Azərbaycan Kinematoqrafçılar İttifaqının “Bölgələrdə kino günləri” layihəsinin builki turu Gəncə şəhərindən başlayıb. 11-13 mart tarixlərində baş tutan “Gəncə kino günləri”ndə yerli tamaşaçılara Zaur Qasımlının “Tağıyev: Neft”, Mirsadıq Ağazadənin “Eviniz abad” tammetrajlı bədii, Pərviz Həsənovun “Başlıbel – mühasirə gündəliyi” tammetrajlı sənədli, Qulu Əsgərovun “Hasar”, Elvin Adıgözəlin “Rəna xanım film çəkir”, Emin Əfəndiyevin “Tənha insanın monoloqu”, Orxan Ağazadənin “Oturacaqlar”, Teymur Qəmbərovun “Quxuroba” qısametrajlı bədii, Fariz Əhmədovun “Sonuncu” və Tahir Tahiroviçin “O, Xarqo idi” qısametrajlı sənədli filmləri təqdim olunub.

Tədbirin Gəncə Şəhər Heydər Əliyev Mərkəzində keçirilən ilk günü Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin nümayəndəsi Tacir Qurbanovun çıxışı ilə start götürüb. T.Qurbanov çıxışında bölgələrdə yaşayan insanlarımıza yeni Azərbaycan filmlərini görmək imkanı yaratdığı üçün AKİ və ittifaqın sədri, Xalq artisti Rasim Balayevə təşəkkürünü bildirib. Daha sonra tamaşaçılar “Tağıyev: Neft” filminə baxıblar və nümayişdən sonra filmə bağlı təəssüratlarını bölüşüblər.

Heydər Əliyev Mərkəzindəki ikinci seanda “O, Xarqo idi” filminin rejissoru Tahir Tahiroviç və “Tənha insanın monoloqu” filmində baş rollardan birinin ifaçısı, rejissor Mahir Dərviş tamaşaçıları maraqlandıran sualları cavablandırıblar.
Növbəti günlərdə tədbir Gəncə şəhər Məhsəti Gəncəvi Mərkəzində “Başlıbel-mühasirə gündəliyi” filminin rejissoru Pərviz Həsənov və “Eviniz abad” filminin rejissoru Mirsadıq Ağazadənin iştirakı ilə davam edib.


Qeyd edək ki, “Bölgələrdə kino künləri” layihəsinə 2022-ci ildə start verilib və AKİ-nın uzunmüddətli layihələrindən biridir. Layihənin hədəfi bölgələrdə yaşayan kinosevərləri müasir Azərbaycan kinosu ilə tanış etmək, regionlarda kino mədəniyyətini canlandırmaqdır. Layihə çərçivəsində Azərbaycanın müasir rejissorlarının bədii və sənədli filmləri regionlarda nümayiş olunur, tamaşaçılarla yaradıcı görüşlər keçirilir.
aki.az

