Mədəniyyət Nazirliyi tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyinin dəstəyilə istehsal olunan “Tənha insanın monoloqu” bədii filmi Fransanın Briv şəhərində keçirilən 23-cü Brive Film Festivalında iki mükafat qazanıb. Ortametrajlı filmlərin mübarizə apardığı festivalda film mükafatlandırma mərasimində “Tamaşaçı rəğbəti” (Audience award) və “Xüsusi mükafat”a (Prix special) layiq görülüb. 2004-cü ildə əsası qoyulan və Fransada keçirilən Brive Film Festivalı yalnız 30–60 dəqiqəlik ortametraj filmlərə həsr olunmuş dünyanın ilk ən nüfuzlu festivalıdır.
Filmin rejissoru və ssenari müəllifi Emin Əfəndiyev, operatoru Daniel Quliyev, prodüseri Sərvər Bayramov, rəssamı Arif Niftiyev, bəstəkarı Azər Hacıəsgərlidir. Baş rolları Mahir Dərviş və Elşən Əsgərov canlandırıblar.
Ekran əsəri “Shahdagfilm” studiyasında istehsal olunan film, bir müddət öncə Banqladeşdə keçirilən 24-cü “Dəkkə” Beynəlxalq Film Festivalının “Asiya film müsabiqəsi” bölməsində “Ən yaxşı rejissor” mükafatına layiq görülüb.
Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı adıçəkilən filmin ingilis dilinə tərcümə olunmasına və beynəlxalq festivalda iştirakına maliyyə dəstəyi ayırıb.

