2025-ci il avqustun 2-də Nizami Kino Mərkəzində Azərbaycan Kinosunun 127 illiyinə həsr edilən tədbirdə AR mədəniyyət nazirinin müavini Səadət xanım Yusifovanın çıxışının mətnini təqdim edirik.
Hörmətli kino xadimləri,
Hörmətli xanımlar və cənablar,
Sizi mədəniyyətimiz üçün mühüm tarixi gündə salamlamaqdan böyük qürur duyur, hər birinizi 2 avqust – Azərbaycan Kinosu Günü münasibətilə ürəkdən təbrik edirik. Azərbaycan Kinosu günü yalnız kino sənətinə könül vermiş sənətkarlar və sənaye nümayəndələri üçün deyil, ümumilikdə Azərbaycan xalqının mədəni irsi və tarixi yaddaşı üçün xüsusi əhəmiyyət kəsb edir.
Kino – bir millətin ruhunun, tarixi yaddaşının və ideyalarının ən dolğun təcəssüm formalarından biridir. Azərbaycan kinosu öz zəngin irsi, fərqli estetikası və milli dəyərlərlə yoğrulmuş bədii dili ilə bu sahədə layiqli mövqeyini qoruyub saxlamaqla daim inkişaf etməkdədir.
Azərbaycan kinosunun inkişafı və dəstəklənməsi hər zaman dövlətin diqqət mərkəzində olub. Kinonun ideoloji gücünü yüksək qiymətləndirən Ulu Öndər Heydər Əliyev nəinki kino sənayesinin inkişafını dəstəkləyib, həm də kino-sənətkarlara xüsusi qayğı göstərib. Hazırda bu siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən davam etdirilir. Buna misal olaraq, son dövrdə kino korifeylərimiz olan Oqtay Mirqasımov, Rasim Balayev, Şəfiqə Məmmədova, Fəxrəddin Manafovun və bu sahədə çalışan digər xadimlərimizin yüksək dövlət mükafatları ilə təltif edilməsini göstərmək olar.
Son illər kinonun, audiovizual sənayenin davamlı və sistemli inkişafını təmin etmək məqsədilə həyata keçirilən dövlət siyasəti çərçivəsində bir çox işlər görülmüşdür. 2023–2025-ci illər ərzində kino sahəsinin inkişafına ümumilikdə 15,9 milyon manat ayrılmışdır. 35 film artıq uğurla başa çatdırılmışdır. Hazırda 31 film layihəsi ilə bağlı işlər davam etdirilir ki, bunlardan 4-ü tələbə filmidir. Odur ki, istehsala buraxılan film layihələrinin toplam sayı 66-dır. Bu, Azərbaycan kino sənayesinin miqyasca genişlənməkdə olduğunu və keyfiyyətli istehsal istiqamətində mühüm mərhələdən keçdiyini göstərir.
Müasir Azərbaycan kino sənayesinin beynəlxalq aləmə açılması və xarici investisiyaların ölkəyə cəlb olunması hazırda əsas strateji məqsədlərdən biridir. Aparılan işlər nəticəsində 2023–2024-cü illər ərzində Azərbaycanda xarici istehsalçılar tərəfindən istehsal olunan audiovizual layihələr vasitəsilə ölkə iqtisadiyyatına 10 milyon ABŞ dolları həcmində vəsait cəlb olunmuşdur. Bu göstərici təkcə iqtisadi deyil, həm də mədəni və peşəkar mübadilənin genişlənməsi baxımından böyük əhəmiyyət kəsb edir.
Ölkəmizdə kino sənayesinin inkişafını stimullaşdırmaq məqsədilə 2025-ci ilin əvvəlindən etibarən qüvvəyə minmiş vergi təşviqləri həm dəstəkləyici, həm təşviqedici xarakter daşıyır. Belə ki, Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən film istehsalı və dublyajı ilə məşğul olan kinematoqrafiya müəssisələri və prodüserlər 5 il müddətinə mənfəət vergisindən, həmçinin fiziki şəxslər gəlir vergisindən 90% güzəşt əldə etmişlər. Bununla yanaşı, kino sahəsində istifadə olunan torpaq və qeyri-maddi aktivlər də 5 il müddətinə vergidən azad olunmuşdur. Bu dəstək mexanizmləri milli kino sənayesinin dayanıqlı maliyyə modelinə keçidini sürətləndirmək, investisiya risklərini azaltmaq və peşəkar təşəbbüsləri stimullaşdırmaq üçün nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) tərəfindən 2025-ci il üzrə “Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinə 41 şirkət tərəfindən 88 müraciət daxil olmuşdur. Bu müsabiqə milli kinematoqrafiyanın potensialını ortaya çıxarmaq, bədii film, bədii-sənədli film, sənədli film, animasiya, uşaq filmləri və tələbə filmləri sahələrində keyfiyyətli və dəyərli layihələrin həyata keçirilməsinə şərait yaratmaq məqsədi daşıyır. Müsabiqənin keçirilməsi özəl sektorun bu sahəyə fəal şəkildə qoşulmasını da təşviq edən önəmli alətlərdən biridir.
Bu təşəbbüslər göstərir ki, dövlət tərəfindən həyata keçirilən islahatlar yalnız maliyyə dəstəyi ilə məhdudlaşmır, eyni zamanda yaradıcı azadlıq, hüquqi mühitin liberallaşdırılması və sənaye iştirakçılarının təşəbbüskarlığının dəstəklənməsi prinsiplərinə əsaslanır.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1997-ci il 2 may tarixli, 38 nömrəli Qərarı ilə bağlı son dəyişikliklər, müəllif hüquqları və əmək münasibətlərinə dair hüquqi çərçivənin müasirləşdirilməsinə şərait yaradır. Xüsusilə müəllif qonorarlarına qoyulan maksimal hədlərin ləğvi və yaradıcı heyətlə bağlanan müqavilələrdə ödənişlərin tam sərbəst şəkildə müəyyən olunması bu sahədə mühüm irəliləyiş hesab olunur. Bu addım, həm yaradıcı şəxslərin hüquqlarının müdafiəsini, həm də kino istehsalının daha çevik və şəffaf əsaslarla təşkilini mümkün edir.
Həmçinin Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, 2025-ci il iyulun 1-dən etibarən fiziki şəxslər üçün teatr, film, muzey və simfonik orkestr konsertlərinə ödənilən ƏDV-nin 50 faizinin geri alınması mexanizminin tətbiqinə başlanmışdır. Bu dəyişiklik mədəniyyət istehlakçısına birbaşa dəstək olmaqla yanaşı, mədəni sektorda dövriyyəni artırmaq və tamaşaçı auditoriyasını genişləndirmək məqsədinə xidmət edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının kino sənətinə davamlı diqqət və dəstəyi nəticəsində hazırda kino sənayesi növbəti dinamik inkişaf mərhələsinə daxil olur. Ali rəhbərin 29 may 2025-ci il tarixli Sərəncamı ilə xarici istehsalçıların ölkəmizə cəlb olunması, çəkilmiş xərclərin qismən geri ödənilməsi və bu məqsədlə şəffaf mexanizmlərin yaradılması nəzərdə tutulur. Sərəncamın icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin 12 iyun 2025-ci il tarixli qərarı ilə qəbul edilmiş qaydalar 25% dəyərində baza, mədəniyyət meyarlarına uyğunluq halında isə əlavə 15% məbləğində geriödəmə mexanizmini tənzimləyir. Bu qərar Azərbaycanın qlobal kino bazarında cəlbedici tərəfdaş kimi mövqeyinin güclənməsinə töhfə verəcək.
Eyni zamanda, dövlət və özəl tərəfdaşlığı prinsipi əsasında Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının bazasında fəaliyyət göstərəcək “KinoPark” layihəsinin həyata keçirilməsi planlaşdırılır. Bu müasir mərkəz yalnız istehsal üçün deyil, həm də təlim, texniki dəstək və yaradıcılıq emalatxanası kimi çoxfunksiyalı bir platforma olacaq. Kinostudiyanın əsaslı təmiri ilə birlikdə bu layihə Azərbaycan kino sənayesinin gələcəyini formalaşdırmaqda mühüm rol oynayacaq.
Əziz kinosevərlər,
Qədim və zəngin bir mədəniyyətin daşıyıcısı olan Azərbaycan kinosunun inkişafı və beynəlxalq səviyyədə tanınması üçün göstərilən birgə səylər, inanırıq ki, gələcəkdə daha böyük uğurlarla nəticələnəcək. Bir daha hər birinizi 2 Avqust – Azərbaycan Kinosu Günü münasibətilə təbrik edir, milli kino sənətimizin yüksəlişi naminə birlik və tükənməz əzm arzulayırıq.
Səadət Yusifova, AR mədəniyyət nazirinin müavini

