Azərbaycan Kinematoqrafçılar İttifaqında 20 Noyabr 1991-ci ildə baş vermiş helekopter faciəsinin 35-ci ildönümü ilə bağlı anım tədbiri keçirildi. Tədbirdə Azərbaycanın Milli Qəhrəmanı, jurnalist Alı Mustafayevə həsr olunmuş “Alı zirvəsi” sənədli filmi nümayiş olunub. Sənədli film Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin “Yaddaş” və “Salnamə” studiyalarında 2010-cu ildən başlayan “Azərbaycanın Milli Qəhrəmanları” silsiləsi çərçivəsində çəkilmişdir. 2017-ci ildə ərsəyə gələn filmin ssenari müəllifi və rejissoru kinorejissor Kamalə Musazadədir. Filmin çəkilişləri Alı Mustafayevin doğulduğu Qazax rayonunun Qazaxbəyli kəndində və Bakının müxtəlif məkanlarında aparılmışdır. Filmin təqdimat mərasimləri Qazaxda, Ağstafada, Tovuzda, Gəncədə və Bakının müxtəlif yerlərində keçirilmişdir.
Filmdə Alı Mustafayevin sovet dönəmində Azərbaycan Televiziyasında çalışdığı dövrlərdə peşəkar jurnalist kimi fəaliyyətindən, helekopter faciəsindən və şəhadətindən sonra bilinən şairliyindən söhbət açılmışdır.

2026-cı il 20 Noyabr tarixində keçirilən anım tədbirini Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, Milli Kino Mərkəzinin rəhbəri Kamalə Musazadə giriş sözüylə açdı. Şəhidlərimizin əziz və müqəddəs xatirəsi bir dəqiqəlik sükutla anıldı və Azərbaycan Himni səsləndi. Aparıcı qısaca günün mahiyyətindən, 1991-ci il Noyabrın 20-də baş verən helekopter faciəsindən söhbət açdı. Sonra “Alı zirvəsi” sənədli filmi nümayiş olundu. Filmdən sonra qiraətçi aktrisa Həlimət Sultan Alı Mustafayevin “Dəli bir ağlamaq keçir könlümdən” şeirinin motivləri əsasında musiqili kompozisiya nümayiş etdirdi.


Daha sonra Qazax Xeyriyyə İctimai Birliyinin sədri İlham Pirməmmədov, Birliyin üzvləri Zaməddin Ziyadoğlu, Valeh Nəsibli, Ramiz Göyüşov, şəhid Teymur Abbaslının anası Başxanım Abbasova, İctimai Təşkilat sədri Mehriban Abdullayeva çıxış etdilər. Təbrizli bəstəkar xanəndə Arif Mehmandost qazilərə həsr etdiyi “Qazilər” mahnısını ifa etdi. Tədbirdə iştirak edən Qarabağ qaziləri ürək sözlərini tədbir iştirakçıları ilə bölüşdülər. Təbrizli xanəndə Nəsrin Şəfiyi “Şəhid qızı” mahnısını ifa etdi.
Tədbir Arif Mehmandostun ifasında “Zəfər” mahnısıyla yekunlaşdı. Kinematorafçılar İttifaqının qonaq zalında şəhidlərimizin xatirəsinin anılması çay süfrəsi ətrafında davam etdi. Tədbir Azərbaycan Dövlət Televiziyası və Baku Tv kanallarında işıqlandırıldı.

