Aprelin 25-də “Nizami” Kino Mərkəzində “DokuToor-2” sənədli film nümayişi proqramı çərçivəsində yapon rejissoru Kazuhiko Mizuşinanın “Dağ hərəkət edir” tammetrajlı filmi nümayiş olunub. Filmin adı dzen-buddizm fəlsəfəsində kamilləşmə yolunu, özünüdərki ehtiva edən “Dağ hərəkət edir” ifadəsindən götürülüb və tamaşaçıları bir saat on beş dəqiqləlik meditasiyaya dəvət edir.



Filmin qəhrəmanı Fumihiro Sano odunçu ailəsindədir. O da beş nəsillik ailə ənənəsinə sadiq qalaraq odunçuluq və xarratlıqla məşğul olur, asudə vaxtını isə təbiətdə keçirir. Tamaşaçı Fumihironun bir gününə yoldaş olur və onunla birlikdə özünü zamanın axınına buraxır.

Nümayişdən sonra kinotənqidçilər Sevinc Xanbutayeva və Aygün Aslanlının moderatorluğu ilə filmin müzakirəsi olub. Qeyd edək ki, “sənədli kino — uşaq dünyası və ekoloji düşüncənin inkişafı naminə” başlığı altında keçirilən “DokuToor 2” sənədli film nümayişləri layihəsi DokuBaku Beynəlxalq Sənədli Film Festivalı, Gənc Film İstehsalçıları Assosiasiyası və Azərbaycan Kinematoqrafçılar İttifaqı tərəfindən, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyilə reallaşan “Sənədli kino — uşaq dünyası və ekoloji düşüncənin inkişafı naminə” layihəsi çərçivəsində keçirilir.
aki.az

