Azərbaycan Kinematoqrafçılar İttifaqının Vətən müharibəsinin ildönümü və Zəfər Günü münasibətilə təşkil etdiyi “Müharibə və insan” adlı silsilə film nümayişləri noyabrın 6-da Pərviz Həsənovun “Uşaqlıq fotosu” qısametrajlı sənədli filmi və Şirin Əhmədovun “Qütb ulduzu” qısametrajlı bədii filminin nümayişi ilə yekunlaşıb.
Nümayişdə “Qütb ulduzu” filminin baş rol ifaçısı, Əməkdar artist Hüsniyyə Mürvətova, “Uşaqlıq fotosu” filminin rejissoru Pərviz Həsənov, operatoru Pərvanə Həsənova, filmin qəhrəmanı Rəşad və onun ailə üzvləri iştirak ediblər.

Filmlərin nümayişindən sonra tamaşaçılarla yaradıcı heyət arasında müzakirə keçirilib. Görüş zamanı ekran əsərlərinin yaranma tarixçəsi, çəkiliş prosesi, yaradıcı axtarışlar, filmlərin bədii-estetik xüsusiyyətləri ətrafında fikir mübadiləsi aparılıb.
Kinoşünas Aygün Aslanlı “Qütb ulduzu” filmi haqqında fikirlərini bölüşərək bildirib ki, ekran əsəri Azərbaycan Kinematoqrafçılar İttifaqının bölgələrdə təşkil etdiyi film nümayişləri çərçivəsində bir neçə dəfə tamaşaçılara təqdim olunub. Lakin nümayişlərdə şəhid ailələrinin üzvlərinin, xüsusilə şəhid analarının iştirakı zamanı filmin ağır emosional təsiri nəticəsində bəzi tamaşaçıların səhhətində ciddi narahatlıqlar yaranıb, hətta huşunu itirənlər olub. Bu səbəbdən sonradan filmin həmin nümayiş proqramlarından çıxarılması qərara alınıb. Aygün Aslanlı bu məqamı filmin tamaşaçıya güclü emosional təsirinin göstəricisi kimi dəyərləndirib.

“Qütb ulduzu” filminin baş rol ifaçısı, Əməkdar artist Hüsniyyə Mürvətova da çəkiliş prosesi ilə bağlı xatirələrini bölüşüb. O, oğlunun qonşuluqda yaşayan dostunun şəhid olmasının onda yaratdığı ağır hisslərdən danışaraq müharibə mövzusunun şəxsən özü üçün də son dərəcə həssas olduğunu vurğulayıb, filmdəki bəzi səhnələrin onda yaratdığı emosional təsiri hələ də unutmadığını qeyd edib.
Rejissor Şirin Əhmədovun diplom işi olan “Qütb ulduzu” filmində Hüsniyyə Mürvətova ilə yanaşı, Xalq artisti Məmməd Səfa da ata obrazını canlandırıb. Üç gün ərzində Şəki şəhərində lentə alınan filmin yaradıcı həlli, kino dili və vizual ifadə vasitələri müzakirənin əsas mövzularından olub.
Kinotənqidçi Sədaqət Kamal filmin bədii xüsusiyyətləri haqqında fikirlərini bölüşərək rejissorun hadisələri və qəhrəmanların daxili yaşantılarını vizual elementlər vasitəsilə tamaşaçıya çatdırmaq cəhdinə diqqət çəkib. Müzakirədə filmin təsvir dili, vizual dramaturgiyası və emosional atmosferinin qurulması ilə bağlı məqamlara toxunulub.

Daha sonra “Uşaqlıq fotosu” sənədli filmi ətrafında müzakirələr aparılıb. Filmin rejissoru Pərviz Həsənov ekran əsərinin ərsəyə gəlməsi prosesindən danışaraq çəkilişlərin beş il ərzində davam etdiyini bildirib. O, uzunmüddətli müşahidə və qəhrəmanların həyatına yaxın yanaşmanın filmin formalaşmasında mühüm rol oynadığını qeyd edib.
Filmin qəhrəmanı Rəşad da tamaşaçılarla öz xatirələrini bölüşüb. O, uzun illərdən sonra doğma yurduna qayıdarkən uşaqlığının keçdiyi evin dağıldığını görməsinin onda yaratdığı hisslərdən danışıb. Bu xatirələr müharibənin yalnız maddi dağıntılarla deyil, insanların uşaqlıq yaddaşında, ailə tarixində və şəxsi həyatında buraxdığı izlərlə də bağlı olduğunu bir daha göstərib.
Müzakirə zamanı 30 ilə yaxın işğal altında qalmış Azərbaycan torpaqlarında yaşayış evlərinin, meşələrin və təbii mühitin dağıdılması, bütövlükdə həyatın izlərinin silinməsi nəticəsində yaranmış mənzərə haqqında da fikirlər səsləndirilib. Tamaşaçılar filmdə əks olunan görüntülərdən çıxış edərək işğalın doğurduğu maddi və mənəvi itkilərə, tarixi faktlara və insanların doğma torpaqlarına qayıdış zamanı yaşadıqları hisslərə toxunublar.

Kinoşünas Aygün Aslanlı “Uşaqlıq fotosu” filminin sənədli kino dili haqqında danışaraq son dövrlərdə bədiiləşdirilmiş sənədli filmlərin geniş yayıldığını qeyd edib. O, bu baxımdan müşahidə metoduna əsaslanan, hadisələrə birbaşa müdaxilə etmədən qəhrəmanların təbii davranışlarını və yaşantılarını izləyən sənədli filmlə qarşılaşmağın xüsusi zövq verdiyini bildirib.
Görüş boyunca tamaşaçılar yaradıcı heyətə suallar ünvanlayıb, filmlərin mövzusu və bədii həlli ilə bağlı düşüncələrini bölüşüblər.

Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkil etdiyi “Müharibə və insan” silsiləsi çərçivəsində həm dünya kinosunun klassik nümunələri, həm də yerli kinematoqrafçıların müharibə mövzusuna həsr olunmuş ekran əsərləri tamaşaçılara təqdim edilib.

