Mayın 20-də “Azərbaycan” CineMastercard-da Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə 2025-ci ildə “Ən yaxşı animasiya” kateqoriyasında Oskar mükafatı qazanmış “Axın” tammetrajlı animasiya filmi (rejissor: Gints Zilbalodis) nümayiş olundu.
Tədbiri giriş sözü ilə açan moderator, kinotənqidçi Sevda Sultanova bildirdi ki: “Azərbaycanda nadir hallarda, Oskar mükafatını yenicə almış filmlərin prokatı olur və ya bu filmlər hansısa qurumun təşkilatçılığı ilə göstərilir. Azərbaycan Kinematoqrafçılar İttifaqına təşəkkür edirik ki, bu filmin hüquqlarını alaraq nümayişinə nail oldu. Eyni zamanda, AKİ-nin əməkdaşı, bizim film nümayişlərinin təşkilində əsas yükü daşıyanlardan biri Ülviyyə xanım Əhmədovaya da təşəkkür edirik ki, üç ay filmin prodüserləri ilə yorulmadan danışıqlar apardı və nəticə əldə etdi. “Axın” Belçika, Latviya və Fransanın birgə istehsalıdır. Filmi həm dünyanın modeli kimi, həm “Nuhun gəmisi” hekayəsi kimi yozmaq olar. Təbii ki hər bir tamaşaçının öz baxışı olacaq. Nümayişdən sonra həmkarım İlqar Quliyevlə birgə filmi sizinlə bərabər müzakirə edəcəyik”.

Nümayişdən sonra moderator bildirdi ki, “Axın” filmindən sonra dünyada latış kinosu haqda müəyyən bir təsəvvür yarandı: “Axın” filminin büdcəsi 3 milyon yarım avrodur. Dünya prokatında indiyə qədər 26 milyon dollar gəlir əldə edib. Filmin istehsalına, eyni zamanda, Evroimaj təşkilatı 400 min avro vəsait ayırıb. Oskar mükafatı qazanandan sonra Latviyada yerli sahibkarların kino sənayesinə marağı artıb, xarici şirkətlər isə latış kinosuna vəsait qoymaq istəyirlər. Sovet dönəmində bizim latış kinosu haqda konkret təsəvvürümüz vardı. Dünyada isə bu təsəvvür “Axın”dan sonra əmələ gəldi. Bu filmdə diqqətimi əsasən iki şey çəkdi: səs həlli, səsin dizaynı və heyvanların dəqiq plastikası, onlara incəliklə biçilmiş xarakterlər”…
Animator Orxan Süleymanov bildirdi ki, o, 3D qrafikası ilə 20 ilə yaxındır, işləyir: “Bu film böyük proqramda yox, günümzün ən sadə və populyar proqramlarından birində Blenderdə yaradılıb. Filmin önə çıxan cəhəti odur ki, bu proqramla hər kəs istənilən zaman evində, studiyada sadə şəkildə böyük qüvvə ayırmadan iş görə bilir. Digər proqramlar isə adətən daha çox maliyyə tələb edir. “Axın”la sübut etdilər ki, əsas məsələ ideya, yaradıcı yanaşma və onu göstərmək tərzidir. Bu filmə görə Oskar almaq böyük nailiyyətdir”.

Kinotənqidçi İlqar Quliyev: “Axın” filminin mövzusunu Nuhun gəmisi rəvayəti ilə, o cümlədən, ekoloji fəlakətlərlə də müqayisə etmək olar: “Amma bu filmi ilk növbədə, əsrimizin postmodernist manifesti kimi dəyərləndirmək olar. Çoxşaxəli ekran əsəridir. Və burada hər mövzuya toxunulub. Əsas açar filmin adındadır: “Axın”. Bu gün bizim bura toplayan axındır, informasiya axınıdır. Filmdə o, metaforik anlam daşıyır. Burada üç axın var: fikir axını, məlumat axını və zaman axını. Bəşəriyyət öz iradəsindən asılı olmayaraq, rəqəmsal axına düşüb. İstəyimizdən asılı olmayaraq bu axınla gedirik. Və filmdə olan canlılar kimi axınla gedərək hadisələr görürük, yeni insanlarla tanış oluruq, məlumatlar alırıq. Bunun həm mənfi, həm müsbət təsirləri olur. Başqa bir məqam, rəqəmsal antiutopiya, eyni zamanda utopiyadır. Filmin ilk dəqiqələrində insan izi var, amma insan yoxdur. Bəs insan hanı? Bu antiutopiyadır. Burada həyatımızı zəbt etmiş rəqəmsal sistemin çöküşündən sonra sivilizasiyanın axtarışı baş verir.

Sərt və aqressiv səslənsə də, mən bunu deməliyəm. Bu əsər həm də bəşəriyyətin üzünə bir şillədir. Fikir verin, kataklizm baş verir, hər şey məhv olur, hamı ölür. Bir neçə canlı sağ qalır. Onlar bir-birinə kömək edir, batanı xilas edir, həmrəylik nümayiş etdirirlər. Pandemiya zamanı sosial şəbəkələrdə, mağazalarda çörək üstündə baş verən qırğınların videosu gündəmi zəbt etmişdi. Bu təkcə bizim yox, dünya reallığıdır. İnsanın instinktlərinin idarəetmə reallığıdır. Sual budur ki, insan kataklizmlə üz-üzə qalanda şəxsiyyətini qoruya biləcəkmi?! İnstinktlərini cilovlaya biləcəkmi?! Filmin daha bir mesajı isə təmənnasızlığa işarə edir. Filmdə suya bir neçə dəfə düşüb boğulan pişiyi xilas edən nəhəng balina, sonda özü ölümlə üz-üzə qalır, lakin pişik acizliyi ucbatından onu xilas edə bilmir. Balina onu xilas edəndə bu addımı təmənnasız etmişdi, heç bir gözlənti olmadan.”
Tamaşaçı Rüfət Abdulla filmdə 4 temperamentin təsvir edildiyini dedi: “Çox uğurlu personajlardır. Fərqli personajların ziddiyyəti vəhdət yaradır”.
Kinoşünas Sədaqət Kamal filmin nümayişinə görə AKİ-yə təşəkkür etdi: “Bütün obrazlar insan obrazlarıdır. Bu, alleqorik hekayədir. Ən xoşuma gələn lemurun obrazı idi, maraqlı xarakterlər vardı. Katib quşu romantik insan obrazı idi. Sonda göylərə çəkildi. Biz hamımız okeanın damlasıyıq. Çox pozitiv filmdir, aqressiya yoxdur”.
Rejissor haqda məlumat verən moderator qeyd etdi ki, Zilbalodis rəssam ailəsində doğulub: “Onun bu sahədə ali təhsili yoxdur. Riqada, sadəcə, rəssamlıq məktəbini bitirib. Reklam çarxları hazırlayıb. Sərbəst şəkildə animasiyanı, bəstəkarlığı öyrənib. “Axın”a qədər bütün filmlərini təkbaşına çəkib, az büdcə ilə işləyib. Özünün ilk tammetrajlı filmi olan “Sirli ada”nı da tək işləyib. O da dialoqsuzdur. Hər iki tammetrajlı filmi Odissey əhvalatıdır. Qəhrəmanlar uzun bir yola çıxırlar, çətinliklərdən keçirlər və s.”.
Animasiya rejissoru Firəngiz Qurbanova dedi ki, film nəfis çəkilib: “Böyük təsir buraxır, birnəfəsə baxılır. Əslində böyüklər üçün filmdir. Məncə, əsas ideya budur ki, nə qədər ki, Yer kürəsi var, insan münasibətlərindəki xaos, müqavimət, mərhəmət, xeyirxahlıq, başqa məkana köçmək arzusu motivi olacaq. Necə ki, buradakı quş başqa bir məkana gedir. Eynilə insan hissləri təsvir olunub. Bütün insan həyatı, dünya bu varlıqların vasitəsilə verilib”.

Tamaşaçılardan biri filmə baxanda özünü oradakı xarakterlərlə eyniləşdirdiyini dedi: “Məncə, it, dostlarını gəmiyə götürməklə səhv etdilər, çünki onlar kömək etməklə daha da çətinlik yaratdılar. Çox sağ olun ki, filmin hüquqlarını alıb, Azərbaycana gətirmisiniz. Bu, animasiya ilə maraqlananlara bir motivasiyadır”.
Tamaşaçıya cavab olaraq İlqar Quliyev qeyd etdi ki, filmdəki heyvanlar atılmışlardır: “Gəmidəki quş sürüsündən qovulur, pişik tərk olunub, lemur də dəstəsindən qovulur. Gəmidə olan canlılar tərk edilmiş və taleyin ixtiyarına buraxılmış canlılardır. Burada daha çox instinktlərdən söhbət gedir. İnsan onu idarə edə bilir. Heyvan isə yox”.

Başqa bir tamaşaçı filmin insanlar arasında birliyin vacibliyinə diqqət çəkdiyini dedi: “Onları çətinlik birləşdirir. Fikir axınından başqa, hiss axını da var”.
Animasiya rejissoru Cavid Əhədov çıxışında bildirdi: “Əsas məntiqi halqa odur ki, təbiət özü-özünü onsuz da bərpa edəcək, əgər onu rahat buraxsaq. Peripetiyalar, tragizm baş verir və xilas üçün həmişə nələrsə qurban verilir. Balina bir növ qurban oldu. O, filmdə epizodik peyda olur və düşünürəm ki, bu, bəlkə də ilahi bir qüvvənin hadisələrdə iştirakıdır. Bu film bizim özümüzə nəzərimizdir. Bizim təbiətə, həyata necə münasibət bəsləməyimiz haqdadır”.

Başqa bir tamaşaçı da filmin nümayişinə görə təşəkkür etdi: “Çox maraqlıdır ki, finala yaxın insanın yaratdığı hər şeyin məhvindən sonra dünya sakitliyə qovuşur. “COP-29” tədbirindən məlum oldu ki, dünyanı dağıdırıq. Təəssüf ki, bir çox şeylər əlimizdə deyil. Diqqətimi çəkən iki şey oldu. Baş roldakı pişik həm bizim özümüzü göstərir; biz planlı addımlar qursaq da, nə olacağını bilmirik. Həyatımız gözlənilməz hadisələr, eniş-yoxuşlarla doludur. Burada da belədir. Heyvanlar ayrı-ayrı ölkələrdəndir. Buna utopiyanın tərənnümü də deyə bilərik. Əgər gəmidə itlə pişik yol gedirsə, böyük qüvvələr, dünyanın idarə olunmasına gücü çatan dövlətlər da bu həyatı istəsələr yarada bilərlər”.
Tamaşaçılardan biri isə düşünür ki, film mərhəmət hissinin ölçülü olmasının vacibliyini anladır.
Səs həllinə toxunan moderator bildirdi ki, müəlliflər səslə yaradıcı davranıblar, onu bir növ emal ediblər: “Hər xarakterə uyğun səs tapılıb. Kapibara filmdə passivdir, sakitdir və onun real səsi onları qane etmədiyindən, dəvə balasının səsindən istifadə ediblər. Balinanın can verdiyi səhnədəki səs, əslində, qoca, xəstə pələngin səsidir. Səs həllində əsas məqsəd, pişiyin emosional dünyasında baş verənlərin necə əks-səda verdiyini göstərmək olub”.
aki.az