Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin üzvləri – Xalq artistləri, Həmidə Ömərova və Şükufə Yusupova XV Beynəlxalq Film Festivalının əsas mükafatı olan “Qızıl Nar”a layiq görülüblər.
Qeyd edək ki, ötən illərdə rejissor, Kinorejissorlar Gildiyasının rəhbəri Hüseyn Mehdiyev, rejissor Elçin Musaoğlu, Azərbaycan Dövlət Film Fondunun direktoru, rejissor Cəmil Quliyev, Əməkdar artist Nəcibə Hüseynova “Qızıl nar” mükafatına layiq görülüblər.
Xəbər verdiyimiz kimi, oktyabrın 5-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyilə keçirilən “Baku Cinema Breeze” (BCB) film festivalının bir hissəsi olaraq keçirilən XV Bakı Beynəlxalq Film Festivalının açılışı olub.
Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festivalın açılış mərasimi “Nizami” Kino Mərkəzində baş tutub. Geniş planda hazırlanmış tədbirdə DokuBaku Beynəlxalq Sənədli Filmləri Festivalı, ANIMAFILM Beynəlxalq Animasiya Festivalı, ATA Türk dünyası Beynəlxalq Animasiya Filmləri Festivalı kimi tanınmış festivallar da iştirak edir. Qeyd edək ki, tədbirdə Mədəniyyət Nazirliyinin rəsmiləri, Azərbaycanda akkreditasiya olunmuş diplomatlar, festivalın beynəlxalq tərkibli münsiflər heyətinin üzvləri, həmçinin, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər. Beynəlxalq Film Festivalının direktoru Fehruz Şəmıyev qeyd edib ki, bu il festival 15 illiyini qeyd edir və bu müddət ərzində festival çox istedadlı insanları böyük auditoriyaya tanıdıb. On beş il əzmlə yoluna davam edən festival hər il kinematoqrafçıları bir araya gətirir və növbəti illərdə auditoriyasını daha da genişləndirməyi hədəfləyir.
Azərbaycan Respublikası Kino Agentliyinin direktoru vəzifəsini icra edən, Əməkdar incəsənət xadimi Orxan Fikrətoğlu isə kinematoqrafiyanın inkişafına təkan verən hər bir festivalı alqışladıqlarını qeyd edib: “Çox şadıq ki, belə uğurlu layihələrdən biri də 15 illik böyük yol qət etmiş bugünkü festivaldır. Bu festivalın ənənəvi olaraq keçirilməsində əməyi olan hər kəsə təşəkkür edirəm. Gənc Kinematoqrafçılar Mərkəzi tərəfindən 2004-cü ildə təsis edilən festival əvvəlki illərdə “START” adı ilə fəaliyyət göstərib. Ölkəmizin ən uzunömürlü festivalı olan Bakı Beynəlxalq Film Festivalı bu illər ərzində həm də Kann, Venesiya, Berlin Film festivallarında, “Oskar”da mükafat və uğur qazanmış filmlərin nümayiş məkanına çevrilib”.
Tədbirdə festival haqqında geniş məlumat verilərək bildirilib ki, bu il festival çərçivəsində ümumilikdə 26 ölkəni (Almaniya, Fransa, İtaliya, Britaniya, Koreya, Çin, Hindistan, Kolumbiya, Rusiya, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Gürcüstan, Moldova, Xorvatiya, İran və s.) əhatə edən 79 film “Nizami” Kino Mərkəzində beş gün ərzində nümayiş olunacaq. On beşinci yubiley açılışına bir sıra yeniliklərlə gələn festival, bu ildən tammetrajlı filmlərin müsabiqəsini keçirir. Bu baxımdan da festivalın beynəlxalq müsabiqəsində tammetrajlı bədii və qısametrajlı filmlər yarışır.
Festivalın yerli müsabiqəsinə qısametrajlı bədii, sənədli filmlər və sosial çarxlar qəbul olunub. Müsabiqə çərçivəsində tələbələr ayrıca nominasiyada yarışmaq imkanı qazanırlar. Ümumilikdə isə, yerli müsabiqədə 25 ekran əsəri yarışır. Festivalda müsabiqədənkənar proqramlar da tamaşaçıların ixtiyarına verilir. Belə proqramlardan olan “Dili bizim”də dünyanın müxtəlif ölkələrində yaşayan həmyerlilərimizin Azərbaycan dilində çəkdikləri filmlər nümayiş olunur. Festival çərçivəsində “TRT Sinema”nın müdiri Faruk Güvənin təqdimatı, “Birgə film istehsalı” mövzusunda fikir mübadiləsi, “Kömür” filminin Azərbaycan premyerası, həmçinin ustad dərsləri, yerli və xarici film nümayişlərindən sonra müəlliflərlə müzakirələr həyata keçiriləcək.
Bakı Beynəlxalq Film Festivalının dəstəkçiləri sırasında “Nizami” Kino Mərkəzi, “Azərbaycanfilm” kinostudiyası, Dövlət Film Fondu, “British Council” və Azərbaycan Prodüserlər Gildiyası yer alır.
Festivalda müxtəlif nominasiyalar üzrə yarışan filmləri Azərbaycanla yanaşı, dünyada tanınmış kinorejissorlardan olan Siddiq Barmak, Mahmut Fazıl Coşkun, Can Özbatur, İsmayıl Monsef, Yevgeni Mayzel, Eldar Yoldaşev, Zümrə Ərtürk və başqaları qiymətləndirəcəklər.
Aki.az