Dekabrın 16-da Azərbaycan Kinematoqrafçılar İttifaqının kinozalında “Ssenaristlərin meydanı” adlı layihənin növbəti görüşü baş tutdu. “Zəmanəmizin qəhrəmanı” adlanan müzakirədə ssenarist Nicat Dadaşov, ilk növbədə, qəhrəmanın kimliyi və arkası (bütün hekayə boyu qəhrəmanın transformasiyası və ya daxili səyahəti) məsələsinə toxundu:
“Qəhrəman, sadəcə ekranda gördüyümüz insan yox, tamaşaçının hekayəyə giriş nöqtəsidir. Biz dünyanı onun gözü ilə görür, emosiyanı onun vasitəsi ilə yaşayırıq. Hekayənin mənəvi xəritəsini onun üzərindən oxuyuruq. Amma qəhrəmanı hərəkətə gətirən ən vacib şey dəyişiklikdir. Arka – qəhrəmanın keçdiyi yoldur. Arka növlərini belə qruplaşdırmaq olar:

Müsbət: qəhrəman böyüyür, zəifliklərə qalib gəlir.
Mənfi: qəhrəman pisləşir, mənəvi və ya psixoloji dayaqlarını itirir.
Düz: qəhrəman özünə sadiq qalır, lakin ətrafındakı dünya dəyişir”.
Sonra N.Dadaşov müxtəlif ssenari nəzəriyyəçilərinin qəhrəman modeli ilə bağlı prinsiplərindən danışdı.
“Amerikalı ssenarist Den Harmonun ən praktik modellərindən biri – qəhrəmanın dairəsidir və bu, səkkiz mərhələdən ibarətdir:
1. Qəhrəmanın komfort zonası
2. Onun həyatında bir istək formalaşır
3.Qəhrəman ona yad olan mühitə düşür
4. Yeni şəraitə uyğunlaşmağa çalışır
5. Qəhrəman istədiyini əldə edir
6. Qəhrəman etdiyi səhvlərin cəzasını çəkir
7.Qəhrəman artıq dəyişmiş formada öz dünyasına qayıdır
8. O dəyişir, çünki yolun əvvəlində olan qəhrəman deyil.
Bu mərhələlər insan təcrübəsinin ritmində kök salır. Bu, formul deyil, insan həyatının təbii dövrü olduğu üçün işləyir”. Ssenarist bildirdi ki, digər təlimçi, amerikalı ssenari təlimçisi Linda Seqer, qəhrəmanı, onun psixoloji qatlarını açmaqla təsvir edir:
“O nə istəyir – yəni daxili arzuları və əsas məqsədləri nədir? O nədən qorxur, onun davranışlarını yönləndirən və ya onu hərəkətsiz edən qorxular nələrdir? Keçmişində onu incidən nə olub, yəni şəxsiyyətini formalaşdırmış travmalar və dərin təcrübələr önə çəkilir. O hansı maskalardan istifadə edir – cəmiyyətdə göstərdiyi sosial rollar və özünü təqdimetmə formaları nələrdir? Onun özünə və dünyaya dair hansı yalançı inancları var. Yəni həqiqəti görməsinə və inkişaf etməsinə mane olan yalançı düşüncələr nələrdir?”.

N.Dadaşov həmçinin, macar dramaturgiyası nəzəriyyəçisi Layoş Eqrinin prinsiplərini də bölüşdü: “Eqriyə görə, qəhrəman – dəyərin təcəssümüdür. Ona qarşı duran isə düşmən yox, alternativ bir dəyərdir. Hər hekayə – iki həyat modelinin toqquşmasıdır. Eqri vurğulayır ki, hər hekayənin mərkəzində konflikt dayanır. Qəhrəman müəyyən bir dəyərin və ya ideyanın daşıyıcısıdır və onun qarşısında duran qüvvə tamamilə başqa, əks bir dəyəri təmsil edir. Onun fikrincə, hər personaj, xüsusən də antaqonist müəyyən bir inanclar sisteminin və ya dünyagörüşünün təcəssümüdür. Konflikt şəxsi nifrətdən deyil, fundamental həyat mövqelərinin toqquşmasından yaranır. Dramatik gərginlik artır, əgər hər iki tərəfin öz arqumenti və özünəməxsus həqiqəti varsa. Bu cür qarşıdurma vasitəsilə dünyanın mürəkkəbliyi və insan inanclarının çoxqatlılığı daha aydın üzə çıxır. Beləliklə, hekayə sadəcə “yaxşı və pisin mübarizəsi” kimi səthi qalmaqdan çıxır və daha dərin fəlsəfi, sosial və ya etik dilemmaların araşdırmasına çevrilir”.
Daha sonra qonaq, ssenari nəzəriyyəsinin ən nüfuzlu nümayəndələrindən biri olan Robert Makkinin mövzu üzrə fikirlərindən danışdı:
“Makki deyir ki, insan özünü sözlərlə yox, təzyiq altında verdiyi qərarlarla göstərir. Qəhrəmanı anlamağın yolu onun seçimlərindən keçir, həqiqi təbiəti məhz həlledici seçim anlarında üzə çıxır. Stress, toqquşma və mənəvi dilemmanın hökm sürdüyü situasiyalarda qəhrəman öz dəyərlərini, inancını və xarakterini göstərməyə məcbur olur. Seçim xarakteri müəyyənləşdirir, təkcə süjeti irəli aparmır.Təzyiq və konflikt qəhrəmanın mahiyyətini açan katalizatorlardır. Qəhrəman – verdiyi qərarların cəmidir”.
N.Dadaşov, eyni zamanda Cozef Kempbelin mifoloji modelini kino üçün uyğunlaşdıran Kristofer Voqlerin məşhur sistemindən danışdı:
“Qəhrəman çağırış eşidir, ondan imtina edir, mentorla qarşılaşır, sınaqlardan keçir, simvolik ölüm yaşayır və yenidən doğulur. Bu model artıq 40 ildir ki, Hollivudun əsas struktur çərçivələrindən biridir”.
Ssenaristin sözlərinə görə, Hollivud qəhrəmanı hekayənin mühərrikidir:
“Hollivud qəhrəmanı — məqsədi olan, hərəkət edən insandır. O sınsa da, yenidən özünü bərpa edir. Yaralansa da çıxış yolu axtarır. O, hekayəni hərəkətə gətirən qüvvədir. Hollivud kinosunda əsas vurğu qəhrəmanın aktiv mövqeyinə və hadisələrə təsir etmək bacarığına edilir. Qəhrəman nə qədər çətinliklərlə üzləşsə də, o, həmişə çıxış yolu axtarır, qarşısındakı maneələri aşmağa çalışır və dəyişməyə doğru addımlayır. Hollivud qəhrəmanının əsas xüsusiyyətləri – aydın məqsədidir, qəhrəman ona doğru qətiyyətlə irəliləyir. Riskə hazır olmaq və qəti hərəkətlər, çətinliklərə baxmayaraq irəli getmək, daxili və xarici maneələri aşmaq, öz zəiflikləri ilə üzləşmək onun əsas cəhətləridir. Bu çox vaxt uğura, xilas olmağa və ya özünüdərkə aparan yoldur. Qəhrəman həm dramaturji gərginliyi yaradan, həm də onu həll edən fiqurdur. Bu model tamaşaçını hərəkət, dinamika və qəhrəmanın iradəsi vasitəsilə hekayəyə bağlayır — qəhrəman nə qədər dərindən sarsılsa belə, o yenidən ayağa qalxır və hekayəni irəli aparır.

N.Dadaşov Avropa kinosu qəhrəmanının xüsusiyyətlərinə də nəzər saldı:
“Avropa qəhrəmanı vəziyyətin içində qalan insandır. Avropa filmlərində qəhrəman çox çıxılmaz vəziyyətdə olan insandır. Hadisələri dəyişə bilmir, amma böyük daxili müqavimət yaşayır. Bu hekayələr qələbə haqqında yox, yaşananlar haqqındadır. Antiqəhrəmanlar, çıxış yolunu itirmiş insanlar, müşahidəçi qəhrəmanlar…Avropa kinematoqrafiyasında daha mürəkkəb psixoloji durumlar və etik çətinliklər araşdırılır. Qəhrəman xarici hadisələrə qarşı passiv görünə bilər, lakin onun daxili dünyası güclü sarsıntılar, tərəddüdlər və düşüncələrlə doludur. Burada əsas diqqət aktiv mübarizəyə deyil, insanın həyat şəraitini necə dərk etməsinə və qəbul etməsinə yönəlir.
Avropa qəhrəmanı çox vaxt aktiv iştirakçı deyil, müşahidəçidir. Daxili mübarizənin, əxlaqi və ekzistensial sualların araşdırılması, aydın məqsədlərin olmaması, dramatik həllərin qeyri-müəyyənliyi, tez-tez qeyri-müəyyən, ziddiyyətli, “antiqəhrəman” tipli personajlar Avropa kinosunun xarakterik xüsusiyyətləridir. Kino, insan təbiətini və cəmiyyətin dərin qatlarını araşdıran bir vasitə kimi təqdim olunur. Bu model hekayənin dinamikasından çox, insanın daxilində baş verən proseslərə, onun dünyanı və özünü necə anladığına fokuslanır. Avropa qəhrəmanı hadisələri dəyişmir, hadisələr onu dəyişir”.
Müasir Azərbaycan kinosunda qəhrəman məsələsindən danışan N.Dadaşov vurğuladı ki, son 30 ildə Azərbaycan qəhrəmanı iki dünya arasında qalan insandır:
– ənənə ilə müasirlik arasında
– borc ilə azadlıq arasında
– ailə ilə şəxsi arzu arasında
– “belə olmalısan” ilə “mən kiməm?” sualı arasında.

Bizim qəhrəman çox vaxt danışmır, amma bu susqunluqda böyük ağrı var. O çox şeyə dözür, içində boğulur, seçməkdən çəkinir. Bu isə əsas məsələyə gətirir: bizə daha aktiv qəhrəmanlar lazımdır. Bir başqa məsələ də var: biz hələ də çox vaxt cəmiyyətin bizdən görmək istədiyi insanlar haqqında kino çəkirik. Amma gənclər, yeni tamaşaçı səmimiyyət axtarır. Onlar qüsur istəyir. Çatlayan, sınan, qorxan, amma bütün bunlara baxmayaraq yaşayan qəhrəman görmək istəyirlər. Zəmanəmizin qəhrəmanı ziddiyyətlərin içində yaşayan insandır. Güclü görünməyə çalışır, amma öz zəifliyinin fərqindədir. Dürüst olmaq istəyir, amma real dünyanın tələblərinə uyğunlaşmağa məcburdur. Səsinin eşidilməsini arzulayır, amma dünya həddindən artıq gurultuludur. Bizim vəzifəmiz ideal qəhrəman yaratmaq deyil. Bizim işimiz həqiqi insan yaratmaqdır. Elə bir insan ki, tamaşaçı onda özünü tanıya bilsin”.
Çıxışdan sonra müzakirələr başladı. Kinoşünas Nadir Bədəlov, ssenarist Eldəniz Quliyev, rejissor, ssenarist Oleq Səfərəliyev, rejissor, prodüser Əli İsa Cabbarov, rejissor, ssenaristlər Nurlan Həsənli, Ərturan Nəcəfli, ssenarist, aktyor Asiman Ağa, kinoşünas Sədaqət Kamal bildirdilər ki, təlimləri öyrənmək vacibdir, amma eyni zamanda, yaxşı ssenari yazmaq istedad, intuisiya, vaxt, şərait tələb edir.
aki.az

