Martın 12-də “Azərbaycan” CinemaPlus-da rejissor Murad İbrahimbəyovun 60 illik yubileyi ilə bağlı “İnsan” trilogiyası (“Neft”, “Sivilizasiya”, “İnsan”) və “Rus səyyahları Afrikada” sənədli filmlərinin nümayişi baş tutdu.

Tədbiri giriş sözü ilə açan rejissor, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Oleq Səfərəliyev öncə tamaşaçıları salamladı: “Bu gün gözəl bir günü qeyd edirik. Tanınmış Azərbaycan rejissoru və yazıçısı Murad İbrahimbəyovun 60 illik yubileyidir. Bizim tədbirimiz bu əlamətdar hadisəyə həsr olunub. Yəqin bilirsiniz ki, Murad çox nüfuzlu kinofestivallarda yüksək mükafatlar almış rejissorlarımızdan biridir. Bura Venesiya festivalının “Gümüş Şir” və Nika mükafatları da daxildir”.


Daha sonra səhnəyə Murad İbrahimbəyov dəvət edildi. Tamaşaçıları salamlayan Murad İbrahimbəyov qeyd etdi ki, əvvəllər Bakı kinoteatrlarında filmlər göstərilməzdən öncə kinojurnallar nümayiş olunurdu:
“İndi də qısa kinojurnalın nümayişi olacaq. Və bu kinojurnal bizimlə, cəmiyyətimizlə, tariximizlə nələr baş verib – bunların xülasəsi, təsvirdir. Daha sonra isə biz tammetarjlı sənədli filmə baxacağıq”.
“İnsan trilogiyası”nın nümayişindən sonra aparıcı bildirdi ki, müəllifin sənədli filmlərindən başqa, bədii filmləri də çoxdur: “Xüsusən, atası – yazıçı, ssenarist Maqsud İbrahimbəyovun ədəbi əsərləri əsasında hazırladığı trilogiyanı qeyd etmək istəyirəm: “Qızıl buğaların valsı”, “Gənc qadın üçün kişi” və “Qardaşımdan yaxşısı yox idi”.
Xalq yazıçısı Çingiz Abdullayev də yubilyarı təbrik etdi: “Murad, atana oxşayırsan və ədəbiyyatımıza, kinomuza, ictimai həyatımıza töhfə verən böyük bir nəslin nümayəndəsisən. Sən də onlara layiq şəkildə bu yolu davam etdirirsən. Yaxınlarda Muradın bir ədəbi əsərini oxudum, o qədər xoşuma gəldi ki, gecə zəng edib onu təbrik etdim. Murad təkcə istedadlı rejissor yox, həm də istedadlı yazıçıdır. Bu gün dünyada milyonlarla kitab nəşr olunur və bu çoxluğun içində kimisə maraqlandıran kitab yazmaq çətindir. Murad isə oxucunu maraqlandıra bilir”.


Daha sonra, Çingiz Abdullayev rejissora Pen-Klubun üzvlük vəsiqəsini təqdim etdi.
Tamaşaçıları növbəti “Rus səyyahları Afrikada” filminə baxmağa dəvət edən rejissor, öncə bu haqda qısa məlumat verdi: “Filmin premyerası bir il əvvəl Moskvada baş tutub: “Film, rəssam Pavel Leonovun təsvir dünyası haqdadır. Leonov rus naiv art cərəyanının parlaq nümayəndələrindən biridir. O, özünün təsəvvüründəki yeni reallığı yaradıb və onu ideal şəkildə tablolara köçürüb. Sonda, bu tədbiri təşkil etdiyinə görə Azərbaycan Kinematoqrafçılar İttifaqına, Əli İsa Cabbarova, Oleq Səfərəliyevə və Ülviyyə xanıma minnətdaram”.
aki.az