Avqustun 2-də “Nizami” Kino Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə kinonun yaranmasının 126 illiyi və Azərbaycan Kinosu Günü münasibətilə tədbir keçirilib.
Mədəniyyət Nazirliyinin məsul şəxsləri, mədəniyyət xadimləri, kino ictimaiyyətinin nümayəndələri və film həvəskarlarının iştirak etdiyi tədbirdə, qonaqlar “Nizami” Kino Mərkəzinin qarşısında kinematoqrafiyamızla bağlı sərgi ilə tanış olaraq, eksponatlarla kinomuzun tarixinə səyahət ediblər.
Tədbirdə ilk söz mədəniyyət nazirinin müavini Səadət Yusifovaya verilib.
Nazir müavini 126 yaşlı kinomuzun dünya kinosu tarixi ilə bərabər yaranaraq paralel şəkildə böyük inkişaf yolu keçməsindən bəhs edərək bildirib ki, bu illər ərzində Azərbaycan kinosu müxtəlif transformasiyalara məruz qalıb: “Öz milli ənənələrinə, yüksək mənəvi dəyərlərinə, sənət sevgisinə sadiq qalan Müasir Azərbaycan kinosunun inkişafı, Ulu Öndər Heydər Əliyevin adı ilə ayrılmaz şəkildə bağlıdır”.
S.Yusifova, Prezident İlham Əliyevin bu irsin davamçısı olaraq, kino sənətimizi daim diqqətdə saxlamasını, “Azərbaycan kinosunun 2008–2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın qəbul edilməsini, kinostudiyaların maddi-texniki bazasının gücləndirilməsini, 1993-cü ildə Ulu Öndərin tapşırığı ilə yaradılan və milli kino sənətinin qorunub saxlanması məqsədi daşıyan Azərbaycan Dövlət Film Fondu üçün yeni, müasir standartlara cavab verən binanın tikilməsini, hazırda tədbirin keçirildiyi “Nizami” Kino Mərkəzinin yenidən bərpa olunmasını, Mədəniyyət Nazirliyi yanında Kino Agentliyinin yaradılmasını, dövlət sifarişi ilə film istehsalını və gənc kinematoqrafçıların yaradıcılığının dəstəklənməsi məqsədi ilə hər il prezidentin ehtiyat fondundan filmlərin istehsalı üçün maliyyənin ayrılmasını kinoya dövlət dəstəyinin bariz nümunəsi olduğunu xüsusilə qeyd etdi.
Son 20 il ərzində Azərbaycan kinosunun inkişafına 100 milyondan çox vəsait ayrılması, 1763 bədii, sənədli, animasiya və s. filmlərin çəkilməsini də diqqətə çatdıran nazir müavini onu da qeyd etdi ki, 126 illik tarixi olan Azərbaycan kinosu milli mədəniyyətimizin formalaşmasında böyük rol oynamış, kinematoqrafçılar əfsanəyə çevrilmiş klassik ekran əsərləri yaratmışlar: “Bu günün çağırışlarına və sosial sifarişlərinə, cəmiyyətin gözləntilərinə cavab olaraq, dövrümüzün aktual mövzularının kinoya gətirilməsi, 44 günlük Vətən müharibəsinin sənədli xronikası və bədii dildə təqdimatı, qloballaşan dünyanın mənfi təzahürlərinə cavab olaraq, milli-mənəvi dəyərlərin təbliği, ailə dəyərlərinin, vətənpərvərlik və vətən sevgisinin təşviqi kimi yeni məzmunların hazırlanması, kinonun müxtəlif janrlarının inkişafı üçün bərabər şəraitin yaradılması Mədəniyyət Nazirliyi qarşısında duran əsas vəzifələrdəndir”.
Mədəni Yaradıcı Sənayenin aparıcı seqmenti olaraq, audiovizual sahənin iqtisadi baxımdan stimullaşdırılması və onun iqtisadiyyatın ən gəlirli sahələrindən birinə çevrilməsi, qanunvericilik və institusional islahatların daha da dərinləşdirilməsi, özəl-dövlət tərəfdaşlığının qarşılıqlı faydalılıq prinsipi əsasında qurulması, beynəlxalq əməkdaşlıq və müştərək istehsal, müasir texnoloji tələblərə cavab verən gənc kadrların hazırlanması, hazırda audiovizual sahədə nazirliyin qarşısında duran əsas vəzifələrdəndir, deyən nazir müavini bildirdi ki, bu vəzifələrin həyata keçirilməsi bizdən birgə səylər tələb edir.
Çıxışının sonunda S.Yusifova, kinematoqrafçıları Kino Günü münasibətilə təbrik edərək, onlara cansağlığı və yeni yaradıcılıq uğurları arzulayıb.
aki.az