Sentyabrın 30-u 7 saylı “ASAN xdimət” mərkəzində Azərbaycan Kinematoqrafçılar İttifaqının və 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin təşəbbüsü ilə “Mən burdayam, İlahi!” bədii filminin nümayişi baş tutub.
Tədbirin əvvəlində vətən uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Daha sonra, dövlət himnimiz səsləndi. Tədbirin moderatoru, kinotənqidçi Sevda Sultanova film haqda tamaşaçılara qısa məlumat verdi və yaradıcı heyəti – rejissor Qulu Əsgərovu, filmin ssenari müəllifi və prodüseri Nicat Dadaşovu, baş rolun ifaçıları Əməkdar artist Rasim Cəfər və Günay Həsəni təqdim elədi.
Nümayişdən sonra filmin müzakirəsi baş tutdu. Moderatorun yaradıcı heyətə ünvanladığı “Qarabağ haqda filmin çətinlikləri nədədir?” sualın cavabında Nicat Dadaşov bildirdi ki, əsas çətinlik büdcə ilə bağlıdır: “Çünki büdcə məhdud olanda fikirlərini tam ifadə edə bilmirsən, hansısa səhnələri kəsirsən, qısaldrısan. Filmin büdcəsinin yarısı ilk döyüş epizoduna sərf olundu. Çünki səhnə alınmayanda hər şeyi yenidən qurmalı olursan, aktyor da yorulur. Mənəvi cəhətdən isə hansısa problem olmur. Ssenarinin hazırlıq mərhələsində qazilərlə görüşdük, onların hekayələrini dinlədik”.
Filmin rejissoru Qulu Əsgərov da büdcə faktorunun müharibə filmlərinin çəkilişində böyük rol oynadığını bildirdi: “Təbii ki, rejissor kimi filmdə nələrin alınıb-alınmamasını yaxşı bilirəm. Amma əlimizdən gələni etdik ki, yaxşı nəticə olsun”.
Teymur rolunun ifaçısı Rasim Cəfər, obrazın onun üçün son dərəcə məsuliyyətli olduğunu dedi: “Rola hazırlaşanda qazilərin müsahibələrinə baxırdım. Onların hekayələrini diqqətlə dinləyirdim, hər birindən obrazıma lazım olan cəhəti götürürdüm. Rolum necə alınıb, nə qədər inandıra bilmişəm, bunu siz deyə bilərsiniz. Ümumiyyətlə, Qulu ilə işləmək mənə bir aktyor kimi çox rahatdır”.
2 saylı Bakı “ASAN xidmət” mərkəzinin direktor müavini, qazi Əli Cahangirov filmin təsirli alındığını, həqiqətləri əks etdirdiyini bildirdi: “Gələcəkdə kinomuzda Şuşa döyüşlərinin təsvirini, onların necə mübarizə apardığını görmək istərdim”.
Onun bu fikrinə digər tamaşaçılar da qoşuldular. Başqa bir tamaşaçı isə bildirdi ki, onun üçün bir qazinin postmüharibə dövründəki yaşantıları həmişə maraqlı olub və bunu filmdə inandırıcı, təsirli göstərdiklərinə görə təşəkkür etdi.
Daha sonra, rejissor və ssenarist bildirdilər ki, Şuşa uğrunda döyüşlərin kinoda təsviri onları da çox maraqlandırır, amma belə bir filmin emosional təsirinin güclü və kefiyyətli olması üçün döyüşlər mütləq şəkildə bir əsgərin və ya zabitin hekayəsi vasitəsilə verilməli, güclü dramaturgiyası qurulmalıdır.
Nicat Dadaşov onu da əlavə etdi ki, əgər müharibə filmini çəkməyə büdcə yetmirsə, onun çəkilməməsi daha yaxşıdır, çünki əks halda ortaya keyfiyyətsiz iş çıxacaq.
Qeyd edək ki, “Mən burdayam, İlahi!” filminin operatoru Vasif Vəlizadə, bəstəkarı Rasim Məmmədovdur. Digər rolları Aygün Əlipənahova, Ayşad Məmmədov, Leyli Vəliyeva, Nəsibə Eldarova və başqaları ifa edirlər.