Azərbaycan Kinematoqrafçılar İttifaqının “Şimalda Kino Günləri” layihəsinin noyabrın 28-30 tarixlərində baş tutan birinci mərhələsində ilk dayanacaqlarımız Balakən, Zaqatala və Qax şəhərləri oldu. Balakəndə Mədəniyyət mərkəzində, Qax və Zaqatalada Heydər Əliyev Mərkəzindəki film nümayişlərində yerli tamaşaçılara Qulu Əsgərovun “Mən burdayam, ilahi!”, Mirsadıq Ağazadənin “Eviniz abad” tammetrajlı, Şirin Əhmədovun “Qütb ulduzu”, Emin Əfəndiyevin “Tənha insanın monoloqu”, Qulu Əsgərovun “Hasar” qısametrajlı bədii filmləri təqdim olundu. Səfərdə “Mən burdayam, ilahi!” filmində Sevinc obrazını canlandıran aktrisa Günay Həsən, “Eviniz abad” bədii tammetrajlı filminin rejissoru Mirsadıq Ağazadə, “Tənha insanın monoloqu” qısametrajlı bədii filminin rejissoru Emin Əfəndiyev də iştirak edirdilər.
Bəzən soyuq olsa da, hər üç bölgədə zalları dolduran tamaşaçılar nümayişlərdən sonra aparılan müzakirələrdə həvəslə iştirak edir, baxdıqları filmlər barədə fikirlərini bölüşür, qonaqlara suallar verirdilər. Tədbirlərdə Balakən Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Hacı Muradov, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin Balakən rayonu üzrə nümayəndəsi Şəfəq Hacıyeva, Balakən Mədəniyyət Mərkəzinin direktoru Arzu Ocaqverdiyeva, Zaqatala rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Sərxan Maksudov, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin Zaqatala rayonu üzrə nümayəndəsi Fizzə Yekəyeva, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin Qax rayonu üzrə nümayəndəsi Dilarə Əzizova və Qax Heydər Əliyev Mərkəzinin direktoru Arzu Dunusova çıxış edərək belə maraqlı və faydalı təşəbbüsə görə Azərbaycan Kinematoqrafçılar İttifaqına təşəkkürlərini bildirdilər. “Eviniz abad” filminin nümayişində iştirak edən gürcü icmasının nümayəndələri isə filmi çox bəyəndiklərini, iki xalq arasında dostluğu təbliğ edən filmlərin daha çox olmasını arzuladıqlarını dedilər.
“Şimalda Kino Günləri” layihəsi təkcə rayon, şəhər mərkəzlərini yox, kəndləri də əhatə edirdi. Balakən rayonunun Şərif Kənd Sənətkarlıq Klubunda sakinlərə “Qütb ulduzu” və “Hasar”, Qaxın Almalı kəndində isə “Hasar” filmləri təqdim olundu. Şərif kəndində nümayişdən sonra çıxış edən Sənətkarlıq Klubunun direktoru Fatimə Uruxova kəndlərdə yaşayan insanlarımızı unutmadığımıza görə minnətdarlığını bildirdi və bu cür tədbirlərin tez-tez keçirilməsini arzuladı.
Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı, təxminən, üç ilə yaxındır, paytaxtdan uzaqda yaşayan həmvətənlərimizi yeni Azərbaycan filmləri tanış etmək məqsədilə bölgələrdə film nümayişləri təşkil edir. Bundan əvvəl “Aranda Kino Günləri”, “Muğanda Kino Günləri”, “Cənubda Kino Günləri”, “Şirvanda Kino Günləri” başlığı altında keçirilən layihə çərçivəsində Lənkəran, Biləsuvar, Sabirabad, Saatlı, Hacıqabul, Beyləqan, Şirvan və digər rayonların sakinləri 10-dan yuxarı yeni filmlərimizi böyük ekranlarda görmək imkanı qazanıblar.
“Şimalda Kino Günləri”nin ikinci mərhələsinin dekabrda Qəbələ, Oğuz və Şəkidə həyata keçirilməsi nəzərdə tutulur.
aki.az