Fevralın 7-də Azərbaycan Kinematoqrafçılar İttifaqında rejissor Rüfət Şahbazovun “Tənha” adlı tammetrajlı bədii filminin qapalı nümayişi keçirilib.
“KAC Qrup Media” tərəfindən istehsal olunmuş film, ağır xasiyyəti ucbatından ailəsini itirmiş və yaşlı vaxtında tək qalmış qadının bir günündən bəhs edir. Filmdə Zemfira Əbdülsəmədova, Rasim Cəfər, Ləman Mərrih, Elnar Qarayev çəkiliblər.
Filmin yaradıcı heyətinin – rejissor Rüfət Şahbazov, baş prodüser Amiran Babayev, bəstəkar Tərlan Məmmədhüseynov, aktrisa Zemfira Əbdülsəmədova, aktyor Elnar Qarayev və kinotənqidçilər Sevda Sultanova, Aygün Aslanlı, Ülvi Mehdi, Xalq artisti Həmidə Ömərova, ssenarist Pərviz Məmmədov, sənətşünas, ssenarist Nadir Bədəlov, animasiya rejissoru, kino rəssamı Firəngiz Qurbanovanın iştirakı ilə baş tutan nümayişdən sonra “Tənha” filmi müzakirə olunub.


Xalq artisti Həmidə Ömərova “Tənha” filminin yaranma prosesinə şahidlik etdiyini söyləyib və yaradıcı heyəti maraqlı iş münasibətilə təbrik edib.
“Tənha” filminin ideyasının necə yarandığı və istehsalat prosesi barədə məlumat verən rejissor Rüfət Şahbazov fasilələrlə, təxminən, iki ilə çəkildiyini deyib: “Hekayənin ideyasını isə mənə “Ata ocağı” serialının çəkilişləri zamanı çəkiliş məkanlarından birində gördüyüm və unuda bilmədiyim yaşlı və tənha rus qadının həyatı vermişdi”.
Kinotənqidçi Sevda Sultanova filmin, qeyri-xətti təhkiyə, uğurlu montaj keçidləri, musiqidən balanslı istifadə sayəsində əvvəldən sona qədər tamaşıçının marağını özündə saxladığını bildirdi.
Animator Firəngiz Qurbanova filmin hekayəsinin pyes formasında teatrda daha uğurlu ola biləcəyini deyib.
Sənətşünas Nadir Bədəlov da rejissor işi baxımından S.Sultanova ilə razılaşdığını bildirib: “Filmin əsas problemi dramaturji strukturdur. Personajların xarakterləri, davranışları motivləşdirilmədiyinə görə, yəni, onların davranışlarının altında nə yatdığına dair heç bir ipucu almadığımıza görə hekayə səthi, birqatlı qalır”.
Nadir müəllimin fikrinin davamı olaraq, Ssenarist Pərviz Həsənov “Tənha” filminin ssenarisini, dramaturji strukturda tamaşaçı üçün qoyulan sirrin açılma anı, sirrə dair ipucularının filmboyu səpələnməsi və s. kimi texniki fəndlərdən necə istifadə olunduğunu təhlil edib.
Xatırladaq ki, “Tənha” həm Rüfət Şahbazovun, həm də “KAC Qrup Media”nın ilk kino təcrübəsidir. Bundan əvvəl onlar daha çox serial istehsalı ilə məşğul olublar, “Ata ocağı” və hazırda İctimai TV-də yayımlanan, həm böyüklər, həm də uşaqlar tərəfindən böyük maraqla baxılan “Mən, Lalə və Şerlok” kimi populyar serialları istehsal ediblər.
aki.az