Noyabrın 4-də “Azərbaycan” CineMastercard-da Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə Karan Singhin Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsinin şəhidi Natiq Qasımova həsr olunmuş “Oğul” bədii-sənədli filminin nümayişi baş tutdu. Tədbiri giriş sözü ilə açan kinotənqidçi, moderator Sevda Sultanova çıxışında şəhidləri andı və qazilərə təşəkkürünü bildirdi. Çıxış üçün söz, qazi Elnur Novruzova verildi. Elnur Novruzov Natiq Qasımov kimi qəhrəmanları unutmamağımızın vacibliyini qeyd etdi:
“Hər an onları diqqətdə saxlamalıyıq. İstər Birinci, istər İkinci Qarabağ Müharibəsinin iştirakçılarını, şəhidlərini. Onlar hamısı – bizik, bizdəndirlər. Allan onların ruhun şad etsin. Necə ki, mənə elə gəlir, indi şaddır ruhları”.

Daha sonra, moderator, şəhidlərimizin və qazilərimizin hekayələrinin sənədli və bədii kinoda keyfiyyətli şəkildə əbədiləşdirməsinin vacibliyini vurğuladı:
“Keçən həftə AKİ-də ssenaristlərlərlə bir müzakirə keçirildi. Belə bir sual qoyuldu ki, ssenari yazılarkən öncə hadisə nəzərə alınmalıdır ya qəhrəman? Natiq Qasımovun hekayəsi onu təsdiqləyir ki, hadisə – qəhrəmanı, qəhrəman isə hadisəni, vəziyyəti yarada bilər. Natiq Qasımov 1992-ci ildə Xocalının Pirlər kəndində əsir götürülüb. Sonrakı taleyindən xəbər yoxdur. Böyük ehtimalla erməni hərbçiləri tərəfindən işgəncəylə öldürülüb. Bununla bağlı filmdə də erməni hərbçisinin dilindən belə fikir səslənir. Amma Natiq Qasımov, uzun illər sonra, bu filmdən sonra tanındı, haqqında sosial mediada çox paylaşımlar edildi. Bu, sənədli və bədii kinonun təbliğati nöqteyi-nəzərdən əhəmiyyətini, gücünü təsdiq edir. Və ssenaristlərlə görüşdə daha bir sual səsləndi ki, cəmiyyətimizin qəhrəmanlara ehtiyacı varmı? Natiq Qasımovun və digər qəhrəmanların hekayəsi onu göstərir ki, bəli, cəmiyyətin qəhrəman modellərinə böyük ehtiyacı var. Bizim reallıqda yüzlərlə qəhrəmanımız və təsirli hekayələrimiz var. Sadəcə kino o hekayələri effektli şəkildə, təsirli, uyğun bir dillə ekrana gətirməlidir”.
Nümayişdən sonra filmin müzakirəsi başladı. Filmin ingilis dilindən tərcüməçisi, yazıçı Svetlana Turan “Oğul” filminin 2022-ci ildə “Nizami” kinoteatrında təqdim olunduğunu dedi:
“Onda filmin prodüseri Ekard Seycer gəlmişdi. Prodüser, film çəkilərkən bütün görüşlərdə iştirak etmişdi. O, öz filminə, bütün bu hadisələrə inanırdı. Yəni, o, bir prodüser kimi bu filmə formal yanaşmırdı. Natiqin bütün qohumlarını şəxsən tanıyırdı. Natiq Milli Qəhrəman adını alanda da, onunla bağlı hər hansı xəbər çıxanda, Ekarda yazırdım və o, deyirdi ki, artıq xəbərim var. O hələ də öz sənədli filminin arxasında durur və hələ də qəhrəmanı ilə maraqlanır. Filmin rejissoru Karan Singh o vaxt premyeraya gələ bilməmişdi. Amma prodüser deyir ki, onlar bu filmi çəkmək, müsahiblərlə görüşmək üçün çox səy göstəriblər. Natiqin son fotolarda gördüyünüz idman kostyumunun rəngini ailəsindən öyrəniblər və italyan fotoqraf Enriko Sarzini onu mavi rənglə rəngləyib. Natiqin sığındığı alban kilsəsinin yerini ermənilər uzun müddət çəkiliş heyətinə göstərmək istəməyiblər. Bu filmdə əsas məsələ Natiqin sonrakı taleyinin araşdırılmasıdır”.

Aktyor Əliqulu Səmədov filmin sənədli hissəsinin çox yaxşı təşkil olunduğunu desə də, bədii səhnələrin canlı çəkilmədiyini dedi: “Bədii hissədə Natiqi oynayan aktyor onun ruhunu verə bilməmişdi. Filmin qəhrəmanının ruhu, xarakteri olmalıdır”.
Kinoşünas Sədaqət Kamal isə əksini söylədi:
“Mən isə əksinə, filmdə, xüsusilə onun adında yüksək bədiilik gördüm. “Oğul” sözü müharibənin atributlarından biridir. Çünki müharibədə anaların oğulları, Ana Vətənin oğulları qurban gedir. İtalyan jurnalist dedi ki, əsirləri jurnalistlərin yanında döymürlər, öldürmürlər. Amma nəticədə jurnalist nə edə bildi?! Onun da rolu olmalı idi qəhrəmanın axtarışında”.
Rejissor İqbal Məmmədəliyev vurğuladı ki, uzun illər öncə onlar Natiq Qasımov haqda film çəkməyi planlaşdırırmışlar:
“Mən “Lider” kanalında işləyəndə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar dövlət komissiyasının üzvü İbrahim müəllim bizə Natiq Qasımov haqda məlumat verdi. Biz əsirlər, itkin düşmüş şəxslər haqda silsilə filmlər etməli idik. O vaxt Cəfər kişi, atası, anası ilə görüşdük. İbrahim müəllim Mingəçevirdən qayıdanda onlar Ağsu aşırımında çovğuna düşdülər, ona soyuq oldu, Film sona çatanadək kişi dünyasını dəyişdi. O layihə dayandı. Sonradan, Natiq haqda birinci filmi Elçin Musaoğlu çəkmişdi. Yaxşı ki, bu filmlər çəkilib. Bizim o vaxt informasiyalarımız məhdud idi Natiq haqda. Bu işlər onu göstərir ki, belə filmlər çəkmək üçün, vaxt, maddi resurslar lazımdır. Yazıçı jurnalist İlham Tumasın “Məbəd döyüşçüləri” adlı kitabının imza günü oldu. Natiqə həsr olunmuş kitab idi. Yaz aylarında həmin kilsədə çəkilişlər etdik. Nəzərdə tutulur ki, həmin kitab əsasında bədii film çəkilsin. Sözümün canı odur ki, biz qəhrəman oğullarımızı unutmamalıyıq, ədəbiyyatda, audiovizual əsərlərdə onları yaşatmaq bizim borcumuzdur”.

Moderator bildirdi ki, Elçin Musaoğlunun “Natiq Qasımov” filmi 2016-cı ildə mədəniyyət nazirliyinin dəstəyi ilə çəkilib, prodüseri Müşfiq Hətəmovdur.
Ssenarist, Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi Nadir Bədəlovun fikrincə, bu filmdən bədiilik ummaq, bədiiliyin özünə üz çevirməkdir:
“Bu filmin bədii hissəsində olanlar sadəcə canlanmadı, rekonstruksiyadır. Filmin əsas müəllifi italyan fotoqraf Enriko Sarzinidir. O deyir ki, Natiqin simasında mən insan gördüm. Ondan kənarda olanlar isə əsgərlərdir. Onu öldürən insan Natiqə qalib gələ bilmir. Yalnız onu öldürməklə məğlubiyyətinin əvəzini çıxır. Bu, fotodan da görünür. Sarzini elə bir vacib iş görüb ki, ona heykəl qoymaq lazımdır. O, Natiqin simasında müharibənin insan sifətini göstərdi. Balasanyanın isə ona nifrətini gördük. O, Balasanyanın düz gözlərinə baxır, yəni öldürsə də, doğrasa da, qalib Natiqdir. Fotoqraf bizim ruhumuzu göstərdi, amma biz oradan bədiilik umuruq”.

Elnur Novruzov müharibənin mülki həyatdan çox fərqli olduğunu dedi:
“Orada insanın keçirdiyi emosiyalar fərqlidir. Əlbəttə ki, orada qorxu hissinin, sevincin də pik həddini yaşayırsan. Bir vəziyyəti nəzərinizə çatdırım. Biz Sığnaqdan Daşaltıya hücum edəndə elə oldu ki, əlaqə itdi. Havanın dumanlı, çiskinli olması da buna səbəb idi. Onda insan tək özü ilə qalır. Nəyi düşünəcəyini bilmirsən, boşluğa düşürsən. Özündən çox, özündən sonra qalan insanları düşünürsən ki, onlar necə reaksiya verəcək bu vəziyyətə. Sənin nəşin tapılacaq yoxsa tapılmayacaq? Bu hissləri yaşayırsan. Natiq qardaşımızın bəxti gətirib ki, həmin vaxt orada jurnalist olub. Amma Natiq kimi nə qədər qardaşımız bu səviyyədə elə qəhrəmanlıqlar ediblər ki, biz onları sübut edə bilmirik. Həqiqətən müharibəyə lənət olsun, ağır bir şeydir. Yanında dostların, döyüş yoldaşların şəhid olur, bu ağır hisslərdir. İnsan bir an içində qocalır. Müharibədən qayıdandan sonra mənim həyat fəlsəfəm dəyişib, düşüncələrim dəyişib. Bir də görürsən, maşın sürəndə işıqforda nəsə olur, deyinirik. Mən deyinmirəm daha. Çünki həyat bu deyil, həyat, dəyərlər başqadır əslində. Bunlar xırda şeylərdir. Xırda şeylərə görə insanlar bir-birinin qəlbinə dəyməməlidir”.
Şəhid ailəsinin üzvü bildirdi ki, “Oğul” bir şəhid ailəsi üçün dəyərli filmdir: “Ola bilsin, rejissorlar filmdə qüsur tapa bilərlər. Amma bu, möhtəşəm filmdir. Acınacaqlı odur ki, insan öz qardaşını necə təsəvür edir, bu filmdə isə onun şəhadətə necə getdiyini görür”.
AKİ-nin icraçı katibi Əli İsa Cabbarov dedi ki, filmdəki bədii səhnələr sadəcə canlandırmadır:
“Ona görə bədii səhnələrdən bədii kino keyfiyyəti ummaq düz deyil. Janr özü tələb edir ki, səthi, ötəri verilsin. İkinci dəfərdir ki, “Oğul”a baxıram, ikinci dəfə də qəhər adamı boğur. Qarabağ müharibəsində Əliyar Əliev, Vəzir Orucov kimi əfsanəvi qəhrəmanlar olub. Amma bunların yanında Natiqin yeri çox özəldir. Bəlkə Natiqdən də çox qəhrəmanlıq göstərən hərbçilərimiz olub. Amma Natiqin yeri ürəyimizdə başqadır. Və bu filmin də bunda rolu çoxdur. Ola bilər Natiqin özəlliyi ondadır ki, o bunu tək edib. Yəni beş-on nəfər dəstə ilə edilən qəhrəmanlıq başqa şeydir, tək adamın etdiyi qəhrəmanlıq başqa. O filmdə də deyilir ki, dəstə mühasirəni yarıb keçir, amma Natiq deyir ki, mən burada qalıram. Bu onun fərdi seçimidir. Fərd olaraq güclüdür Natiq, Xocalı qaçqınlarının ölümünün qarşısını almaq üçün özü ölümə gedir, ölümü seçir. Filmin titrlərində çoxlu xarici adlar gördük, amma bu filmi ərsəyə gətirən prodüserlər azərbaycanlılardır. Güclü bir iş ortaya qoyublar. Sülh dövrünün də öz çətinlikləri var. Sülh dövründə bu qəhrəmanalr bizə güc verir. Ona görə biz bu qəhrəmanları tanımalıyıq. Ruhən qidalamanlıyıq. Bu filmlər çəkilməli, bu iş davam etməlidir. Natiqin taleyindən bir və ya neçə, həmçinin, Birinci və İkinci Qarabağ qəhrəmanları haqda filmlər etmək vacibdir. Bizim bilmədiyimiz qəhrəmanlıqlar da var ki, onlar hamısı bir-bir ekrana gəlməlidir. Bu, onilliklərin işidir. Və sağ qalan insanların borcudur”.

AKİ-nin layihə meneceri Afaq Yusifli dedi ki, bu fotolarda Natiq sivil geyimindədir: “Ona görə italyan fotoqraf deyir ki, orada hamı əsgər idi. O da döyüşür, amma ola bilsin, əsgərdən çox, vətəndaş kimi döyüşür. Ona güc verən budur – ədalətdir. Qarabağ mövzusunda film çəkmək üçün peşəkar komanda formalaşmalıdır. Biz Qarabağ hekayələrini öyrənməli, araşdırmalıyıq”.

Rejissor Kəmalə Musazadə Natiq Qasımov haqda çoxdan bildiyini dedi:
“Onu cəmiyyətimiz tanımırdı, filmdən sonra, Milli Qəhrəman adı veriləndən sonra tanıdı. Həyatımın 23 ilini şəhid mövzusuna həsr etmişəm. Bütün məlumatları, videoları toplayıram, xatirələrə qədər. Çox kitab yazılıb ki, xəbərimiz oxdur. Meyxoş Abdullanın “Əsir qadın” romanı var, real hadisələr əsasında, orada daha dəhşətli şeylər var. Biz, yaradıcı insanlar, şəhidlərin hekayəsini çəkməliyik, real, olduğu kimi. O insanları danışdırmaq lazımdır. Şəhid ailəsini, döyüş yoldaşlarını dinləmək, sənədləşdirmək lazımdır və bütün bunlar salnamə kimi çəkilməlidir”.
“Oğul” Böyük Britaniyanın “Broken Pot Media” şirkətinin istehsalıdır, filmin operatoru Simon Stanford, icraçı prodüseri Tale Heydərovdur. Filmin çəkilişləri Ermənistan, Azərbaycan, İtaliya, Böyük Britaniya və Rusiyada baş tutub, müəlliflər şahidlərlə danışıblar.
aki.az

