İyunun 19-dq Azərbaycan Kinematoqrafçılar İttifaqında gənc rejissorlar Mirhafiz Həsənovun “Çağrılmamış qonaq”, Ayaz Quluzadənin “Ya səbir”, Araz Quliyevin “Fraşa-Kriti” filmləri nümayiş olundu.
Nümayişdən sonrakı müzakirədə rejissorlar, moderator Sevda Sultanovanın və tamaşaçıların suallarını cavablandırdılar. Gənc müəlliflər filmlərinin ideya-problematikasından, istehsal zamanı yaranan çətinliklərdən, onlara motivasiya verən məqamlardan və gələcək planlarından danışıblar.


Qeyd edək ki, Mirhafiz Həsənovun “Çağrılmamış qonaq” qısametrajlı bədii filmi ARKA-nın tələbə filmləri layihəsinə aiddir, Kino Agentliyinin, həmçinin, müəllifin özünün maliyyəsi ilə çəkilib. Film ad gününə yığışan, qeyri-adi hadisə ilə qarşılaşan dostların çətin mənəvi seçimindən bəhs edir. Filmin operatoru Nahid Həsənov, ssenaristi Mirtalıb Həsənov, bəstəkarı Fatimə Məmmədzadədir. Rolları Anar Bulud, Orxan Abışov, Samir Əliyev, Şükür Babayev və Kənan Balakişiyev ifa edirlər.
Araz Quliyevin “Fraşa Kriti” sənədli filmi də ARKA nın tələbə filmləri layihəsinə daxildir. Film müasir dövrün ekoloji problemlərindən, insan fəaliyyətinin ekoloji fəlakətdəki rolundan, dünyanın harmoniyasının, nizamının pozulmasından bəhs edir. Sadıq Əliverdibəylinin operatoru olduğu filmdə müəllif müxtəlif fraqmentlərdən bitkin dramaturgiya yaratmağa cəhd göstərib.

İxtisasca iqtisadçı olan Ayaz Quluzadənin “Ya səbir” sürreal eksperimental dramı isə total nəzarət haqdadır. O, bu motivə maraqlı metafor taparaq, total nəzarət mexanizmini məişət hadisəsində göstərir: ev sahibəsi evinə gələn qonaqların hərəkət və davranışlarını mümkün qədər nəzarətində saxlayaraq tənzimləməyə çalışır. Filmin ssenaristi Ayaz Quluzadə, operatoru Rəna Əhməddir, prodüseri Əli İsa Cabbarovdur.
Tədbirdə o da vurğulanıb ki, AKİ gənc rejissorların gələcək filmlərinə dəstək verməyə hazırdır.
aki.az

