Müxtəlif vaxtlarda mediada uşaq kinosunun vəziyyəti, bu sahədəki mövcud problemlər əksini tapıb. Azərbaycanda milli kino təşəkkül tapandan bəri, uşaqlar üçün bədii və cizgi filmləri istehsal olunub. Düzdür, ümumi say nisbətini nəzərə alsaq, uşaqlar üçün istehsal olunan kinoməhsullar o qədər də çox deyil. Bununla belə, bu fakt danılmazdır ki, Sovet dönəmində uşaq kinosu həmişə dövlətin yaxşı mənada nəzarətində olub və onun qayğısı ilə əhatə edilib.
Sözügedən məsələ üzrə tarixə qısa nəzər salaq. 1968-ci ildə Azərbaycan SSRİ Maarif Naziri Mehdi Mehdizadə və Azərbaycan SSR Nazirlər Soveti Yanında Kinematoqrafiya Komitəsinin sədri Məmməd Qurbanov məxsusi olaraq, azyaşlı tamaşaçılar üçün kino sahəsini yaxşılaşdırmaq məqsədilə kompleks tədbirlər planı haqqında əmr imzalayıb. Əlaqədar dövlət qurumları uşaq kinosu sahəsində müəyyən işlər görsə belə, vəziyyət yenə də rəhbərliyi qane etməyib və mövcud durum daha praktik addımlar atmağa vadar edib.
Əmrdən aydın olur ki, azyaşlı tamaşaçıların sayı 1966-cı ilin kino tamaşaçılarının ümumi sayından 22 faizini təşkil edib və “məktəblərin kinolaşdırılması işinin olduqca zəif həyata keçirilməsi” komitəni qayğılandıran başlıca məsələlərdən biri olub:
“1967-ci il yanvarın 1-nə olan məlumata görə, 2688 orta və səkkizlik məktəbdən 240 məktəbdə (9%) kino qurğusu olduğu halda, onlardan nümayiş etdirmək üçün yalnız 105-i film almışdır. Kino qurğusu olan bir çox məktəb bu imkandan istifadə etmir. Bəzi məktəb direktorları və RXMŞ müdirləri məktəblərdə filmlərin nümayiş etdirilməsinə və məktəblərin ümumi kino şəbəkəsinə, kinoseanslara kollektiv surətdə getmələrinə maneçilik törədirlər.
Məktəb kinoşəbəkəsi lazımi filmlərlə kifayət qədər təmin edilmir, xüsusilə, Azərbaycan dilində olan ensiz plyonkalı filmlər çatışmır. “Azərbaycanfilm” kinostudiyası ensiz plyonkalı filmlər çap etmək işini hələ də sahmana salmamışdır”.
Sovet dönəmində də, indiki kimi, kinoteatrların say azlığı bir problem kimi mövcud idi. Ona görə, əmrdə bu məsələyə də xüsusi diqqət ayrılıb və qeyd edilirdi ki, iclas salonu olan məktəblərdə dövlət kinoteatrlarının filialı olan məktəb kinoteatrları yaradılmalı, lazım olan yerlərdə kino budkası tikilməlidir. Həmçinin, qeyd olunurdu:
“Bakı şəhərindəki “Vətən”, Kirovabad şəhərindəki Enkels adına, Naxçıvan şəhərindəki Kirov adına, Stepanakert şəhərindəki “Oktyabr”, Sumqayıt şəhərindəki Vaqif adına kinoteatrların işini daha da yaxşılaşdırmalı;
- 1967-ci il senyabrın 1-dən Mingəçevir, Nuxa, Əlibayramlı və Yevlax şəhərlərinin yeni kinoteatrlarında azyaşlı tamaşaçılar üçün təsdiq olunmuş iş rejimi və tədbirlər planı olan müxtəlif yaşlı uşaq kinoteatrları təşkil etməli;
Yerlərdə bu işi əlaqələndirmək üçün şəhər və rayonlarda ictimai əsaslar üzrə xüsusi komissiyaları yaratmalı, komissiyaların tərkibinə pedaqoji ictimaiyyət, komsomol təşkilatları və kinolaşdırma idarələrinin nümayəndələri daxil olmalıdırlar”.
Əmrdə diqqətçəkən digər məsələ, uşaqlarda tamaşaçı zövqünü, müzakirə mədəniyyətini formalaşdırmaq idi:
“Müntəzəm olaraq, filmlərin tematik nümayişini və səhnəciklər, ən yaxşı bədii, sənədli və multiplikasiyalı filmlərin kinofestivalını təşkil etməli, konfranslar və disputlar, söhbətlər, ədəbiyyat və incəsənət xadimləri ilə, alimlərlə, köhnə bolşeviklərlə, əmək qəhrəmanları ilə görüşlər keçirilməlidir”.
Komitənin kinolaşdırma idarəsinə göstəriş verilmişdi ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı ilə birlikdə, kino vasitəsilə uşaqların estetik tərbiyəsinə aid tədbirlər işləyib hazırlasın, uşaq filmləri ətrafında məzmunlu iş aparmaq məqsədilə idarənin işçiləri müntəzəm olaraq respublikanın rayonlarına ezam edilsin.
Haşiyəyə çıxaraq qeyd edim ki, 2024-cü ildə Azərbaycan Kinematoqrafçılar İttifaqı CineDOC – Tbilisi Beynəlxalq Sənədli Filmlər Festivalı ilə “CineDOC – məktəbdə nümayiş” proqramını həyata keçirib. Bu cür nümayişlərin əsas məqsədi, məktəbliləri digər ölkələrin mədəniyyəti və incəsənəti ilə tanış etmək, onlarda film zövqünü və müzakirə etikasını formalaşdırmaqdır. İl ərzində davam edən proqramda Bakı ilə yanaşı, digər bölgələrdə də film nümayişləri baş tutub.
Əmrdə o da qeyd olunur ki, uşaqlarda kinoya maraq artırmaq və tədris keyfiyyətini artırmaq məqsədilə, tədris prosesində filmlərdən geniş istifadə olunsun, nümayiş olunan bədii və elmi-kütləvi filmlərin məktəbin tədris planı və proqramı ilə əlaqələndirilsin.
Əmri imzalayan rəhbər şəxslər, onların rəhbərlik etdiyi qurumlar kino bazarı faktoru məsələsinə də həssas yanaşırdı. Odur ki, əmrdə belə bir bənd yer almışdı:
“Məktəblilərdən ötrü bilavasitə bilet satmaqla, məktəblərdə bədii filmlər nümayiş etdirmək üçün kinolaşdırma idarələri ilə müqavilə bağlamalı, seansların sayını və nümayiş etdirilən günləri müəyyənləşdirməli;
Pulsuz nümayiş etdirilməsinə icazə verilən sənədli və bədii filmlərə görə prokat haqqını ödəmək üçün vəsait məktəblərin smetasındakı “Tədris xərclərinin” 5-ci maddəsində nəzərə alınmalı”dır.
Məktəblərin kinoqurğularla, avadanlıqlarla təchizatı, onlara müntəzəm olaraq texniki baxışın keçirilməsi, tətil vaxtı qısamüddətli kino kurslarının açılması və ora yuxarı sinif şagirdlərinin cəlb edilməsi də rəhbərliyin diqqətində idi.
Kinoteatrların açılması mümkün olmayan məktəblər də diqqətdən kənar qalmamışdı. Rayon mərkəzlərinin kinoteatrlarında və kənd kinoqurğularında pullu kinoseanslar göstərmək üçün həmin məktəblə müqavilə bağlanması nəzərdə tutulurdu.
“Azərbaycanfilm” kinostudiyası qarşısında da müəyyən öhdəliklər qoyulmuşdu. Həmin öhdəliklərə görə, uşaq filmlərinin, xüsusilə, geniş yayılmış elmi-fantastik, qəhrəmanlıq-romantizm və macəra janrında filmlərin istehsalı üçün kinostudiya tematik planlarına yenidən baxmalı, ən yaxşı Sovet filmlərinin Azərbaycan dilinə dublyajının sayını artırmalı və onu təcrübəli rejissorlara tapşırmalı, üstəlik, Maarif Nazirliyinin sifarişi ilə tədris və sənədli filmləri Azərbaycan dilinə çevirməli idi.
Sözügedən əmrin əhəmiyyətli tərəflərindən biri, Respublika Kinoprokatı İdarəsinə uşaq filmlərinin mövzuları üzrə xüsusi fond yaratmaq işinin, effektiv təbliğat-təşviqat planlarının hazırlanması tapşırılması idi:
“Mövcud olan bədii, xronikal-sənədli, elmi-kütləvi və tədris filmlərinin izahlı tematik kataloqunu iki ay müddətində hazırlamalı və bütün məktəblərə göndərməli, sonradan kinoprokata daxil olan filmlər haqqında məktəb və tamaşaçılara məlumat vermək üçün mətbuatdan, reklam və başqa üsullardan istifadə etməli;
- Kinoprokat idarəsində uşaq filmlərinin buraxılmasının aylıq planı tərtib olunmalı, nümayiş etdirilməsi nəzərdə tutulan filmlə əlaqədar olaraq lazım olan bütün məlumat-reklam işi həmin plana daxil edilməlidir;
- İri məktəblərdə, pioner saraylarında “Tezliklə ekranlarda”, “Ölkəmizin kinostudiyalarında”, “Uşaqlar, bu filmlər sizin üçündür” adlı kino guşələri və fotovitrinlər düzətməli, vaxtaşırı olaraq onların şəkillərini dəyişdirilməlidir”.
Bundan başqa, Azərbaycan Kino təmiri və Təchizat İdarəsinə və digər müvafiq qurumlara göstəriş verilmişdi ki, məktəblərin kinoproyeksiya aparatı ilə təchiz edilməsi gələcək illərin planlarında nəzərə alınsın və komitənin tikinti şöbəsi yaxın üç ildə limitli kapital qoyuluşu hesabına Bakı, Kirovabad, Mingəçevir, Sumqayıt və Nuxa şəhərlərində xüsusi uşaq kinoteatrlarının tikilməsi haqqında Nazirlər Sovetinə təqdim etmək üçün təkliflər hazırlasın.
Əmrdə eyni zamanda uşaq kinoteatrlarının müsbət iş təcrübəsi haqqında kütləvi kitabçanın, uşaq filmlərinə aid resenziyaların nəşri barədə göstəriş verilir, kino xidmətində yaxşı nəticələr əldə etmiş ən yaxşı kinoteatr və kinoqurğuların iş təcrübələrini müntəzəm olaraq “Azərbaycan gəncləri”, “Molodyoj Azerbaydjana” (Молодежь Азербайджана), “Azərbaycan məktəbi”, “Azərbaycan pioneri”, “Pioner”, “Ulduz” qəzet və jurnallarında çapı tövsiyə edilir.
Haqqında danışdığımız bu əmr Sovet dövründə rəsmi qurumların uşaq kinosuna son dərəcə həssas, məsuliyyətli yanaşmasından xəbər verir. Əmrdə uşaq kinosu məsələsinə detallı, hərtərəfli yanaşılır və bu, bir daha dövlətin kino siyasətində uşaq kinosu xəttinin nə qədər mühüm əhəmiyyət daşıdığını göstərir.
Təəssüf ki, müstəqillik illərində əlaqədar qurumlar uşaq kinosuna lazımi diqqət ayırmadı. Sovet dövründə yaranmış uşaq kinosu ənənəsi xətti müstəqillik illərində qırıldı. Qırılmış ənənəni “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı” vasitəsilə bərpa etmək mümkün idi. Proqramda qeyd edilirdi ki, uşaqlar üçün müxtəlif janrlarda filmlərin istehsalı, bədii və tərbiyəvi əhəmiyyətli filmlərin nümayişi genişləndirilsin.
Lakin bu proqram yerinə yetirilmədi və sırf uşaq auditoriyasına hesablanan yalnız bir film çəkilib. Mədəniyyət Nazirliyinin sifarişi ilə istehsal olunan “Dərs” (2015, rejissorlar Rafiq Əliyev, Cavid Təvəkkül) filmi məktəb həyatını, şagirdlərin münasibətini, arzularını, narahatlıqlarını, dostluğunu əks etdirir. Yaxınlarda isə rejissor Sədaqət Kərimova və Murad Quliyev müstəqil maliyyə ilə “İtən gündəlik” adlı tammetrajlı bədii film çəkiblər. Süjetdə ötən əsrin 60-cı illərinin uşaqlarının orta məktəb həyatından bəhs olunur.
Ümumiyyətlə, müstəqil maliyyə ilə işləyən rejissorları, prodüserləri (istər kommersiya, istər müəllif kinosu sahəsində çalışan) uşaq kinosu qayğılandırmır. Kommersiya filmlərinin istehsalçıları uşaq filmlərindən gəlir əldə edəcəklərini düşünmürlər və ona görə bu sahəyə sərmayə qoymurlar. Müəllif kinosu çəkənləri isə öz ideyaları, öz mövzuları maraqlandırır. Ona görə, uşaq kinosu Mədəniyyət Nazirliyinin kino siyasətində mühüm yerlərdən birini tutmalıdır. Sistemli maliyyələşmə tələb edən bu sahənin inkişafı üçün müəlliflər stimullaşdırılmalı, ssenari müsabiqələri elan olunmalı, xüsusən, ədəbiyyatla sıx əməkdaşlıq qurulmalı, televiziyalara uşaqlar üçün serial, elmi populyar filmlərin çəkilməsinə maliyyə ayrılması yaxşı olardı.
Əmrdən göründüyü kimi o, Maarif Nazirliyi və Kinematoqrafiya Komitəsi tərəfindən hazırlanıb. Belə bir təcrübənin, yəni bu sahədə Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində tədbirlərin, layihələrin (xüsusən, uşaqların estetik zövqünün formalaşması, məlumatlarının artması məqsədilə kino dərslərinin tədrisi, film nümayişlərinin salınması) həyata keçirilməsinə bu gün daha çox ehtiyac var. Çünki uşaq kinosu təkcə Mədəniyyət Nazirliyinin yox, eyni zamanda Təhsil Nazirliyinin qayğısı ilə əhatə olunmalıdır.
Sevda Sultanova