Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, tanınmış ictimai xadim Yusif Səmədoğlunun 90 illik yubileyidir.
Azərbaycan həyatının mənəvi-ictimai-əxlaqi problemlərini əsərlərində açıb göstərən Yusif Səmədoğlu XX əsr Azərbaycan nəsrinin yetirdiyi böyük simalardandır. Dərin ictimai-mənəvi məzmunlu hekayələri, romanları və film ssenariləri ilə ədəbi prosesdə iz qoymuş yazıçının ötən əsrin 60–70-ci illərində milli nəsrin keyfiyyətcə yeni mərhələyə keçməsində xüsusi xidmətləri vardır. Onu da xüsusilə qeyd etmək lazmdır ki, mədəniyyət hadisəsinə çevrilən “Qətl günü” romanı ədibə Azərbaycanın hüdudlarından uzaqlarda da şöhrət qazandırmışdır.
Azərbaycanda azadlıq hərəkatının və müstəqillik uğrunda mübarizənin daim ön sıralarında dayanmış yazıçı, xalqın taleyüklü məsələlərinə münasibətdə həmişə vətəndaş-ziyalı mövqeyi ilə seçilmişdir. Y.Səmədoğlu 1960-1965-ci illərdə “Azərbaycan” jurnalı redaksiyasında ədəbi işçi, nəsr şöbəsinin müdiri, 1965-1969-cu illərdə “Azərbaycanfilm” kinostudiyasında ssenari redaksiya heyətinin üzvü, baş redaktoru, 1969-1976-cı illərdə “Azərbaycanfilm” kinostudiyasının direktor müavini, 1976-1987-ci illərdə “Ulduz” jurnalının baş redaktoru, 1987-ci ildən “Azərbaycan” jurnalının baş redaktoru vəzifələrində çalşıb. 1991-ci ildə Azərbaycan Yazıçılar Birliyi katibliyi heyətinə (nəsr üzrə katib) seçilmişdir.
Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus yer tutaraq, həyata, gerçəkliyə fərqli münasibəti, dünyagörüşü ilə seçilən yazıçının əsərləri azərbaycançılıq ideyası əsasında qurulduğundan hər dövr üçün aktual səslənir. Yazıçı 1959-cu ildə “Yaddan çıxmış sözlər” novellasında, “Xəzri” hekayəsində Vətənimiz üçün faciə olan mühüm tarixi hadisəni qələmə alaraq, “Türkmənçay – 1828-ci il” müqaviləsini yada salaraq oxucunu bu barədə düşünməyə çağırmışdı. Onun ssenariləri əsasında çəkilən filmlər Azərbaycan kinodramaturgiyasının ən gözəl nümunələrindən sayılır.
1970-ci ildə Səməd Vurğunun “Komsomol poeması”nın motivləri əsasında yazdığı ssenariyə rejissor Tofiq Tağızadə “Yeddi oğul istərəm” filmini çəkib. Film inqilabın qələbəsinə inanan və qələbə naminə canlarından keçməyə hazır olan 20-ci illərin komsomolçuları haqqında romantik hekayədir. Ədəbiyyatımızda kamil, bütöv azərbaycanlı obrazlarını məharətlə yaradan yazıçı, “Yeddi oğul istərəm” filmindəki Gəray bəyin təbiətindəki azərbaycanlılığı məharətlə göstərmiş və onun simasında Azərbaycan mülkədarlarının, əsilzadələrinin əzmlə, qeyrətlə sovet quruluşuna qarşı mübarizəsini ön planda təqdim etmişdir.
1973-cü ildə ssenarisi əsasında Eldar Quliyevin çəkdiyi “Səmt küləyi” tarixi-inqilabi filmi Azərbaycanda inqilabi hərəkatın iştirakçısı çex İvan Prokopyeviç Vatsekin xatirəsinə həsr olunub. Kinolent beynəlmiləlçilik ideyalarını, azadlıq uğrunda mübarizə aparan xalqların dostluğunu tərənnüm edir.
Yazıçının eyniadlı romanı əsasında yazdığı “Qətl günü” ssenarisinə 1990-cı ildə Gülbəniz Əzimzadə quruluş verib. Yazıçı bu əsərdə tarixi həqiqətləri göstərmək üçün keçmişə müraciət etmiş, müasir dövrün problemlərinin, ictimai bəlaların kökünü, səbəbini axtarmağa çalışmışdır. Əslində roman elə başdan-ayağa milli xarakter sərgisidir və obrazlar öz təbiətlərində milli-mənəvi zənginliyi əks etdirirlər. Romanın əsasında çəkilən “Qətl günü” film-xəbərdarlıqdır.
Filmdə zaman etibarilə tariximizin üç dövrü – keçmişi, dünəni və bu günü göstərilir və hər üç dövrü bir-birinə bağlayan ümumi bir mövzuya, xalqın taleyi mövzusuna həsr olunub. Əsərdə olduğu kimi, fimdə də əbədi Xeyir və Şərin mübarizəsi ortaya qoyulur və bu mübarizənin, əslində dünyanın yarandığı zamandan mövcud olmasını, ictimai quruluşların, cəmiyyətlərin və saysız insan nəsillərinin bir-birini əvəz etməsini diqqətə çəkərək mübarizənin davam etdiyi fikrini aşılayır.
Mədəniyyətimizin, milli ideologiyanın inkişafında böyük rol oynamış, bütün fəaliyyətini azərbaycançılıq ideyasına həsr etmiş Yusif Səmədoğlunu yubileyində hörmət və ehtiramla yad edirik!
aki.az

