İyulun 8-də Azərbaycan Kinematoqrafçılar İttifaqında rejissor Samir Kərimoğlunun “Torpağı sanı yaşayasan” qısametrajlı bədii filminin nümayişi baş tutub. Nümayişdən sonra filmin yaradıcı heyəti rejissor Samir Kərimoğlu, operator İman İmanov, rəssam Səbuhi Atababayev və baş rolun ifaçısı Ramail Bayram moderatorun və tamaşaçıların suallarını cavablandırıblar.




S. Kərimoğlu filmin hekayəsinin yaranma tarixçəsi, ideyanın necə meydana gəlməsi, aktyor seçimi, vizual həll barədə faktları bölüşdü. Filmin quruluşçu rəssamı S.Atababayev dekorasiyaların, detalların işlənməsi zamanı mistik janrın imkanlarından və onun müharibə motivi ilə necə uyğunlaşdırılmasından danışdı. Operator İ. İmanov filmin atmosferində rol oynayan məqamlara, işıq həllinin necə qurulmasına aydınlıq gətirdi. R.Bayram isə rola hazırlıq, obrazda hansı psixoloji məqamların vurğulanması və bu kontekstdə rejissorla əməkdaşlıq məsələlərinə toxundu.

Qeyd edək ki, mistik janrda çəkilən “Torpağı sanı yaşayasan” filmi Birinci Qarabağ müharibəsində tibb işçisi Kamilin, komandiri xilas etməsi zamanı 30 il sonra, müasir dövrümüzlə rabitə əlaqəsindən bəhs edir. Film ARKA-nın maliyyə dəstəyilə çəkilib və “Mozg Media Group”un istehsalıdır. Filmin prodüseri Zaur Mirzəzadədir.
Samir Kərimoğlu “Qanadlarıma sığal çək”, “Sirat körpüsü”, “Niyyət”, “Xoxan”, “Mən evə qayıdıram” və digər filmlərin rejissorudur. O, hazırda ARKA-nın maliyyə dəstəyi verdiyi “Sözün varsa, de” tammetrajlı bədii filminin üzərində işləyir.
aki.az

