İyunun 24-də AKİ-nin kinozalında Azərbaycan Ssenaristlər Gildiyasının təqdimatı keçirilib. Azərbaycan Kinematoqrafçılar İttifaqının dəstəyilə yaradılan qurumun əsas məqsədi, ölkədə fəaliyyət göstərən ssenaristləri bir araya gətirmək, peşəkar əməkdaşlığı gücləndirmək və ssenari sənətinin inkişafına töhfə verməkdir. Gildiyanın təsis toplantısında keçirilən səsvermənin nəticələrinə əsasən, ssenarist Nicat Dadaşov səs çoxluğu ilə qurumun sədri seçilib. Gildiyanın İdarə Heyətinin tərkibi, sədr daxil olmaqla yeddi nəfərdən – Sədr müavini Ramil Ələkbərov, Ülviyyə Heydərova, Elvin Talıbzadə, Nurlan Həsənli, Emin Əfəndiyev, İsmayıl İman – ibarətdir. Gildiyanın təftiş komissiyasının sədri ssenarist, pedaqoq Pərviz Məmmədov, Xanım Aydın və Ülviyyə Əhmədovadır.


Təşkilatın sədri N.Dadaşovun sözlərinə görə, Azərbaycan Ssenaristlər Gildiyasının əsas missiyası təşkilatlanmaq və vahid bir sistem yaratmaqdır. Məqsəd odur ki, bütün ssenaristlər öz təcrübələrini bölüşə, bir-birlərinə töhfə verə bilsinlər. Bundan əlavə, müxtəlif fəaliyyət planları vasitəsilə inkişaf istiqamətində addımlar atılacaq.
O qeyd edir ki, gənc ssenaristlərin gildiyaya qoşulması onlara bir sıra imkanlar yaradacaq. Gənclər üçün planlaşdırılan ssenari laboratoriyaları və müsabiqələr də var. Eyni zamanda, rezidensiya proqramlarına qoşulmaq, ssenari ədəbiyyatına daha rahat çıxış əldə etmək imkanı olacaq.
Tədbirdə iştirak edən AKİ katibləri Xalq artisti, professor Həmidə Ömərova, rejissor-prodüser Əli İsa Cabbarov, sənətşünas, pedaqoq Nadir Bədəlov, ssenarist-rejissor Oleq Səfərəliyev, AKİ-nin İdarə Heyətinin üzvü, ssenarist Eldəniz Quliyev yeni yaranan təşkilata öz təbrik və arzularını çatdırdılar, adıçəkilən təşkilatın milli kinomuzun inkişafındakı vacibliyini vurğuladılar.
aki.az

