– Sonuncu işiniz olan “ANAMA” tammetrajlı sənədli filminizdə nəzərdə tutduğunuz bütün yaradıcı həlləri reallaşdıra bildinizmi?
– “ANAMA” mənim qürur mənbəyimdir, bu film mənim üçün çox əhəmiyyətli bir iş idi. Taleyinə yazılmış son dərəcə ağır sınaqlardan sonra millətimiz mənəvi və fiziki yaralarını sağaltmağa çalışır. Bu məqamın ən anlaşıqlı ekran dilini tapmaq haqqında çox götür-qoy etdim. Belə bir inkarolunmaz aksioma mövcuddur ki, incəsənətin mərkəzində hər zaman insan dayanır. O, hər gün yuxudan oyanır, yuyunur, səhər yeməyini yeyir və xidməti avtobusla işə yollanır. Onun işi ölümcül təhlükə mənbəyi olan hərbi sursatı tapıb zərərsizləşdirməkdən ibarətdir. Filmimin qəhrəmanlarının fəaliyyəti bax, budur. Bu film üstündə gəzdiyimiz torpağı ölüm təhlükəsindən azad edən insanlardan bəhs edir, o ölüm təhlükəsindən ki, onu başqaları bizim torpaqlarda gizlədib qoyub-gediblər – “ANAMA” filmini belə səciyyələndirərdim. Və hesab edirəm ki, məhz sənədli kino dili bu təşkilatdan danışan əhvalata, torpağı qoruyan insanlar, ölkə və xalq haqqındakı hekayəyə dəqiq ötürülmə xətti verib. Bu mövzunun bədii kino həlli tamamilə başqa cür ola bilərdi. Bir də onu qeyd edim ki, “ANAMA” Azərbaycan dilində çəkdiyim ilk filmdir, bu isə mənim üçün çox vacib məqamdır.
– Bunu davam etdirmək, Azərbaycan dilində növbəti filmlər çəkmək fikriniz varmı?
– Əlbəttə, əgər vətənimdə kinorejissorluq fəaliyyətimə şərait olsa. Hələ ki bu o qədər də alınmır. Və qeyd etməliyəm ki, mən tərəfdən heç bir səbəb yoxdur. Bununla belə üç ildir ki film çəkilişlərindən kənarda qalmışam.
– Və bu fakt Azərbaycan kinosunun hazırkı inkişaf səviyyəsinin göstəricilərindən biri kimi nəzərdən keçirilə bilər…
– Bəli, mən ürək yanğısı ilə bəyan edirəm ki, Azərbaycan kinematoqrafının inkişaf səviyyəsi acınacaqlı vəziyyətdədir. Vaxtilə yüksək inkişaf səviyyəsinə çatmış, peşəkar, özünəməxsus milli kinematoqrafımız deqradasiyaya uğrayıb.
– Bu dərəcədə acınacaqlı vəziyyətin yaranmasına səbəb nədir sizcə? Yəqin ki, məsələ təkcə maliyyədə deyil…
– Pul hər şeyi həll etmir, büdcənin böyük olması heç də vacib şərt deyil. Əsas səbəb, kinematoqrafın inkişafı üçün zəruri olan kompleks proqramın olmamasında, məsələnin məğzini tam dərinliyi ilə anlamamaqdadır. Halbuki milli kino sənəti dövlət quruculuğunun, milli özünüdərkin vacib tərkib hissələrindən biridir . Azərbaycan kinematoqrafiyasının subyektivliyini müəyyənləşdirən orijinal milli kinematoqrafik dil formalaşdırılmalıdır.
– Müsahibələrinizin birində belə bir qeydinizə rast gəldim: “Kinematoqrafsız millət natamamdır”.
– Bəli, bir daha təkrar edə bilərəm. Biz tədricən kino dilində danışmağı bacarmayan millətə çevrilirik, hətta artıq çevrilmişik. Bu isə ölkə üçün çox pis bir göstəricidir. Hələ 50 il əvvəl ən yaxın qonşularımız olan Türkiyə ilə İrandan bu sahədə xeyli irəlidə idik. Bu gün isə çox geriləmişik, halbuki kino istehsalına aid çox gözəl ənənələrimiz və hazırda fəaliyyət göstərməyə münbit şərait tapmayan istedadlı kinematoqrafçılarımız var. Hərdənbir parlaq kinofilmlərimizin sədası gəlir, amma çox az sayda.
Nail olduğumuz müstəqilliyi biz hələ dərk etməliyik və kinematoqrafsız bu mümkün deyil.
– Necə hesab edirsiniz, sovet kinematoqrafını tarixin çevrilmiş səhifəsinin bir hücrəsində qoymaq düzgündür, yoxsa o dövrün kino incəsənətinin ən yaxşı ənənələrini müasir milli kinematoqrafiyamıza tətbiq etmək olar və hətta lazımdır?
– Bizə məxsus olanı niyə hansısa hücrəyə qoyub unutmalıyıq?Bizvahid bir ölkənin bir hissəsi idik, koloniyası, müstəmləkəsi deyil, məhz bir hissəsi və Azərbaycan sovet kinematoqrafı bizim milli kinematoqrafımız idi. Nail olduğumuz müstəqilliyi biz hələ dərk etməliyik və kinematoqrafsız bu mümkün deyil. Kinematoqraf ölkənin simasını, onun milli özünüdərkini müəyyənləşdirən dəyərlərdən biridir. Bu danılmaz həqiqəti anlamadan addım atmaq çox ağır fəsadlara yol açmaqdadır.
– 44 günlük müharibənin layiqli kino inikasını tapmaqdan ötrü illərin keçməsi mütləqdirmi?
– Dəqiq resept tərtib etmək mümkün deyil.Hadisələrdən uzaqlaşıbfərqli bir nəzərlə baxmaq üçün bəli, yəqin ki, bir neçə il ötməlidir və o zaman tamam başqa nəslə mənsub rejissorlar Vətən Müharibəsindən bəhs edən filmlər çəkəcəklər. Amma indi də çox layiqli işlər var: Vaqif Mustafayevin “Hər şey yaxşılığa doğru”, Elxan Cəfərovun “Yarımçıq qalmış xatirələr”, Elçin Musaoğlunun “Nabat” ekran əsərləri.
– Hekayə, yaxud povest qələmə alanda onun kinoversiyasını da təsəvvür edirsiniz, yoxsa bu sırf ədəbi yaradıcılıq olaraq baş verir?
– Kino rejissorluğu ədəbiyyatla sıx bağlıdır, mən bu sənəti məhz belə qavrayıram. Rejissorluğu sadəcə peşə, kino istehsalının bir hissəsi kimi nəzərdən keçirməsək o, özündə daha böyük və daha dərin nəsnələri ehtiva edir. Hər şeydən əvvəl bu öz dünyanı yaratmaq cəhdi, başqa sözlə, müəllif özünüifadəsidir.
– Və nasir kimi qələmə aldıqlarınızın hamısını kinorejissor yanaşması ilə nəzərdən keçirirsiniz?
– Xeyr, hamısını bu cür nəzərdən keçirmirəm. Olur ki, bu və ya digər mövzu mənə yalnız nəsr nümunəsi kimi maraqlı gəlir. Lakin istisna deyil ki, onlar başqa bir rejissorun marağını kinomaterial olaraq cəlb edəcək.
– Sizin kriminal süjetli hekayələriniz sanki eyni şəxsdən bəhs edir…
– Belə deyil. Onlar tamamilə fərqli əhvalatlardır. Yəqin ki, onları eyniləşdirən yalnız müəllif intonasiyasıdır. O hekayələri vahid süjetdə birləşdirib kinoversiyasını yaratmaq istəyirdim, amma artıq bu mənim üçün maraqlı deyil.
– Hansı əsərinizi kinossenari kimi təsəvvür edirsiniz?
– Şəki xanlarının tarixindən danışan “Şəbəkə” povestimi. Mənim qənaətimə görə Şəki xanlarının sarayı, onun quruluşu, naxışlı, bəzəkli tərtibatı Azərbaycan milli özünüdərkinin saflaşmasının özülünü təşkil edir. Povestdə təsvir edilən hadisələrdən əsr yarım sonra biz ilk dəfə dövlət müstəqilliyinə nail olduq. Hazırda bu dövlətçilik ənənəsinin üçüncü mərhələsindəyik.
– Kinorejissor Murad İbrahimbəyov hansı ideyalarla yaşayır?.
– Artıq bir neçə ildir ki ümummilli liderimiz, dünya miqyaslı dövlət xadimi Heydər Əliyev haqqında film çəkmək istəyirəm.Dərin qənaətimə görə dövlət müstəqilliyimizin təşəkkül tapmasında onun möhtəşəm rolundan kino vasitəsilə danışmaq mütləq və vacibdir. Rusiya arxivlərində demək olar ki, bütün materialları nəzərdən keçirib müfəssəl siyahı tutmuşam. Görkəmli adamın həyatını montaj kinematoqrafı, kino sənətinin ilkin estetik funksiyası üsulu ilə danışmaq. Bu, siyasi və dövlət xadimi kimi uzun və mürəkkəb həyat yaşamış şəxsiyyət haqqında film olmalıdır. Filmdə Heydər Əliyevin öz xalqına və vətəninə xidmət etdiyi müxtəlif tarixi epoxalar və reallıqlar öz əksini tapmalıdır. Filmin ideyasını, bu dahi insan haqqındakı filmin quruluşunu özüm üçün artıq müəyyənləşdirmişəm və əminəm ki, bu ideyamı ekranda gerçəkləşdirə biləcəyəm.
Samirə Behbudqızı / «Каспий» qəzeti

