DokuBaku Beynəlxalq Sənədli Film Festivalı, Gənc Film İstehsalçıları Assosiasiyası və Azərbaycan Kinematoqrafçılar İttifaqı və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşan “DokuToor-2” sənədli film nümayişi proqramının üçüncü tədbiri aprelin 23-də Xəzər Universitenin nəzdində fəaliyyət göstərən Dünya Məktəbinin Sumqayıt filialında baş tutub.


“Sənədli kino — uşaq dünyası və ekoloji düşüncənin inkişafı naminə” devizi altında keçirilən nümayişdə 10-12 yaş arası məktəblilər rejissor Nikolay Flotskinin “Heç yerə mühacirət” (Norveç) və rejissor Madalena Botonun “Lissabon: Daxildəki vəhşilik” (Portuqaliya) sənədli filmlərinə baxıblar.
Ağ-qara stildə çəkilmiş “Heç yerə mühacirət” filmi poetik dillə mühacirət, yeni şərtlərə uyğunlaşma mərhələsindən keçən insanın yaşadığı daxili boşluqdan danışır.
“Lissabon: Daxildəki vəhşilik” filmi isə urbanizasiya şərtlərində fauna və floranın öz mövcudluğunu necə qoruduğundan, yaşamaq uğurunda mübarizəsindən və bu mübarizədə insanların rolundan bəhs edir.

Nümayişdən sonra kinotənqidçi, tədbirin moderatoru Aygün Aslanlının iştirakı ilə ənənəvi və əyləncəli müzakirə olub. Uşaqlar təbiətlə münasibətləri, ev heyvanlarına necə qulluq etdikləri, həmçinin hər iki filmdən öyrəndikləri barədə geniş danışıblar.
aki.az

