İyunun 6-da “Nizami” Kino Mərkəzində Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə AKİ üzvü, Azərbaycan Respublikasının Əməkdar jurnalisti, kinodramaturq və yazıçı Nadejda İsmayılova ilə yaradıcılıq görüşü keçirilib.
Tədbirin ideya müəllifi AKİ-nin İdarə Heyətinin üzvü, Avrasiya Televiziya Akademiyasının həqiqi üzvü və akademiki, rejissor, prodüser Arzu Qulamovdur.

N.İsmayılovanın yubileyi münasibətilə təşkil olunmuş tədbirdə tanınmış simalar, jurnalistin peşə dostları, o cümlədən, Nadejda xanımın dostları və bir sıra qonaqlar iştirak ediblər. Tədbirdə iştirakçılara yubilyarın zəngin yaradıcılıq dünyası ilə yaxından tanış olmaq, maraqlı hekayələrini öz dilindən dinləmək və səmimi ünsiyyət qurmaq imkanı da yaradılmışdı. Bundan əlavə, Nadjda xanımın uzunmüddətli fəaliyyətini əks etdirən videoçarxlar da qonaqlara təqdim olundu.

Nadejda İsmayılova 1962-ci ildə ADU-nun filologiya fakültəsində, 1974 –cü ildə isə Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunun ssenari və kinoşunas fakültəsində təhsil alıb. Uzun illər Azərbaycan Televiziyasında (1959-1975 və 1986-1996), “Azərbaycanfilm” kinostudiyasında(1975-1986) çalışıb. Bir müddət “Azərbaycanfilm” kinostudiyasında baş redaktorun müavini vəzifəsini də icra edib. “Dalğa”, “Həftə plyus”, “TV Kuryer” televiziya publisistik proqramların müəllifi və aparıcısı olub. N.İsmayılovanın ssenariləri əsasında lentə alınan Bakı haqqındakı filmlər onun paytaxtımıza olan xüsusi sevgisini tərənnüm edir. Şərqlə Qərb arasında körpü olan Bakının yaxın-uzaq keçmişini əks etdirən filmlərdən “Bakı beş dəniz limanıdır” (Semyon Kuşnerlə birgə), “Bakıya xoş gəlmisiniz”, “Bakının mənzərələri”, “Bakı eliksiri” (Otto Dinaldla birgə) və digər ekran əsərləri tamaşaçıların Bakı haqqındakı təsəvvürünü dərinləşdirir, zənginləşdirir. O, kinostudiyada çalışdığı illərdə bir neçə sənədli (“Nabran” – Ruslan Şahmalıyevlə birgə və s.), bədii (“Asif, Vasif, Ağasif” və s.) filmin ssenarisini yazıb. Həmçinin bir sıra sənədli (“Yeddi gözəl”, “Unudulmuş qəhrəman” – Dinarə Gərəkməzli ilə birgə və s.), animasiya (“Qırmızılar, qaralar və başqaları”), bədii (“Ad günü”, “Bayquş gələndə…”, “Bir ailəlik bağ evi”, “Dantenin yubileyi”, “Qorxma, mən səninləyəm”, “Mezozoy əhvalatı”, “Park”, “Yol əhvalatı” və s.) filmlərin redaktoru olub. Ssenarisi əsasında 1980-ci ildə rejissor Gülbəniz Əzimzadənin quruluş verdiyi “Təkcə adanı özünlə apara bilməzsən” filmi 1980-ci ildə Kiyevdə keçirilən XI Respublika “Gənclik-80” kinofestivalında Ətraf mühitlə bağlı aktual mövzunun təcəssümünə görə münsiflər heyətinin Diplom və Prizini alıb və bir neçə mükafata layiq görülüb. Ssenarist, redaktor kimi ömrünün əsas hissəsini kinoya həsr edən N.İsmayılova, 50-dən çox filmdə ssenarist, redaktor və məsləhətçi kimi çalışıb. Ssenariləri əsasında “Təkcə adanı özünlə apara bilməzsən, “Asif Vasif, Ağasif”, “Həqiqətin anı”, “Tələ” və s. filmlər çəkilib.
aki.az

