Noyabrın 7-si Azərbaycan Kinematoqrafçılar İttifaqının kino zalında gənc rejissorların debüt işləri – Zaur Muxtarovun “Səssizliyin qanadı yoxdur” və Murad Şükürlünün “Bir vaxtlar Sabunçuda” qısametrajlı bədii filmləri nümayiş etdirildi. Nümayişdən sonra kinotənqidçi Sevda Sultanovanın moderatorluğu ilə filmlərin müzakirəsi başladı.

Mədəniyyət və İncəsənət Universitetinin məzunu olan Murad Şükürlü dedi ki, bu film 600 manata başa gəlib: “Dörd gün ərzində çəkilib. Filmin bir hissəsi Sabunçu, bəzi hissələri isə “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb.
Ssenarinin 32 versiyası olub. İstəyirdim ki, film interaktiv olsun. Tutaq ki, qəhrəman corab satanla qarşılaşır və qərar verməlidir evə getsin, ya söhbəti davam etdirsin. Sonra gördüm ki, buna ehtiyac yoxdur. Hekayəni nağılvari danışmaq xoşuma gəlir. Onda hər şeyi edə bilirsən, əsaslandırmağa çox ehtiyac olmur. Sabunçu ilə əlaqəm yoxdur, Binədə yaşayıram. Sabunçudakı məkanlar, atmosfer məni vadar etdi ki, bu filmi çəkim”.

Zaur Muxtarov rejissorluq üzrə peşə təhsili almasa da, dünya ədəbiyyatı və təsviri sənəti ilə sıx maraqlandığını dedi: “Filmdən də göründüyü kimi, sevdiyim rəssamların əsərlərinə istinad etmişəm. Onları ruhən özümə yaxın hiss edirəm. Filmin büdcəsinə gəlincə, təsadüfə baxın ki, Muradın filmi ilə eynidir. 600 manata çəkmişəm. Bu, mənim trilogiyamın ikinci hissəsidir. İlk hissəni pandemiya zamanı çəkmişəm: “Unudulmuş yarpaqlar”. Büdcəsiz. 2022-ci ildə Bakı Beynəlxalq Qısa Filmlər festivalında iştirak edib. Düzdür, o filmdən çox razı deyiləm. Sonra trilogiyanın ikinci hissəsini, “Səssizliyin qanadı yoxdur” filmini çəkmişəm. Bu film də 2024-cü ildə həmin festivalda iştirak edib. Hal-hazırda trilogiyanın üçüncü hissəsini maddi səbəblərdən çəkə bilmirəm. “Səssizliyin qanadı yoxdur” filmində ideyamı, fikirlərimi ifadə edə bilmişəm. Düzdür, vizual nöqteyi-nəzərdən tam olmasa da. Ancaq hisslərimi çatdırmışam. Məncə, bütün rejissorlar öz filmindən tam razı deyil. Mən də. Və bu filmin arthaus kimi dəyərləndirilməsi daha doğrudur”.

Tamaşaçılardan birinin fikrincə, Zaur Muxtarovun filmində göyərçin sıxıntı hissini ifadə edir: “Çünki o, azad deyil. Ümumiyyətlə, sənətdə göyərçinin istifadəsi fərqli mənalar daşıyır. Subyetkiv olaraq, qızı o göyərçinlə eyniləşdiririk və qıza aid olan hər şeyi göyərçinə yükləyirik. Sonra qərar verməsini gözləyirik ki, o, göyərçini azad edəcək. Lakin sonra onu boğur, azadlığı ilə vidalaşır”.
Rejissor Səməd Ağayev bildirdi ki, “Səssizliyin qanadı yoxdur” filmi yeni başlayanda “darıxdırıcı olacaq” təəssüratı yarandı: “Bir yerdən sonra özümü filmə buraxdım. Düzdür, səslər elə də keyfiyyətli işlənməyib, amma mən səsə fokuslandım. Çalışdım ki, səsi dinləyim. Çünki bu film hazırlıq tələb edir və vizual baxımdan gərək, filmə yüklənən mənaları araşdırım. Mən filmin adına köklənərək, qəhrəman kimi səssizlikdən, dialoqlsuzluqdan zövq almağa çalışdım. Muradın filmi isə gözəl montaj edilmiş, gözəl keçidləri olan əyləncəli film kimi düşünülüb. Bu filmə təzə çəkiləndə baxmışdım. Üstündən iki il keçib və bu, dəm atmış filmdir, daha maraqlı gəldi. Zaurun filmində isə tempi aşağı salasan gərək, film buna məcbur edir”.

Ceyhun Zərbəliyevin sualı Zaur Muxtarova oldu:
“Açıq-saçıq səhnələr olmadan vermək istədiyinizi başqa rakursdan göstərə bilərdinizmi?”.
Zaur Muxtarov bildirdi ki, bu film Moskvada göstəriləndə kino sahəsində təhsil alan tələbələr müxtəlif fikirlər söylədilər: “Biri dedi Turgenevin “Mumu”sundan təsirlənib, digəri dedi ki, “Adəm və Həvva”nın versiyasını çəkmisən. Biri Şantal Akermanın “Janna Dilman” filmindən təsirləndiyimi dedi. Akerman çox sevdiyim rejissorlardan biridir. Amma ondan təsirlənməmişəm. Mən dörd qadının arasında böyümüş kişiyəm. Qadın evdə müəyyən işlərlə, məişətlə məşğul olur. Yəni evdə oturub siyasi hadisələri izləmir. Hamamın içində çılpaq olması normaldır, siz də, mən də hamamda çılpağıq. Qadın evdə intim fantaziyalar da düşünə bilər. Hər rejissor bunu bir cür görür, mən də belə görürəm. Burada qadın öz cənnətini yaşayır”.
Murad Şükürlü bildirdi ki, onun hekayəsi klassik valideyn-övlad münasibəti üzərində qurulub:
“Əvvəlcə, ata-oğul hekayəsi kimi düşünürdüm, amma bu motiv kinoda çoxdur deyə, ata-qız münasibətləri elədim”.
Rejissor Murad Muradov dedi ki, filmdə göyərçini sevgi, azadlıq simvolu kimi qəbul etdi:
“Film simvollar üzrəində qurulub. Dürerin əsərlərini mən də çox sevirəm və onun rəsmlərində ölüm, qiyamət motivləri əsasdır. Ona görə, məncə, filmdə əsas motiv ölüm və sevgidir. Göyərçin də azad olmaq istəyir, amma qadın onu azad etmir. Ola bilsin, Dürerin rəsmlərinə baxaraq, ya ruhlanaraq. Zənimcə, belə təhlil olunur. Bu film məhəbbət və cəhənnəmi ifadə edir”.

Bir tamaşaçının fikrincə, Zaur Muxtarov filmində mənəvi çirklənmə haqda danışır: “Bu kirlənməni çılpaqlıqda da, qadının iki kişi ilə münasibətində də görürük. Onun göyərçini boğmasını vəhşilik, məsumuluğunu itirməsi kimi yozmaq olar”.
Digər tamaşaçı hər iki rejissora eyni sualı ünvanladı:
“İstənilən halda bütün filmlər tamaşaçıya mesaj verir. Bu filmləri çəkəndə tamaşaçıdan gözləntiləriniz nə idi və onun necə bir qənaətə gəlməyini istəyirdiniz”.
Murad Şükürlü maraqlı suala görə tamaşaçıya təşəkkür etdi: “Mənim istəyim o deyil ki, baxıb nəticə çıxarsınlar. O idi ki, emosional təcrübə yaşasın və filmin quruluşundan zövq alsın. Sonda da desin ki, yaxşı bir nağıla baxdım”.
Zaur Muxtarov isə sualı belə cavablandırdı:
“Həyatımın böyük bir mərhələsi ölüm və tənhalıq barəsindədir. Tənhalığı təkbaşına da, insanların əhatəsində də hiss edirəm, bu mövzular, obrazlar mənə yaxındır. Ona görə belə filmlər çəkirəm. İnanıram ki, bunu hiss edən tamaşaçı az da olsa var”.
Başqa bir tamaşaçının “Təsirlənmə olanda özünüz ola bilirsiniz, yoxsa təsirlənmələrin içində itib batırsınız?” sualına Zaur Muxtarovun cavabı iddialı oldu:
“Əgər mən həmin təsirlənmələrdən it-bat olsaydım, onda yeni film yaranmazdı. Yeni sənət əsəri yaranıbsa, deməli mən həmin sitatlarda və təsirlənmələrdə itməmişəm. Necə ki, kolumbiyalı yazıçı Markes, Kafkanın “Metamorfoza” əsərindən təsirlənərək öz əsərlərini yazdı”.

