Yanvarın 19-da, Samux rayonunda 1990-cı il 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar təşkil edilmiş anım tədbiri çərçivəsində “Salnamə” film kinostudiyasının istehsalı olan “Silahdaşlar” sənədli filmi nümayiş etdirilib (filmə bax). Tədbir, Samux Rayon Heydər Əliyev Mərkəzi və Azərbaycan Kinematoqrafçılar İttifaqının birgə təşkilatçılığı ilə baş tutub. Sözügedən filmi, AKİ katibi, rejissor Tahir Tahiroviç təqdim edib.



Tədbirdə Samux rayonunun ictimaiyyət nümayəndələri, ziyalılar, gənclər və ümumtəhsil məktəblərinin şagirdləri iştirak ediblər. Tədbirin əsas məqsədi 20 Yanvar hadisələrinin tarixi əhəmiyyətini gənc nəsilə çatdırmaq, şəhidlərin xatirəsini ehtiramla yad etmək və milli yaddaşın qorunmasına töhfə vermək olub.
2019-cu ildə istehsal olunmuş filmdə 1990-cı ilin yanvar günlərində baş verən faciəli hadisələr zamanı kinematoqrafçıların fədakar əməyi və xatirələri əsasında ərsəyə gəlib. “Silahdaşlar” sənədli filmi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb, baxışdan sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb.Tədbir gənclərin tarixi yaddaşının möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə olunması baxımından mühüm əhəmiyyət daşıyıb.
“Silahdaşlar” filminin rejissoru Nizami Abbas, ssenari müəllifi Ramiz Fətəliyev, operatoru Üzeyir Abbas, prodüseri Nazim Hüseynovdur.
aki.az

