Azərbaycan Kinematoqrafçılar İttifaqının artıq iki ildən çoxdur ki, keçirilən “Bölgələrdə Kino Günləri” layihəsi 2025-ci ildə Aran bölgəsində davam etdirilib.
16-30 aprel tarixlərində baş tutan və “Aranda Kino Günləri” başlığı altında keçirilən birinci mərhələdə Yevlax, Ucar, Zərdab, Ağdaş və Göyçay rayonlarında rejissor Mirsadıq Ağazadənin “Eviniz abad”, Aydın Aslanın “Aktyor”, Qulu Əsgərovun “Mən burdayam, İlahi!”, Emin Əfəndiyevin “Tənha insanın monoloqu” tammetrajlı bədii filmləri, Qulu Əsgərovun “Hasar”, Ruslan Ağazadənin “Balaca”, Orxan Ağazadənin “Oturacaqlar”, Teymur Qəmbərovun “Quxuroba” qısametrajlı bədii filmləri və Aynur Kazımovanın “Unudulmuş arzular”, Pərviz Həsənovun “Uşaqlıq fotosu” sənədli filmləri tamaşaçılara təqdim olunub. Nümayişlər Yevlax Şəhər Yaradıcılıq Evi, Ağdaş, Ucar, Zərdab, Göyçay rayonlarının Heydər Əliyev mərkəzlərində baş tutub. “Eviniz abad” filminin Göyçaydakı nümayişində rejissor Mirsadıq Ağazadə də iştirak edib və tamaşaçıların suallarını cavablandırıb.
“Aranda Kino Günləri” layihəsi təkcə rayon mərkəzlərini deyil, kəndləri də əhatə edib. Belə ki, Yevlaxın Aran qəsəbəsinin Mədəniyyət Evində, Ağdaşın Orta Ləki Kənd Mədəniyyət Evində kənd sakinlərinə yeni Azərbaycan filmləri ilə tanış olmaq imkanı yaradılıb. Azyaşlı tamaşaçıların da nümayişlərə böyük marağını nəzərə alan AKİ, bu dəfə proqrama Şamil Nəcəfzadənin “İthaf”, Elçin Hami Axundovun “Güzgü”, Vahid Talıbovun “Lağım” və “Arzular…arzular” animasiya filmlərini də daxil edib.
Əvvəlki illərdə olduğu kimi, bu dəfə də bölgə sakinləri layihəyə böyük maraq göstərib, nümayişlərdən sonra baş tutan müzakirələrdə filmlərə münasibətlərini, fikirlərini həvəslə bölüşürdülər. Göyçay Rayon Ağsaqqallar Şurasının sədri Xəlil Orucov, Ucar Rayon Ağsaqqallar Şurasının sədri M.Ağamalıyev sovet dövründə hər rayonda, ən azı, iki kinoteatr olduğunu, bununla paralel səyyar, açıq hava kinoteatrlarının fəaliyyət göstərdiyini, əhalinin bilet üçün növbəyə düzüldüyünü deyərək həmin kinoteatrların bərpasını arzuladıqlarını bildiriblər.
Ağdaşda nümayişlərdən əvvəl çıxış edən Rayon Mədəniyyət Mərkəzinin direktoru Turanə Qasımova belə layihələrin bölgə əhalisinə diqqət baxımından çox əhəmiyyətli olduğunu deyərək AKİ-yə təşəkkürünü bildirib, layihənin davam etməsini arzuladığını, bununla bağlı əməkdaşlığa hazır olduqlarını deyib. Ləki kəndindəki nümayişdən sonra çıxış edən mədəniyyət evinin direktoru Rasim Seyidov, rəhbərlik etdiyi müəssisənin vaxtilə Zeynəb Xanlarova, Arif Quliyev və başqa görkəmli sənət insanlarını qonaq etdiyindən, vaxtaşırı müxtəlif filmlərin nümayiş olunduğundan danışaraq, yerli sakinləri yenidən Mədəniyyət Evinin zalına topladığına görə, AKİ-yə və şəxsən ittifaqın sədri, Xalq artisti Rasim Balayevə təşəkkürlərini göndərib.
Xatırladaq ki, “Aranda Kino Günləri”nin ikinci mərhələsi Mingəçevir şəhərində planlaşdırılır.
aki.az