Oktyabrın 21-də “Azərbaycan” CineMastercard-da “İsveç Film Günləri” layihəsi çərçivəsində növbəti nümayiş baş tutdu. Azərbaycan Kinematoqrafçılar İttifaqının İsveç Krallığının Azərbaycandakı səfirliyinin birgə əməkdaşlığı çərçivəsində Viktor Danellin “UFO İsveç” filmi göstərildi. Tədbiri giriş sözü ilə açan kinotənqidçi, moderator Sevda Sultanova bildirdi ki, bu film rejissorun ikinci tammetrajlı bədii filmidir:
“İlk filmi “Xilas naminə” ailə dramı kimi başlayır, fəlakət filmi kimi davam edir. Sevdikləri insanlar, xatirələri üçün mübarizə əsas motivlərdən biridir. Uğurlu iş olub, xeyli ölkəyə satılıb. “UFO İsveç” 2022-ci ilin filmidir, elmi-fantastik janrdadır. Hərçənd, Avropa kinosuna bu janr, həmçinin, apokaliptik, fəlakət janrında çəkilən filmlər o qədər də xas deyil. 1990-cı illərin elmi fantastik janrındakı filmlərin üslubunda çəkilib. Hadisələr də 1990-cı illərdə baş verir. Yeniyetmələr, uşaqlar üçün əla filmdir. Ailəliklə hamı rahat baxa bilər. Əsas məqsəd, fantastik hadisələr fonunda insan münasibətlərini, inamın mühümlüyünü göstərmək və həqiqət uğrunda mübarizədir”.

Nümayişdən sonra filmin müzakirəsi baş tutdu. Moderator bildirdi ki, film Norçöpinqdə çəkilib:
“Norçöpinq İsveçin böyük sənaye şəhərlərindən biridir. Burada, naməlum obyektlər üzrə dünyanın ən böyük mərkəzi yerləşir. Mərkəzdə 75 mindən çox material var. Dünyanın hər yerindən naməlum obyektlərlə bağlı ora məlumatlar daxil olur. Yaradıcı heyət film hazırlıqlarına başlayanda mərkəzin işi ilə yaxından tanış olub.
Bayaq qeyd etdim ki, elmi-fantastik janr Avropa kinosunda çox yayılmayıb və bu mənada Amerikaya uduzur. Baxmayaraq ki, bu janrda ilk film məhz Avropada yaranıb. Fransız rejissoru Jorj Melyesin “Aya səyahət”i bu janrda ilk ekran işidir. Daha sonra, alman rejissoru Fritz Lanqın 1927-ci ildə çəkdiyi “Metropolis” filmində maşınların insanları idarə etməsi, süni intellekt məsələsi qabardılır. Təbii ki, ədəbiyyatın da kinoda bu janrın meydana gəlməsində böyük rolu olub. Jül Vernin, Herbert Velsin, Artur Konan Doylun əsərləri xüsusən. İsveç ədəbiyyatında da elmi-fantastik janrın müəyyən ənənələri var. İsveç yazıçısı Karin Boyenin 1940-cı ildə yazdığı “Kallokain”, Nobel mükafatı laureatı Harri Martinsonun 1956-cı ildə qələmə aldığı “Aniara” əsərləri bu janrdadır. Hər iki əsərə ekranlaşdırılıb. Elmi-fantastik, fəlakət filmləri çox böyük büdcə tələb etdiyi üçün İsveçdə adətən bu janrda filmlər müştərək çəkilir, Amerika, Almaniya, Danimarka və digər ölkələrlə birlikdə. Təbii ki, İsveçin özünün də istehsal etdiyi bu cür filmlər var. Bu gün izlədiyiniz “UFO İsveç” sırf İsveç istehsalıdır və 3 milyon avrodan çox büdcəyə malikdir. Bu janrların daha çox Amerikada inkişafı nə ilə bağlıdır? Elmi-fantastik janrda filmlər XX əsrin əvvəllərində, ortalarına doğru ciddi qəbul edilmirdi. Bu filmlər B kateqoriyasına aid idi, aşağı büdcə ilə, əyləncə məqsədilə çəkilirdi. Elmin inkişafı, elmi jurnalların nəşri, ədəbiyyata Azimov, Bredberi kimi müəlliflərin gəlişi, atom bombası və elmi-fantastik janrı aktuallaşdırdı. İlk dəfə Stenli Kubrik “Kosmik Odissey” filmi ilə bu janra fəlsəfi kontekst, fərqli baxış gətirdi. Daha sonra, Corc Lukasın “Ulduz müharibələri”, Stiven Spilberqin “Yadplanetli” və digər filmlər vizual zərifliyi, xarakterlərin dərinliyi, yanaşmaları ilə fərqlənirdi. Onu da deyim ki, Amerikada kino sənayesinin inkişafı da elmi-fantastik, fəlakət filmlərinin çəkilişinə imkan verir. Avropada isə filmlərin çəkilişi kino fondlarından, kino institutlarından daha çox asılıdır”.
Müzakirə zamanı tamaşaçılardan biri filmi çox bəyəndiyini dedi: “İdeya ondan ibarətdir ki, qız atasını tapmaq istəyir və nəticədə onu tapır. Amma burada əsas məsələ dostluğun gücünü göstərməkdir. Atasını görür və başa düşür ki, atası öz məqsədinə, istəyinə çatıb. Heç kəs ona inanmayanda, qız öz məqsədinin arxasınca gedir. Yəni kimsə inanmasa da arzularının dalınca get”.

Digər tamaşaçı bildirdi ki, filmdə rejissorun əsas hədəfi naməlum obyektin tapıldığını göstərmək yox, insanlar arasında inam, komanda quruculuğudur.
Başqa bir tamaşaçı filmin gedişatını maraqla izlədiyini dedi: “Həyəcanla gözləyirdim ki, filmin sonu necə olacaq, maraqla baxdım. Sevindim ki, bu, meynstrim filmi deyil”.
Tamaşaçılardan biri filmlə bağlı bu fikirləri dedi:
“Onlar uçan boşqabları yox, fiziki bir qanunun təsdiqini tapdılar. Hər kəs filmdə başqa bir şey gördü. Amma mən əsasən bu fikri oxudum ki, dünyada nailiyyətlər cəsur azlıqların nəyisə tapmaq, araşdırmaq uğrunda mübarizəsi hesabına əldə edilir. Filmdə qoca kişinin təşkilatdakı işi, işə gəlib qəhvə içməkdən ibarətdir. Amma kənardan gələn cəsur insanlar inandığı məqsədinə çatmaq üçün çalışır, dəyişikliklər edir”.

Moderator, filmin rejissoru Viktor Danell Spilberqin, həmçinin, Nolanın “İnterstellar”, “Məxfi materiallar”, “Qəribə əhvalatlar” seriallarından təsirləndiyini söylədi: “Müəlliflər mümkün qədər kompüter qrafikasından, xüsusi effektlərdən qaçıblar. Avropa rejissorları daha çox, müəllif mövqeləri, sosial şərhləri ilə fərqlənirlər. Təsvirlərdə də fantastikadan çox həyatilik sezilir. Bu filmdə əsas məsələlərdən biri ailə bağları haqdadır, gənc qız yeni bir ailə, ona inanan insanlar tapır, özünü dərk edir, mühüm həyat təcrübəsi qazanır. Baş rolun ifaçısı İnes dal Torhaqu təbii, səmimi oyunu ilə seçilir. Qeyd edim ki, onun valideynləri də aktyordur. Bəzi isveçli tənqidçilərin fikrinə görə, “UFO İsveç” filmi İnqmar Berqmanın, Viktor Şöströmun kino ənənəsindən çıxır. Onların fikrincə, İsveçdə geniş tamaşaçı auditoriyasının maraqlarını təmin edən bu cür janrlarda filmlərin çəkilməsi vacibdir”.

Tamaşaçılardan biri elmi-fantastik filmləri sevmədiyini desə də, bu filmin onu çox həyəcanda saxladığını, bəşəri ideyalar daşıdığını dedi: “Operator, aktyor peşəkarlığı məni bu filmə sonadək baxmağa məcbur etdi”.
Kinoşünas Sədaqət Kamal vurğuladı ki, diqqətini ən çox dialoqlar cəlb elədi: “Dialoqlar çox canlı idi, ciddi sosial mesajlar verilirdi. Aktyor seçimi əla idi, personajlar maraqlı düşünülmüşdü”.
Digər tamaşaçının fikrincə, Amerika filmlərində, məsələn, “İnterstellar”da təsvirlər, dəliklər elə göstərilir ki, adamı vahiməyə salır: “Amma burda o qədər də alınmamışdı, primitiv gəldi. Xüsusi effektlər zəif idi”.

Gənc ssenarist Müşfiq Yunusov belə düşünür ki, “UFO İsveç” İsveç filmi deyil: “Yəni İsveç kinosunun zəngin ənənəsini özündə əks etdirmir, ancaq sadə tamaşaçının maraqda saxlayır, bu özlüyündə yaxşıdır”.

Qeyd edək ki, “İsveç film günləri” çərçivəsində nümayiş olunacaq son film, Yens Syöqrenin “Mən Zlatanam” ekran işi olacaq.
aki.az

