Oktyabrın 30-da Azərbaycan Kinematoqrafçılar İttifaqında “Qırmızı Zona” serialının yaradıcı heyəti ilə görüş-müzakirə keçirilib. Qeyd edək ki, 12 bölümdən ibarət “Qırmızı Zona” Azərbaycanda antiutopiya janrında çəkilmiş ilk serialdır.
Kinotənqidçi Sevda Sultanovanın moderatorluğu ilə keçirilən müzakirədə serialın baş prodüseri İslam Ağa, rejissoru Elvin Rüstəmzadə, ssenari müəllifi Asiman Ağa Rövşən, operatoru Cavid Aslanov, bəstəkarı Vüqar Məmmədzadə, aktyorlar Rasimə Abbasova və Rasəf Mehdiyev, eləcə də rejissor və kinoyazarı Mirbağır İsmayılov iştirak ediblər.
Müzakirə zamanı “Qırmızı Zona”ya prodüser yanaşması, istehsalat prosesi və serialın yaradıcı tərəfləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Eyni zamanda, serialın ümumilikdə Azərbaycan kinosənayesi üçün yaradıcı və istehsalat nöqteyi nəzərdən hansı yeni imkanlar aça biləcəyi müzakirə olunub.
Müzakirənin daha geniş məzmunu Kinoyazar.az saytında təqdim ediləcək.

