“Kinobox” AR Mədəniyyət Nazirliyinin təsis etdiyi “Mədəni və Yaradıcı Sənayelərin İnkişaf Mərkəzi” – “Yaradıcı”nın, AR Kino Agentliyinin (ARKA) və Azərbaycan Kinematoqrafçılar İttifaqının dəstəyilə yaradılmış, Azərbaycan filmlərini bir araya gətirən rəqəmsal platformadır. “Kinobox”, yerli klassik filmlər də daxil olmaqla, yeni və çəkilməkdə olan ekran əsərlərinə qədər, bütün milli kinematoqrafiya fondumuzu bir araya gətirir.

Platformanın təsisçisi, rejissor Elvin Abullayevin sözlərinə görə, layihə yalnız filmlərin yayımını təmin etmək üçün deyil, həm də yerli kino sənayesinə dəstək olmaq, istedadlı rejissorları və ssenaristləri tanıtmaq, tamaşaçılarla yaradıcılar arasında körpü qurmaq üçün bir vasitədir. “Kinobox” olaraq, Azərbaycan kinematoqrafiyasının qlobal səviyyədə tanınması və dəyərləndirilməsi üçün yeni bir səhifə açmağı, Azərbaycan filmlərini dünya miqyasında tanıtmağı qarşıya məqsəd qoyulub. Platformanın əsas məqsədi, hər bir istifadəçiyə yüksək keyfiyyətli film məzmunu təqdim etmək və yerli filmlərə olan marağı artırmaqla, Azərbaycan kino sənayesinin yeni inkişaf mərhələsinə keçidinə töhfə verməkdir.
Azərbaycan Kinematoqrafçılar İttifaqı Azərbaycan kinosunun tamaşaçılarının sayının artması üçün analoji platformaların mövcudluğunu vacib məqamlardan biri hesab edir.
Xatırladaq ki, “Kinobox” platforması 2025-ci il, dekabrın 9-da “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025” çərçivəsində ictimaiyyətə təqdim olunub.
aki.az

