İyunun 10-da Azərbaycan Kinematoqrafçılar İttifaqında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kinoşünaslıq ixtisasının 3-cü kurs tələbələri Pərviz Qurbanlı və Amin Həsənlinin birgə ərsəyə gətirdikləri “Lal, kar, kor” və Hüseyn Sarıyevin “90:4” qısametralı bədii filmləri nümayiş etdirilib.
Nümayişdən sonra baş tutan müzakirədə AKİ–nin İdarə Heyətinin üzvləri ssenarist, dramaturq Eldəniz Quliyev, sənətşünas, pedaqoq Nadir Bədəlov, operator Natiq Hüsiyev, rejissor Mir Bağır, kino yazarı Seymur Xəlilov filmlər haqda fikirlərini bölüşdülər. Bu filmləri, gənclərin kinoda struktur, vizual dil axtarışı kimi dəyərləndirən kinematoqrafçılar və tamaşaçılar həmçinin, AKİ-nin debütantların ekran işlərini həmişə diqqətdə saxlamasını və dəstəyini də yüksək qiymətləndirdilər.




Qeyd edək ki, Pərviz Qurbanlı və Amin Həsənlinin “Lal, kar, kor” filmi (operatorlar Araz Quliyev və Yusif Hüseynov) xəstə atasına baxan gəncin tədricən deqradasiyaya uğramasından bəhs edir. Onların münasibəti sükut, təkrarlanan gündəlik rutinlər və getdikcə artan emosiyalar ilə xarakterizə olunur.
Hüseyn Sarıyevin “90:4” filmi (operator: Səyyad Musayev, baş rolda: Pərviz Qurbanlı) isə səssiz və simvolik dillə ifadə olunan görünməyən zəhmət, tənhalıq və mənəvi korluq haqqında vizual müşahidədir. Kamera, üzünü heç vaxt göstərmədiyi adsız insanın gündəlik həyatını izləyir: sıx şəhər ritmi, dağılmış məişət, tullanan çörəklər və yorğunluğun içində itib gedən bir həyat. Rəsm əsərləri və gündəlik məişət detalları vasitəsilə film insanın daxili aclığını və korlaşmış cəmiyyətin ritmini metaforik şəkildə göstərir.
Qeyd edək ki, hər iki film minimal büdcə ilə, gənclərin öz vəsaiti hesabına hazırlanıb.
aki.az

