Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkil etdiyi “Sən, ey uşaqlıq” adlı tammetrajlı bədii film ssenari müsabiqəsinə maraq artmaqdadır. Uşaqlıq mövzusunu mərkəzə alan və müasir dövrü əhatə edən müsabiqə yerli ssenaristlər üçün yeni yaradıcılıq imkanları açsa da, iştirak şərtləri, yaş meyarları, janr seçimi və qiymətləndirmə mexanizmi ilə bağlı bir sıra suallar aktuallığını qoruyur.
Azərbaycan Kinematoqrafçılar İttifaqının icraçı katibi, kinorejissor Əli İsa Cabbarovun “Sən, ey uşaqlıq” ssenari müsabiqəsi ilə bağlı Tribuna.az saytına müsahibə verib.
— Müasir dövrdə gənclərin və uşaqların əhəmiyyətli hissəsi xarici – əsasən türkcə və ingiliscə seriallara, filmlərə və animasiya məhsullarına üstünlük verir. Çünki yerli bədii və cizgi filmləri demək olar ki, yox dərəcəsindədir. Bu müsabiqə keyfiyyətli milli məzmunun artırılması yolunda vacib məsələ kimi ön plana çıxır. Müsabiqənin məqsədi də budurmu?
— Uşaqlar və yeniyətmələr ideoloji və texnoloji təzyiqə məruz qalır, formalaşmamış psixologiyaları deformasiyaya uğrayır. Bu da bir sıra problemlərə gətirib çıxarır. Suiqəsddən tutmuş, kriminal hadisələrə qədər… Yeniyetmə və uşaqlara davranış nümunələri təqlid və təqdim edilməlidir. Bu da kinonun funksiyasıdır. Ssenari müsabiqəsi bu filmlərin yaradılmasına stimul verməlidir.
— Azərbaycan Kinematoqrafçılar İttifaqının elan etdiyi “Sən, ey uşaqlıq” adlı tammetrajlı bədii film ssenarisi müsabiqəsinin adı çox şey deyir. Sadəcə, uşaq olan qəhrəman yox, uşaqlıqla vidalaşma, erkən böyümə, itirilmiş saflıq, travma, seçim, yaddaş kimi mövzular işlənə bilərmi? Müsabiqə barədə geniş məlumat verərdiniz.
— Uşaqlara ünvanlanmış filmlərin “uşaq ağlı” ilə çəkilməsi səhv yoldur. Uşaqlara ünvanlanmış məhsul ciddi yanaşma və ağıl tələb edir. Bizim müsabiqənin şərtlərinə uşaq və yeniyetmələrin baş qəhrəman olması aiddir. Amma filmlərin ancaq onlara ünvanlanması şərti yoxdur. Uşaq mövzulu filmlərin parlaq nümunələri böyüklərə də maraqlı olur, necə ki, həm “Sehrli xalat”a, həm də” Şərikli çörək” filminə hamımız baxırıq. Siz deyən mövzuların hamısı uşaq və yeniyetmə qəhrəmanlar vasitəsilə ifadə edilə bilər. Hətta, mən deyərdim ki, uşaq qəhrəmanlar, problemi daha ifadəli həll edir.
— Sizcə, müasir Azərbaycan kinosunda uşaqlıq mövzusu yetərincə danışılırmı, yoxsa bu müsabiqə bir boşluğu doldurmaq məqsədi daşıyır?
— Son 15 ildə “Buta”, “40-cı qapı”, “Dərs” filmləri yada düşür. 2025-ci il prokatında üç uşaq mövzulu tammetrajlı film prokatda olub. Kino agentliyi də (ARKA) yeniyetmə qəhrəmanların iştirakilə tarixi-macəra mövzusunda filmi bitirmək üzrədir. Yox deyil, amma azdır, belə deyək. Müsabiqə də bu sahədə inkişaf üçün hazırlanıb.
— “Sən, ey uşaqlıq” adını seçərkən əsas niyyətiniz nə olub? Bu müsabiqədə daha çox nostalji uşaqlıq, yoxsa bugünkü uşağın reallığı axtarılır?
— Nostalji uşaqlıq heç istəməzdik. Bizə bu gün lazımdır. Müasir uşaq və yeniyetmələr. Müasir qəhrəmanlar yaşından asılı olmayaraq kinoda bütün çeşidi və rəngarəngliyi ilə ifadə edilməyib. Kino həyatdan uzaq düşüb, uşaq həyatı xüsusilə…
— Seçim zamanı ideya üstün gəlir, yoxsa dramaturji struktur?
— Struktur olmalıdır. Kamil olmasa, zövqlü dialoqlar və orijinal baxışla kompensasiya ola bilər. Amma dramaturji struktursuz ssenarinin qalib gəlmək şansı yoxdur.
— Bu müsabiqənin qalibi olan ssenarinin real istehsal şansı varmı?
— Qaliblərə pul mükafatı verilməsi öhdəliyimiz var. İstehsal üçün müəllifləri istehsalçılar ilə əlaqələndirməyə və ARKA-nın müsabiqələrində iştiraka dəstək verəcəyik. Artıq AKİ də öz istehsalını formalaşdırmaq niyyətindədir.
— Əgər bu müsabiqədən cəmi bir ssenari qalacaqsa, o ssenarinin oxucuda (izləyicidə) hansı hissi buraxmasını istəyərdiniz?
— Əgər ssenari tamaşaçıda uşaq və yeniyetmələrə bir dünya sahibi olan, zərif amma tamhüquqlu bir şəxsiyyət kimi yanaşmasına səbəb olacaqsa, bundan məmnun olarıq. Yaşından asılı olmayaraq qarşındakı insana sayqın olmalıdır.
Tribuna.az / Dəniz Pənahova

