23-24 oktyabr tarixlərində Türkiyənin paytaxtı Ankara şəhərində Türk Dünyası Kinematoqrafçılar Forumu keçirilib. Forumda Türkiyə tərəfdən Kinematoqrafçılar Birliyinin və Kinoaktyorlar Gildiyasının sədri Renan Bilek, Kino Vəqfinin sədri Erdoğan Erdoğdu, Kinoprodüserlər Gildiyasının rəhbərləri Metin Tunçtürk və Alper Tunqa Özdemir, Müəllif Hüquqları Birliyinin rəhbəri Mehmet Güleryüz, eləcə də Qazaxıstan Kinematoqrafçılar İttifaqının sədri Aday Abeldinov, Özbəkistan Kinematoqrafçılar İttifaqının sədri Matyaqub Motçanov, Qırğızıstan Kinematoqrafçılar İttifaqının sədri Akılbek Murataliyev, Macarıstan Kinematoqrafçılar İttifaqının sədri Andraş Muhi, İrandakı azərbaycandilli kinematoqrafın nümayəndəsi Rza Siami, Çuvaşıstan Kino Bilriyinin sədri Oleq Tsıplyonkov, Şimali Qafqaz kino xadimlərinin nümayəndəsi İlyas Boqatıryov, Şimali Kipr Türk Respublikası Yaxın Şərq Universitetinin kinematoqrafiya fakültəsinin dekanı Fevzi Kasap, Türk Dünyası Kinematoqrafçılar Birliyinin koordinatoru Bayram Bayrammuhamedov iştirak edirdilər.

Azərbaycan Kinematoqrafçılar İttifaqını forumda, AKİ üzvü, kinorejissor Mübariz Nağıyev təmsil edirdi. Türk dünyası kinematoqrafçılarının fəxri sədri əfsanəvi türkmən rejissoru Xocaqulı Narliyev səhhəti ilə əlaqədar tədbirə gələ bilmədiyindən, iştirakçılara onun salamlarını birliyin koordinatoru Bayram Bayrammuhamedov çatdırdı. Türkiyə Jurnalistlər Birliyinin sədri Menderes Demirin təşkilatçılığı ilə keçirilən forum 10-cu Türk Dünyası Sənədli Filmlər Festivalı ilə eyni vaxta təsadüf edirdi. Mübariz Nağıyev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Xalq Artisti Rasim Balayevin festivalın yubileyi ilə əlaqədar təbriklərini və Türk Dünyası Kinematoqrafçılar Forumuna salamlarını çatdırdı. Forumda ölkələrimiz və xalqlarımız arasında kino əməkdaşlığı və perspektivləri müzakirə olundu.
Forum iştirakçılarını Akparti sədrinin müavini Kürşad Zorlu və Türkiyə Mədəniyyət və Turizm Nazirinin müavini Batuhan Mumcu qəbul edərək diqqət və səmimiyyətlərini göstərdilər. Forumun gələcəkdə də davam etdirilməsi planlaşdırılır.

AKİ sədri, Xalq artisti Rasim Balayevin tədbir iştirakçılarına ünvanladığı müraciətin mətnini diqqətinizə çatdırırıq:
“Tarixi 1898-ci ildə sənədli kadrlarla başlayan Azərbaycan kinematoqrafı sənədli kinonun nə dərəcədə əhəmiyyətli olduğunu özünün 127 illik kino salnaməsi ilə təsdiq edib. Sənədli kino dünya kino tarixində layiqli yer tutmaqla bərabər, özünün çoxşaxəliliyi və rəngarəngliyi ilə həmişə tamaşaçıların diqqətini cəlb etmişdir. O, bədii kinodan fərqli olaraq, həyatın özündən götürülmüş faktlara, hadisələrə və real insan talelərinə əsaslanır. Bu janrın ən böyük əhəmiyyəti ondan ibarətdir ki, o, tamaşaçıya həqiqəti, reallığı, gerçək tarixi anları çatdırır. Sənədli filmlər həm maarifləndirici rol oynamaqla, insanları yeni biliklərlə zənginləşdirir, dünyagörüşlərini genişləndirir, həm tarixi yaddaş formalaşdırır – bu gün lentə alınan hadisələr gələcək nəsillərə canlı tarix kimi qalır. Bu filmlər həm cəmiyyətin problemlərini işıqlandıraraq sosial, ekoloji, mədəni və siyasi mövzulara diqqət çəkir, müzakirələr yaradır, həm də tərbiyəvi təsir göstərərək insanlarda həssaslıq, məsuliyyət, milli-mənəvi dəyərlərə hörmət hissi oyadır. Sənədli kinonun xüsusiyyətləri arasında obyektivlik, real hadisələrin sənədlərlə təsdiqi, canlı şahidlərin iştirakı və faktlara əsaslanma dayanır. O, tamaşaçını yalnız əyləndirmir, həm də düşündürür, öyrədir və dəyişməyə sövq edir. Bu baxımdan sənədli kino sadəcə bir incəsənət növü deyil, cəmiyyətin güzgüsü, xalqın yaddaşı, həqiqətin daşıyıcısıdır.
Bu gün artıq 10-cu ildönümünü qeyd edən Türk Dünyası Sənədli Filmlər Festivalı bu on il ərzində təkcə sənədli kinosevərləri bir araya gətirməklə kifayətlənməmiş, həm də böyük bir mədəni missiyanı uğurla həyata keçirmişdir. Festival Türk dünyasının zəngin tarixini, mədəni irsini, ortaq dəyərlərini və müasir həyatını sənədli filmlər vasitəsilə geniş auditoriyaya çatdırır. O, xalqlarımızın bir-birini daha yaxından tanımasına, ortaq köklərimizin möhkəmlənməsinə və yeni nəsillərin milli-mənəvi dəyərlərlə böyüməsinə əhəmiyyətli töhfə verir. Bu festival həm də həqiqətin gücünü, sənədli kinematoqrafiyanın təsirini nümayiş etdirir. Ekrandan görünən hər hekayə yalnız bir filmin mövzusu deyil, həm də xalqlarımızın yaddaşı və gələcəyimiz üçün dəyərli bir mirasdır. Əminəm ki, Türk Dünyası Sənədli Filmlər Festivalı bundan sonra da mədəni inteqrasiyanın, yaradıcılığın və qardaşlıq bağlarının möhkəmlənməsində bundan sonra da mühüm rol oynayacaq.
Festivalın bütün təşkilatçılarını və iştirakçılarını səmimi qəlbdən təbrik edir, gələcək fəaliyyətlərində yeni uğurlar arzulayıram. Türk dünyasının birliyinə, sənədli kinonun gücünə inamla!
Rasim Balayev
Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri,
Azərbaycan Respublikasının Xalq Artisti
aki.az

