AR Kino Agentliyi post-prodakşn müsabiqəsinin qaliblərini elan edib. 19 layihə qalib olaraq post-prodakşn dəstəyi alacaqlar. Müsabiqə kinematoqrafçılar və prodakşnlar tərəfindən müsbət qarşılanır.
Azərbaycan Kinematoqrafçılar İttifaqının katibliyi müsabiqənin nəticələrini müsbət qiymətləndiriblər. Müsabiqə kino sahəsi üçün stimula çevrilib, prodakşnlar həvəslə öz vəsaitləri ilə azbüdcəli layihələrə vəsait ayırır və post-prodakşn müsabiqəsində iştirak edərək layihələrini tamamlayırlar.
Azərbaycan Kinematoqrafçılar İttifaqı olaraq, müsabiqənin fasiləsiz rejimdə olmasını və ya ildə ən azı iki dəfə olmasını istərdik. Bu təşəbbüs özəl investorlar üçün ciddi həvəsləndirici amil olardı. Səriştəli prodakşnların bir qayda olaraq qaliblər arasında olması bəzən qıcıq doğurur, amma bunun obyektiv səbəbləri var. Hər müsabiqədə yeni şirkətlərin də adına rast gəlirik. Qalib olmamış, amma layihə təqdim etmiş şirkətlərin də adlarının açıqlanması müsabiqənin şəffaflığını artırar və etibarlığı yüksəldər.
Xatırladaq ki, ARKA və AKİ İdarə Heyətinin birgə görüşündə səslənən fikirlər arasında Əli isa Cabbarov tərəfindən post-prodakşn müsabiqəsinə, analoji olaraq filmlərin təşviqat xərclərinə də dəstək ayrılması təklif edilib. Bu, xüsusilə filmlərimizin satışının və beynəlxalq arenada nüfuzunun artmasına səbəb ola bilər. Filmlərimizin aşağı kassa göstəriciləri bir çox hallarda istehsalçıların promo xərclərini ödəməməsindən irəli gəlir. Əli İsa Cabbarov bildirib ki, “ARKA filmlərin promo xərclərini dəstəklədiyi halda, həm yerli kinoteatrlarda satış sayı, həm də, beynəlxalq arenada müsbət xatırlamalar arta bilər. Qeyd edək ki, Hollivud standartlarına əsasən, promo xərcləri bəzi hallarda filmin büdcəsi qədər olur. Arzu ediləndir ki, filmlərin promo materiallarının hazırlanması və yerləşdirilməsi xərclərini ARKA dəstəkləsin. Bu dəstək təkcə birbaşa maliyyələşmə yox, ARKA-nın televiziya və radio kanalları ilə bağladığı müqavilə və Mədəniyyət Nazirliyinin reklam lövhələrində təqdim edilməsi ilə də həyata keçirilə bilər. ARKA kinoteatr şəbəkələri ilə qarşılıqlı maraq əsasında Azərbaycanın, xüsusilə ARKA-nın dəstəyilə istehsal edilən sənət filmləri və uşaq kinosunun yayımı üçün üçün güzəştlər alınmasını da dəstəkləyə bilər”.
Azərbaycan Kinematoqrafçılar İttifaqı olaraq, AR Kino Agentliyinin uğurlu işi münasibətini qeyd edib, layihənin nəticələri ilə bağlı sualları olan istehsalçılarla kommunikasiyanın qurulmasına ümid edirik.
aki.az

