Oktyabrın 26-da Azərbaycan Kinematoqrafçılar İttifaqının zalında “Sisyphe” kinoklubunun növbəti film müzakirəsi keçirildi. Bu dəfə Ladislav Fuksun romanı əsasında çex rejissoru Yuray Hertsin çəkdiyi “Kremator” (1969) filmi ətrafında fikir mübadiləsi aparıldı.
Filmdə hadisələr 1930-cu illərin sonlarında Praqada cərəyan edir. Nümunəvi ailə başçısı kimi tanınan Karel Kopferkinqel krematoriyaya rəhbərlik edir. O, hər fürsətdə dəfnlə müqayisədə kremasiyanın üstünlüklərindən danışır, fikirlərini isə dini və fəlsəfi mülahizələrlə əsaslandırmağa çalışır. Karel gah “İncil”ə, gah da Tibet fəlsəfəsinə dair sevimli kitabına istinad edir. Lakin alman qoşunlarının ölkə sərhədlərinə yaxınlaşması ilə həm qəhrəmanın, həm də ölkənin sakit həyatı sona çatır. Karel nasistlərlə əməkdaşlıq etmək qərarına gəlir. O, cəmiyyətdə daha yüksək mövqe qazanmaq naminə öz inanclarından, hətta doğmalarından belə imtina edir. Hakimiyyət dəyişikliyi ona yalnız sosial pillələrdə sürətlə yüksəlmək imkanı vermir, həm də biznesinə müsbət təsir göstərir.

Müzakirə zamanı klub üzvləri nasist təbliğatının yaranması, onun cəmiyyətə təsiri və ideologiyanın ayrı-ayrı insanların dünyagörüşünü tədricən necə dəyişdirməsi haqqında danışdılar. Baş qəhrəmanın timsalında nasist ideyalarının yayılma mexanizmləri, onların gündəlik həyata nüfuz etməsi və fərdin əvvəllər qəbuledilməz hesab etdiyi davranışlara zaman keçdikcə haqq qazandırması müzakirənin əsas mövzularından biri idi.
Bununla yanaşı, Tibet fəlsəfəsi, Nitsşenin ideyaları və nasist ideologiyası arasındakı əlaqə, eləcə də müxtəlif fəlsəfi təlim və inanclardan siyasətdə necə istifadə olunması barədə fikirlər səsləndirildi.
“Kremator” kino həvəskarları arasında o qədər də geniş müzakirə olunmayan filmlərdən olsa da, iştirakçılar rejissorun psixoloji triller janrının imkanlarından məharətlə yararlandığını və yumoru ustalıqla təqdim etdiyini vurğuladılar. Müzakirə iştirakçılarının fikrincə, filmi birmənalı şəkildə “qara komediya” adlandırmaq çətindir. Bununla belə, yumor filmin dramaturgiyasında mühüm rol oynayır. Və bunun sayəsində baş verən hadisələrin eyni zamanda absurd və dəhşət olduğu üzə çıxır. Rejissor məhz bu üslub vasitəsilə göstərir ki, insan qəddarlığının gündəlik həyatın hissəsinə çevrilməsi nə qədər qorxunc ola bilər.
Qeyd edək ki, Yuray Herts yəhudi kökləri olan ailədə dünyaya gəlmiş, İkinci Dünya müharibəsi başlayanda isə ailəsi yaşadığı yeri tərk etmək məcburiyyətində qalmışdı. Bu təcrübə, şübhəsiz ki, onun yaradıcılığına təsir göstərmişdi.
Müzakirə zamanı baş qəhrəmanın xarakterinin inkişafına və dünyagörüşünün tədricən dəyişməsinə xüsusi diqqət yetirildi. Karelin müxtəlif addımlar atması, onlara bəraət qazandırması və əsl niyyətini zahirən normal görünən mülahizələrinin arxasında gizlətməsi də maraqlı müzakirələrə yol açdı. Filmin əvvəlində o, müəyyən prinsipləri və inancları olan insan təsiri bağışlayır. Lakin hadisələr inkişaf etdikcə aydın olur ki, onun mövqeyi dəyişməz prinsiplərə əsaslanmır. Şərait və baxışlar dəyişsə də, Karel özünü haqlı hesab etməkdə davam edir.

Söhbət zamanı mövzu ilə əlaqədar Lion Feyxtvangerin “Gözləmə zalı” əsəri də xatırlandı. Bu əsərdə də hadisələr ayrı-ayrı insanların və bir ailənin taleyi prizmasından təqdim olunur. Tarixi hadisələrin və siyasi ideologiyanın qəhrəmanların şəxsi qərarlarına təsiri, onların baş verənlərə münasibətinin dəyişməsi, eləcə də inanclarla şəxsi maraqlar arasındakı sərhədlərin tədricən aradan qalxması baxımından iki əsər müqayisə edildi.
Filmin vizual həlli də klub üzvlərinin marağına səbəb oldu. Ağ-qara çəkiliş, qeyri-adi rakurslar və kadr kompozisiyaları narahatedici atmosfer yaradır, tamaşaçını daim gərginlikdə saxlayır. Kamera sadəcə hadisələri əks etdirmir, həm də psixoloji narahatlıq hissini gücləndirərək tamaşaçını qəhrəmanın davranışlarını daha diqqətlə izləməyə sövq edir.
Aktyor oyunu da eyni dərəcədə təsirli hesab olundu. Müzakirə iştirakçılarının hamısı baş qəhrəmanı canlandıran Rudolf Qruşinskinin yaratdığı obrazın onlarda ikrah və antipatiya hissi doğurduğunu qeyd etdilər. Bu isə aktyorun personajın daxili aləmini və mənəvi deqradasiyasını nə qədər inandırıcı şəkildə təqdim etdiyini göstərir.
Bundan başqa, filmin ayrı-ayrı detalları, simvolik elementləri və onların ümumi dramaturgiyadakı rolu ətrafında da fikir mübadiləsi aparıldı.
Kino müzakirələri Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkilati dəstəyi ilə keçirilir. Görüşlərin kuratoru isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin ssenari ixtisası üzrə 4-cü kurs tələbəsi Məryəm Yüzbaşevadır.

