Azərbaycan Kinematoqrafçılar İttifaqının icraçı katibi, kinorejissor Əli İsa Cabbarov “Mən qadınam” ssenari müsabiqəsi ilə bağlı Tribunainfo.az saytına müsahibə verib.
Kino İttifaq olaraq davamlı müsabiqələr, layihələr həyata keçirirsiniz. “Mən qadınam” ssenari müsabiqəsində ssenaristlərdən gözləntiləriniz nələrdir?
— “Mən qadınam” ssenari müsabiqəsinə ehtiyac ondan yarandı ki, müstəqillik illərində çəkilən filmlərdə baş qadın obrazları tapmaq demək olar ki, mümkünsüzdür. Barmaqla sayılacaq qədər qadın baş rolları var. Bu həm də kino aktrisaları üçün çox böyük zərbədir. Çünki onlar baş xarakterləri yarada bilmirlər. Çünki ssenaristlər əsasən kişi personajlara fokuslanırlar. Bununla yanaşı, əsas olmayan, ikinci dərəcəli qadın personajlarda da səthilik, bəsitlik var. Qadınlar bir qayda olaraq ya həyat yoldaşı olur, ya da evdar xanım olur. Lider, mübariz xanımlar və yaxud da qəliz xarakteristikaya malik, çətin hədəfləri qoyan qadın obrazlara rast gəlinmir. Bu məqsədlə də biz ikinci dəfədir ki, “Mən qadınam” ssenari müsabiqəsini keçirdik. Birinci dəfə keçirilən müsabiqə qısametrajlı filmlər müsabiqəsi idi. 100-dən artıq ssenari müsabiqəyə qatılmışdı. İndi isə tammetrajlı filmlər müsabiqəsi elan etdik və 70-dən artıq ssenari müsabiqəyə qatılıb. Burada tanınmış imzalar, özünü təsdiq etmiş müəlliflər var. Bu da müsabiqənin nüfuzunun get-gedə artmasını göstərir. Bizim bu müsabiqələrdən gözləntilərimiz odur ki, çəkilən filmlərdə qadın personajlar çoxalacaq. Onlar bu xarakterləri dərindən mənimsəyəcək, çətin hədəflər seçən qadın personajlara, lider qadın personajlara rast gələcəyik. Kino aktrisaları üçün bədii material olacaq. Baş qadın personajı olan bir neçə filmin əmələ gəlməsini görəcəyik. Biz buna ümidliyik və məqsədimiz də budur. Bununla yanaşı, istənilən müsabiqə, o cümlədən, “Mən qadınam” ssenari müsabiqəsi ssenaristlərin peşəkarlıq səviyyəsinin artırılması üçündür. Bu, neçə müəllifə stimul olub. Dəfələrlə bizə deyiblər ki, “ideya və sinopsis olaraq var idi. Sizin müsabiqəyə görə biz bunu tam bitirdik”. Bizdə pul mükafatları da var. Bu da da müəlliflər üçün stimuldur.
— Ssenari sahəsində boşluqlar var. Müsabiqədən öncə qısamüddətli ssenari dərsləri oldu. Gələcəkdə ssenari ilə bağlı uzunmüddətli dərslər həyata keçiriləcəkmi?
— Biz ssenari təlimlərini mütəmadi edirik. Bu, bizim uzun müddət rəhbərimiz olmuş ssenarist, kinodramaturq Rüstəm İbrahimbəyovun adı ilə bağlıdır. Həm də Azərbaycan kinosunda əsas boşluq ssenarist kadrlarla bağlıdır. Bildiyiniz kimi bizdə çox güclü ssenaristlər olmaqla yanaşı, deyə bilərik ki, kinodramaturgiya ənənəsi son illərdə yoxa çıxıb. Bu sahədə çox böyük boşluq var. Bir qayda olaraq qələminin məhsulu ilə dolanan kinodramaturqları barmaqla saymaq olar. Onlar ya nəsrdə işləyirlər, ya jurnalistdirlər, ya da rejissorlardır. Məcburiyyət qarşısında qalıb yazırlar. Ənənəmiz zəifdir. Bunu formalaşdırmalıyıq. Həm də Azərbaycan ssenari məktəbi klassik kinodramaturji qəliblər üzərində formalaşmayıb. Sırf janr kinosu üçün yazılan ssenarilər çox azdır. Demək olar ki, müəllif kinosu haqqında səhv anlayışlar ssenari qəliblərindən, ssenari əlifbasından uzaq düşməyə gətirib çıxarıb. Festivallarda uğur qazanmaq məqsədilə yazılan bəzi ssenarilər bir qayda olaraq ssenarinin strukturu ilə bağlı tələblərə cavab vermir. Kommersiya məqsədli komediya filmlərində bir neçə dəfə, yaxud dəfələrlə komik epizodlar olmaqla yanaşı, hamısı birlikdə kamil struktura tabe olmayıb. Ona görə də ssenarist kadrların hazırlanması üçün biz ssenari müsabiqələri ilə yanaşı ssenari təlimlərini də daim edəcəyik. Son dövrlər biz qısa müddətli, 3 aylıq və ilkin bilikləri verən təlimlərə üstünlük verdik. Amma bizim hədəfimiz qısa müddətli ssenari təlimlərində yazılan ssenariləri uzun müddət ərzində, laboratoriyada inkişaf etdirməkdir. Bizim hazırda “36 dramatik vəziyyət” adlı ssenari təlimimiz istehsalatdadır. 3 ay ərzində davam edəcək. Biz orada yazılan ssenariləri AKİ-də daim izləyəcəyik, inkişafını dəstəkləyəcəyik. Kursun dinləyiciləri ilə kommunikasiyanı itirməyəcəyik. Ümumiyyətlə, biz təlimlərlə yanaşı, ssenari emalatxanası formatında düşünürük və bunun uğurlu konseptini tapan kimi biz bu iş üzərində çalışmağa başlayacağıq.
— Müsabiqədə seçim meyarlarınız nələrdir?
— Əsas personajın qadın olmasını üstün tuturuq. Müsabiqədə seçim meyarları birinci olaraq texnikidir. Yəni, biz nəsr əsəri, tritment götürmürük. Biz tamam-kamal, struktura tabe olan, tələbləri yerinə yetirən ssenarilər götürürük. Sırf kino üçün material olmalıdır. Və bunun dəqiq strukturu, süjeti, baş qəhrəmanı, onun maneələri, hədəfləri olmalıdır. Arzu ediləndir ki, xarakterləri də işlənilsin. Yeri gəlmişkən, personajların xarakter səviyyəsinə qaldırılmaması ssenarilərimizin ən böyük problemidir. Ssenarilərdə bir qayda olaraq müəyyən bir funksiyanı yerinə yetirən personaj olur. Amma onun fərdi xüsusiyyətləri olmur ki, o bir xarakterə çevrilsin. “Bizim Cəbiş müəllim”, “Qaynana” filmlərindəki baş qəhrəman kimi xarakterlərə rast gəlinmir. Hamısı müəyyən funksiyaları yerinə yetirir: barışdırıcı, dağıdıcı, təşəbbüskar və s. Amma onların fərdi xarakterləri olmur. Ona görə də biz qalib ssenarilərdə orjinal seçimi, mövzuya orjinal yanaşmanı, müsabiqənin şərtlərinə uyğun olaraq baş personajın qadın olmasını və təbii ki, Azərbaycanın ənənəvi dəyərlərinə, Azərbaycan ailəsinə, mental dəyərlərinə meydan oxuyan bu mesajlı ssenarilərə heç vaxt üstünlük vermirik və dəstəkləmirik. Peşəkarlıq, istedad bizim əsas meyarlarımızdır. Biz yeni adların gəlməsini dəstəkləyirik. Bu bizim üçün çox vacibdir. Buna görə də qalib yerlərin bölünməsində yeni adların gəlməsinə maraqlıyıq. Bundan öncəki müsabiqələrimizdə də belə idi. Ənənəvi olaraq ssenari fəaliyyəti ilə yanaşı debütant müəlliflərə də dəstək oluruq. İstəyirik ki, qaliblər yeni adlar, yeni qəhrəmanlar, yeni mövzular gətirsin.
— Qalib ssenarilərin ekranlaşdırılması planlaşdırılırmı? Yəni bu müsabiqənin qalibi real nəticə görəcəkmi?
— Qalib ssenarilərə film çəkilməsi öhdəliyimiz yoxdur. Ancaq biz müəlliflərə stimul olaraq pul mükafatı veririk. Əsas mükafat 5 min manatdır. O cümlədən, 2-ci və 3-cü yerlərin sahibinə də pul mükafatları veriləcək.
— “Mən qadınam” adı altında təqdim edilən ssenarilərdən necə qadın obrazları gözləyirsiniz?
— Müasir Azərbaycan kinosunda qadın obrazları deyəndə təkcə kinonu götürməsək, televiziya və mediada sanki Azərbaycan qadını bir mətbəxlə və ailə çərçivəsi ilə sərhədlənən bioloji varlıqlardır. Onların ictimai həyatı, siyasi ambisiyaları, biznes layihələri yoxdur. Onlar sanki həyat yoldaşının yeməyini təmin etməkdən və müəyyən bir isterik davranış, qeybət nümayiş etdirməkdən başqa heç nə bacarmırlar. Xüsusilə yerli telekanallardakı komik süjetlər bunun üzərində qurulub. Düşünən, alim, biznes, siyasətçi, böyük müəssisənin rəhbəri, ucqar bir kənddə yaşamasına baxmayaraq mübariz qadın az rast gəlinəndir. Hətta İctimai televiziyanın “Vətəndaş A” adlı uğurlu serialı müasir ssenari əsasında çəkilməyib. O, C.Cabbarlının “Almaz” əsəri əsasında çəkilmişdir. Yəni, müasir müəlliflər uzun illər öncə yazılmış pyesə müraciət etməli olublar ki, müasir və mübariz Azərbaycan qadınının personajını yaratsınlar. Ona görə də televiziyalarda, xüsusilə də komediyalarda Azərbaycan qadınına qarşı dəhşətli bir təcavüz var. Azərbaycan qadınını bayağı yumora gülən, bəsit bir məxluq kimi təsvir edirlər. Ümumiyyətlə, Azərbaycan qadını və ailəsi bu illərdə televiziyalarımız tərəfindən böyük bir təcavüzə məruz qalıb. Boşanmaların, tənha qadınların sayının artması da təsadüfi deyil. Bazar iqtisadiyyatının fəsadları ilə yanaşı buna səbəblərdən biri də mediadır. Qadın ya kişi fərq etməz, insan düşünən, hiss edən, ölüm və olumla üzləşən, məqsədində qazanc olan, mübariz olan, çarpışan çoxçalarlı bir sosial, bioloji, fəlsəfi varlıqdır. Onu birrəngli, bəsit, lağlağı göstərmək olmaz. Komediyada belə, müxtəlif sosial təbəqələrə, intellektual səviyyələrə, zövqlərə malik xanım obrazları qabartmaq lazımdır. Eyni tipli qadın obrazlardan qaçmaq lazımdır. Sanki qadınlara mətbəx istismarı subyekti kimi baxırlar. Komediyada da xanım obrazlar dərin, parlaq və rəngli işlənilə bilər. Qadın obrazlarına qarşı primitivlik, zövqsüzlük və bayağılıq hökm sürür. Ona görə də bu müsabiqələri keçiririk ki, yeni, işıqlı, dərin qadın obrazları ortaya çıxsın.
— Müsabiqəyə qatılan və seçim qarşısında çətinlik çəkdiyiniz ssenarilər varmı?
— Ssenari müsabiqəsində təcrübəli müəlliflər var. Bundan öncəki müsabiqələrin birində biz gördük ki, 1-ci yerə layiq olan ssenari yoxdur. “Arxa cəbhənin insanları” müsabiqəsi idi. Biz 1-ci mükafatı verməməyimizə baxmayaraq 2-ci və 3-cü yerin mükafatlarının sayını çoxaltdıq. Yəni, məqsəd o idi ki, elan etdiyimiz pul mükafatı tamamilə iştirakçılara verilməlidir. Demək olar ki, 3-cü yerə səhv etmirəmsə, 5-ə yaxın müəllif qalib seçildi. Biz həmişə müsabiqənin şərtlərinə riayət edirik. Elan edilmiş mükafatları müəlliflərə veririk. Bundan sonra da bu dəyərlərə sadiq olacağıq. Elə bir çətinlik yoxdur ki, təcrübəli münsif üzvləri onları həll edə bilməsinlər.
— Ədəbiyyat sahəsində keçirilən müsabiqələrdə adətən şəffaflıq mövzusu tənqid olunur. Bu müsabiqədə şəffaflıq barədə nə deyə bilərsiniz?
— Bizim ssenari müsabiqəsi ilə bağlı rəylərdə heç vaxt tənqidi fikirlərə rast gəlməmişəm. Ssenari müsabiqəsinin münsifləri həmişə anonim saxlanılır. Yalnız qalibi elan etdikdən sonra onların adları açıqlanır. Bu ona görədir ki, subyektiv qərarlardan qaçılsın. Bununla yanaşı, qürurla deyə bilərəm ki, bizim müsabiqənin nəticələri həmişə obyektivliyi ilə seçilib. Heç vaxt tənqid olunmayıb. Amma demək lazımdır ki, münsif üzvlərinin hərəsinin öz dəyəri, peşəkarlığı var. Onların da mövzulara, qəhrəmanlara öz sevgisi, nifrəti var. İstər-istəməz heç bir müsabiqənin nəticəsi ideal ola bilməz və olmur da. 100 ssenarinin içindən tam obyektiv ssenari seçməyin öz çətinlikləri var. Ona görə də heç bir müəllif bu cəhətdən qərəz olmayacağına əmin ola bilər. Amma təbii ki, obyektiv olaraq zövq, zaman, aktual məsələlərin önə çıxması və onun nəticəsində də münsiflərin qərar verməyini nəzərə alsınlar. Müsabiqələrdə iştirak təkcə qalibiyyət üçün yox, həm də özün-özünə bir çağırışdır ki, peşəkarlıq səviyyəsini yoxlamaq və növbəti müsabiqələrdə qalib olmaq üçün çalışasan.
Dəniz Pənahova