu janrda ilk romanlardan birini ingilis Meri Şelli yazıb (”Frankenşteyn”). Mənə elə gəlir ki, filmin Franjüya verilməsinin səbəbi onun sənədli filmlərilə bağlı idi. Çünki onun sənədli filmlərində, məsələn, “Heyvan qanı” filmində soyuqqanlı çəkilmiş amansız səhnələr var. Burada paralel şəkildə sallaqxanada heyvanların kəsilməsi və lirik intonasiyada şəhər mənzərələri göstərilir. Bu ziddiyyətli təsvirlər həyatın amansız gerçəkliyini, onun birmənalı olmadığını göstərir. Yəqin ki, “Simasız gözləri” tam horror adlandırmaq da düz olmazdı. Xüsusən, Kristian ilə bağlı səhnələrdə qəribə hüzn, poetika var”.

Kinotənqidçi İlqar Quliyevin fikrincə də “Simasız gözlər”i tamamilə horror janrına aid etmək olmaz: “Bu, rejissorun öz fikrini ifadəsi üçün təqdimat formasıdır. Müasir dövrdə “Substansiya” filmini xatırlatmaq istəyirəm. Bu film plastik cərrahiyyə ilə cavanlaşmaq istəyən bir qadından bəhs edir. İngilislər horrorun bu subjanrını “elevated horror” adlandırırlar: bizim dilə “ali qorxu filmi” kimi çevirmək olar.
Və mənə elə gəlir “Substansiya” filminin rejissoru bu filmdən təsirlənib. “Bodi horror”da rejissorun məqsədi tamaşaçını qorxutmaq deyil. “Substansiya”da olan şəxsiyyətin ikiləşməsi insan xislətinin vizual təsviridir. “Substansiya”da Demi Murun qəhrəmanı cavanlaşmaq üçün könüllü şəkildə plastik əməliyyata gedir. “Simasız gözlər”də isə onun qəddarlığını kəsib-doğramaqla gösətrir. Bu film bilərəkdən ağ-qara çəkilib. Rəngli də çəkilə bilərdi. Buradakı qan da real qandır. Üstündən 65 il keçməsinə baxmayaraq, hələ də tamaşçıya psixoloji təsir edir. Müəllif personajının cinayətini soyuqqanlı göstərir. O, hər hansı eksperiment üçün öz qızından belə keçir. Və qadın personajlardan biri özünü pəncərədən atanda belə o, soyuqqanlı baxır. Onun dəyərləri yoxdur. “Substansiya”nın qəhrəmanı cavanlaşmaq üçün könüllü olaraq bu addımı atır. Burada isə elmin inkişafı və yenilik üçün.
Bu film daha çox, ortaya sual qoyur. İnsanın siması olmasa onun ruhu olmurmu? Sima ruhla bağlıdırmı? Finalda görürük ki, bu, belə deyil. Filmin əvvəlindən simasız olan Kristiananın, əslində, böyük qəlbli olduğunu görürük. Amma öncədən doktor rolunu oynayan personajın üzü olsa da, qəlbi yoxdur, qəddar insandır. Və burda patriarxal cəmiyyətin qadın üzərində hökmü var. Patriarxal sistem qadınlar arasında həmrəyliyi sıfıra endirir. Qadın personajlar biri-birinə dəstək vermir. Bir qadın məhv edilir, digəri susur. Digər məqam odur ki, elm təhlükəli silaha çevrilə bilər. Yəni manyak təfəkkürlü insanın əlinə düşəndə təhlükəli ola bilər. Bütün bu hadisələr maskarad janrlı musiqinin fonunda verilir. Bəstəkar Moris Jardır. Musiqi həddən artıq sirksayağıdır. Rejissor bununla hadisəni oyun kimi göstərir”.

Rejissor Zaur Muxtarova görə, burada həkim tanrıdır: “Fikir verdinizsə, əvvəldə konfransda elmin inkişafından danışır. Hər kəs ona ümidlə baxır ki, onun yeniliklərinin nəticəsində gənc qalacaqlar. Burada bir Tanrı motivi var. Həkim eksperiment edir, öldürür və sonda onun qızı azadlığa çıxır. Hətta mən bunu qorxu yox, azadlıq haqda film adlandırardım. Sonda Kristiana quşları, itləri qəfəsdən buraxır. Amma filmin əvvəlində olan musiqi məni çox narahat etdi. Düzdür, bir az fellinisayağı idi, qəbul edirəm. Amma əməliyyat səhnəsində musiqi istifadə olunmadı və möhtəşəm idi. Kristiananın pilləkənənlərdən düşüb tənha gəzməsi səhnəsində musiqi istifadə olmasaydı belə filmin tempini qoruya bilərdi rejissor. Filmdə musiqi minimal olsaydı daha yaxşı olardı. Yenə də deyirəm, film insan azadlığı haqdadır. Orada hər kəs Tanrıya qarşı üsyan edərək azadlığa çıxır. Bir də deyim ki, Kristiana rolunun ifaçısı Edit Skob 2012-cü ildə Leos Karakasın “Müqəddəs motorlar” filmində oynayıb və bu maskadan istifadə edib ona hörmət olaraq”.
Kinotənqidçi Sədaqət Kamal dedi ki, filmdə artıq səhnə yox idi: “Hətta həkimin yuxarı qalxmaq səhnəsi ona işarə edir ki, o, ancaq yuxarıya, yüksəkliyə qalxmaq istəyir. Bir gizli mesaj da var. Film həm də valideynlərin zombiləşməsini göstərir. Məhv olmuş balası üçün zombiləşən valideynin problemini”.
Kinoşünas Ülvi Mehdi “Simasız gözlər”in onda başqa filmlərlə assosiasiya doğurduğunu dedi:“Bu film Almodovarın “İçində yaşadığım dəri” və Roman Polanskinin bəzi filmlərini xatırlatdı. Mararqlıdır ki, filmin əvvəlndə maşınla gedən qadın, bu səhnənin kompozisiyası, səslənən musiqi Hiçkokun “Psixo” filmini xatırlatdı. Amma hər iki film demək olar ki, paralel çəkilib. Bir də, bu film ağ-qaradır. Ağ-qara filmdə operator, işini işıqla çatdırır. Rəngli filmlərdə daha asandır bunu işləmək”.

Moderator bildirdi ki, filmin operatoru alman Ejen Şüftandır. O, məşhur alman ekspressionistləri ilə işləyib: “Kinoda Şüftan metodu anlayışı var, bu metoda görə, güzgüdən iki ayrı təsviri birləşdirmək üçün istfadə edilir və kiçik maketər bu metodla daha böyük, perspektivli görünürdü. Ümumiyyətlə, Franjü həm də alman ekspressionistərindən bəhrələnmişdi. Franjü deyirdi ki, mənim hekayə yazmaq bacarığım yoxdur. Ona görə filmlərində vizual aspektlərə diqqət ayırmaqla müəllif kimliyini önə çıxarırdı”.
Tamaşaçılardan biri filmə görə AKİ-yə təşəkkürünü bildirdi: “65 il öncə belə möhtəşəm filmin çəkilməsi heyrətamizdir. Mövzu da aktualdır. Bir daha təşəkkür edirəm”.
Qeyd edək ki, Fransa kinosu günləri çərçivəsində əvvəlki həftələrdə “Pişiklər”, “Qraf Monte Kristo”, “Əlvida, uşaqlar” filmləri nümayiş olunub.
aki.az