Aprelin 29-də “Azərbaycan” “CinemaPlus”da Azərbaycan Kinematoqrafçılar İttifaqının, Fransız İnstitutunun və Fransanın Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə “Fransa kinosu günləri”nin üçüncü nümayişi baş tutdu. Tamaşaçılara fransız kinosunun məşhur simalarından biri Lui Malın “Əlvida, uşaqlar” bədii filmi təqdim edildi.
Tədbiri giriş sözü ilə açan kinotənqidçi, moderator Sevda Sultanova bildirdi ki, Lui Mal kinoda debütünü 25 yaşında “Eşafato çevrilmiş lift” filmilə edib: “25 yaşında uğurlu debüt etmək hər rejissora nəsib olmur. Çünki rejissor peşəsi üçün bu, çox gənc yaş hesab olunur. Bu gün isə sizə onun “Əlvida, uşaqlar” filmini təqdim edəcəyik. Hadisələr 1944-cü ildə baş verir və filmin ilk hissəsində müharibə atmosferi hiss edilmir. Rejissor tədricən tamaşaçını müharibənin ovqatı, dəhşətlərilə yükləyir. Müsahibələrindən birində Mal uşaq qəhrəmanları ilə bağlı deyir ki, mən filmlərimdə onların kövrək dünyasının böyüklərin riyakar dünyası ilə toqquşmasını göstərirəm. Nümayişdən sonra həmkarım İlqar Quliyevlə rejissorun yaradıcılığından, Amerikaya niyə getməsindən və bu filmi çəkmə səbəblərindən danışacağıq”.


Nümayişdən sonra filmin müzakirəsi başladı. Moderator bildirdi ki, Lui Malın əksər filmləri gərgin polemikalara səbəb olub: “Kinotənqidçilərdən biri Mala deyir ki, sənin filmlərinə ehtiyatla gedirəm; çünki bilmirəm, yenə nə hoqqa çıxarmısan və filmin yenə qalmqal doğuracaqmı? Malın səs-küylü filmlərindən biri Hindistanla bağlı idi. Onun Hindistanda çəkdiyi filmlər ölkənin siyasi dairələrinin narazılığına səbəb olur. Onlar iddia edirlər ki, rejissor ölkənin daha çox, yoxsul təbəqəsini təsvir edib. Film BBC kanalında göstərildiyindən, 3-4 il BBC-nin Hindistandakı fəaliyyəti qadağan edildi. Malın “Sevgililər” bədii filmi isə çox ölkədə qadağan edildi. Əsas fikir bu idi ki, filmdə pornoqrafik elementlər var. Janna Moronun oynadığı, yüksək təbəqəyə aid olan qadın qəhrəmanın yenicə tanış olduğu kişi ilə intim münasibəti o dövr üçün şok effekti yaratmışdı. Ona görə Amerikada filmin nümayiş olunduğu kinoteatr məhkəməyə verildi. Amerika Ali Məhkəməsi filmin pornoqrafik olmadığı haqda qərar verdi. Məhkəmə bu fikrə aydınlıq gətirdi ki, pornoqrafiya deyiləndə nə nəzərdə tutulur və bu anlayışı sənətdə müəyyənləşdirmək lazımdır. Buna qədər Amerikada məhkəmədə, əxlaqa ziddi bədii ədəbiyyatla bağlı məhkəmə prosesləri olmuşdu. Bu təcrübəyə əsaslanaraq, qərar verildi ki, filmin sosial dəyəri varsa, o pornoqrafik sayıla bilməz. Beləliklə, “Sevgililər” filminin porno hesab olunmaması, açıq səhnələrin olduğu digər filmlərin də yayımına yol açdı. “Əlvida, uşaqlar” bədii filmini isə o vaxt Fransada maliyyələşdirmək istəmirdilər. Onlara görə, müharibə, yəhudi soyqırımı mövzusu elə də aktual deyildi. Bununla belə, Mal filmi çəkir və iş elə gətirir ki, filmin ekranlara çıxmasına az qalmış Fransa Müqavimət Hərəkatının üzvlərinə divan tutmuş nasist zabit Klaus Barbi Boliviyada həbs olunur. Onun məhkəməsi bütün dünyanın diqqət mərkəzində olur və “Əlvida, uşaqlar” belə bir tarixi ərəfədə ekrana çıxır və Venesiyada mükafat qazanır”.


“Əlvida, uşaqlar” filminin məziyyətlərindən danışan kinotənqidçi İlqar Quliyev bu filmə iki dəfə baxdığını dedi: Universitetdə oxuyanda 2008-ci ildə və indi, müzakirəyə hazırlaşanda. Belə bir məşhur fikir var ki, yaxşı film səmimiyyətdən doğur, savaddan yox. “Əlvida, uşaqlar” səmimiyyətin nümunəsidir. Mal özü də yəhudi olub. Bu film, müharibə fonunda saf uşaq dünyasından bəhs edir. Bir atəş olmadan müharibənin faciəsini ustalıqla təsvir edir. Bu film həm də uşaqların böyüməsi haqdadır. Uşaqlar filmdə mənəvi bakirəliyini itirirlər. Bakirəlik təkcə fiziki olmur ki… Burada əsas qəhrəman Jülyendir. O, əvvəldə tamamilə fərqli xarakterdə təqdim edilir. Filmdə bir böyümə prosesi keçir və sonda tamamilə başqa Jülyenlə qarşılaşırıq. Katarsisdən çox, onun gözərində məysuluq, travma görünür, onun həyata baxışı dəyişir. “Lui Malla söhbət” kitabında, bu filmlə bağlı müsahibəsi var. Ona sual verilir ki, niyə filmin ilk saatı səssiz, hadisə olmadan, dinamikasız keçir. Rejissor cavab verir ki, çünki bu, uşaqların dünyasıdır, orada böyüklər yoxdur. Onlar öz dünyasını qurub və ora yalnız kənar müdaxilə olanda bu dünya dağılır. Bir də bu filmdə bir məqam var ki, məncə, Mal nasizmə ironiya edir. Uşaqlar Çaplinin filminə baxırlar. Çaplin yəhudi olub. Nasistlər yəhudilərin daxil olması qadağan edilən məkanda yəhudinin filminə baxıb gülürlər. Rejissor bununla göstərir ki, nasizm beyinlərə təlqin edilən xəstəlikdir. İnternatdan kənarda qətliam baş verir, burada isə öldürdüyünüz xalqın nümayəndəsinin filminə baxıb gülürsünüz. Filmdə pafos yoxdur, sadəcə, həyat öz axarıyla gedir”.
Rejissor Zaur Muxtarov filmə görə təşəkkür elədi:
“Fransız kinosunda bu ənənə var. Uşaqlarla bağlı, avtobioqrafik filmlər çəkiblər. Viqonun “Davranış sıfır”, Trüffonun “400 zərbə” filmi avtobioqrafikdir. Malın da bu filmi həmçinin. Amerikalı kinotənqidçi Rocer Ebert bu film haqda resenziyada yazır ki, bu filmin nümayişindən sonra Mal ağlayırdı. Mal Jülyeni öz prototipi kimi qəbul etmirdi. Əksinə, Bonne obrazında onun özü vardı. “Ürəkdəki səs küy” filmində də avtobioqrafik məqamlar var. Bu qəhrəman da Bone kimi ədəbiyyata, musiqiyə maraq göstərir. Sinif yoldaşlarından Prustu oxuyub-oxumadığını soruşur. ”Əlvida, uşaqlar” filmində də o, daim kitab oxuyur, pianoda Jülyendən daha yaxşı ifa edir, bütün sahələrdə ondan üstün olur. Bu, Jülyendə qısqanclıq yaradır. Qısqanclıq sonradan dostluğa çevrilir. Finalı “400 zərbə”nin finalını xatırladır. Orada da qəhrəman kameraya baxır. Bu filmi daha çox sonluğuna görə sevirəm”.

Moderator bildirdi ki, “Əlvida, uaşqlar”ın çəkilməsi həm də Malın 1974-cü ildə ekranlaşdırdığı “Lakomb Lyüsyen” bədii filmi ilə bağlıdır. Bu, Fransada çəkilmiş ilk film idi ki, İkinci Dünya müharibəsi zamanı Fransadakı kollaborasionizm (düşmənlə könüllü əməkdaşlıq etmək, onun maraqlarına xidmət, dövlətinə zərər vermək) məsələsinə toxunulurdu. Film gənc, sadə kəndlinin nasistlərlə əməkdaşlığından bəhs edir. Mal ssenarini Nobel mükafatçısı Patrik Modiano ilə birgə yazmışdı. Film Fransada gərgin müzakirələrə səbəb oldu. Çünki fransızlar üçün bu məsələyə toxunmaq ağrılı idi. Amma Mal kimisə ittiham etmirdi, sadəcə, insanın düşdüyü mürəkkəb vəziyyəti göstərirdi. Malın bu filmi çəkməsinin səbəblərindən biri, rejissor Melvilin ona danışdığı bir hadisə idi. Melvil müharibə vaxtı qatarla səyahət zamanı gənc fransızla tanış olur. Gənc kommunistlərə qarşı mübarizə aparmaq üçün nasistlərə qoşulacağını deyir. Melvil onu fikrindən daşındırır və həmin gənc Müqavimət Hərəkatına qoşularaq, döyüşlərdə həlak olur”.
Tamaşaçılardan biri çıxışına Conatan Qleyzerin “Maraqlar zonası” filmindən aldığı təəssüratla başladı:
“İlk dəfədir gördüm ki, yəhudi mövzusuna tamaşaçının duyğularını istismar etmədən yanaşılıb. Qətiyyən şiddətli səhnələr görmürük. Bu filmdə də eyni yanaşma var, döyüş, işgəncə səhnələri yoxdur. Burada əsas qəhrəmanlar – uşaqlardır, amma arxa fonda dəhşəti, qaranlığı hiss edirsən və bu səni narahat edir. Ətraf bombardman edilir, hamı zirzəmiyə enir. Amma uşaqlar yenə də əylənir və hər an nəsə baş verə bilər. Bu aspektdən filmi çox bəyəndim. Müəllif dramatikləşdirmir, gözümüzə soxmur, normal həyatı göstərir və yavaş-yavaş adi həyat alt-üst edilir”.


Kinotənqidçi Sədaqət Kamal pianoda ifa epizodunu hekayənin ideyasının izah edilməsi baxımından çox uğurlu hesab etdiyini dedi.
Daha sonra moderator, Lui Malın yaradıcığının ümumi cəhətlərinə toxundu:
“Lui Mal Jak Kusto ilə birlikdə “Səssiz dünya” filmini çəkmişdi. Və Bressonun assistenti olmuşdu. Onun populyar bir fikri var: “Mən düşünmürəm Bresson mənə təsir göstərib, amma arzu edirəm ki, bu belə olsun”.
Onun filmlərində doğrudan da, Bressonun təsirini görmək çətindir. Ümumiyyətlə, filmlərinin konkret üslubu yoxdur, hər filmində novatorluğa meyl edib, bəzi filmləri, məsələn, “Zazi metroda” tamamilə eksperimental filmdir. Əsasən, dünyada o qədər də tanınmayan fransız yazıçılarının əsərlərini ekranlaşdırırdı. Və bir sıra filmlərində musiqi ilə əla işləyirdi. “Eşafota çevrilmiş lift”, “Közərən işıq” filmlərində musiqi hadisənin, obrazın daxili səsi, ovqatı kimi çıxış edir və rejissorun mizanları, aktyor oyunları ilə tam bir ahəngdarıq təşkil edir. Xüsusən, “Eşafota çevrilmiş lift” filmində istifadə edilmiş musiqi, nuar filmlərinin musiqi həllinə əhəmiyyətli təsir etdi”.
İlqar Quliyev bildirdi ki: “Eşafota çevrilmiş lift” filmində musiqinin uğurlu alınması əsasən bəstəkar və musiqiçi Maylz Devisin zəhmətidir. Musiqi bir gecəyə – filmə baxa-baxa improvizasiya edilib və filmin atmosferini tam ötürür. Bu filmdəki musiqi “cool jazz” və “modal jazz” üslublarının qarışığıdır. Bu üslubda melodiyadan çox, filmin atmosferinə və ab-havasına köklənir”.
Qeyd edək ki, 1987-ci ildə ekranlara çıxan “Əlvida, uşaqlar” bədii filminin operatoru Renato Berta, ssenari müəllifi Lui Maldır.
“Fransız kino günlərinin” növbəti, sonuncu “Simasız gözlər” bədii filmi mayın 6-da nümayiş olunacaq.
aki.az